Bildiyimiz kimi, sentyabrın 9-u Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74/275 saylı qətnaməsinə əsasən, Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Baş Assambleyanın Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan etməsi barədə yekdil qərarını alqışlayıb və YUNESKO və UNİCEF-i münaqişədən zərər çəkmiş ölkələrdə yaşayan milyonlarla uşağın acınacaqlı vəziyyəti barədə məlumatlı olmağa çağırıb.
Əlbəttə ki, təhsilin bütün səviyyələrində olan, xüsusilə də həssas qruplara aid bütün şagirdlər üçün inklüziv, ədalətli, keyfiyyətli təhsilin qorunması və təmin edilməsi vacib amillərdəndir. Münaqişə yarandığı bölgələrdə məktəblərin, şagird və müəllimlərin hücumlardan qorunması mütləqdir. Uşaqların təhsil almalarına qarşı yönələn istənilən maneənin, hücuma qarşı sərt mövqe göstərilməli və qarşısı alınmalıdır. Ötən əsrin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bu acınacaqlı tarixi yaşamışıq. Məktəblərimiz ermənilər tərəfindən dağıdılmış, müəllim və şagirdlərə ziyan dəymişdir. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş silahlı təcavüzü zamanı Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurulmuş, mindən çox təhsil müəssisəsi və uşaq bağçasının tamamilə məhv edilmişdir. Azərbaycan ərazisindəki təhsil müəssisələri Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq heç bir fərq qoyulmadan atəşə məruz qalıb.
44 günlük Vətən müharibəsi dövründə də dünyanın gözü qarşısında Azərbaycan bu zərbələrə yenidən məruz qaldı. Vurğulamaq yerinə düşər ki, Ermənistan silahlı qüvvələrinin Tərtər rayonun artilleriya atəşinə tutması nəticəsində 18 məktəb binasına ziyan dəymiş, 2 məktəb binası tamamilə yararsız vəziyyətə düşmüşdü. Sinif otaqları, binalar tamamilə dağıdılmışdı. Erməni işğalçıları tərəfindən Gəncə şəhərinin ballistik raketlə hədəfə alınması nəticəsində doqquz məktəbə ziyan dəymişdir. Bu kimi hallar Azərbaycan təhsilinə hücumdur.
44 günlük müharibə zamanı da Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq məktəbləri qəsdən hədəfə alıb, nəticədə 54 məktəbimiz dağıdılıb, 6-15 yaş arası 10 məktəbli faciəvi şəkildə qətlə yetirilib, 16 məktəbli isə yaralanıb. Münaqişəni geridə qoyaraq, Azərbaycan diqqətini bütün uşaqlarımızın təhsil və potensiallarından təhlükəsiz şəkildə istifadə etmələrinə yönəldib. Hazırda biz azad olunmuş ərazilərimizdə məktəblərimizi yenidən tikirik.
1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirmişdir.
Qeyd edək ki, ötən əsrin 90-cı illərində erməni təcavüzü nəticəsində məktəblərimiz işğala, təcavüzə, dağıntıya məruz qalmışdır. Belə ki, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Xocalı, Xocavənd rayonlarının təhsil müəssisələri də dağıdılıb və viran qoyulub. Vurğulamaq yerinə düşər ki, təkcə Qubadlı rayonunda işğaldan əvvəl 61 ümumi təhsil məktəbi, o cümlədən, 33 tam orta, 16 ümumi orta, 12 ibtidai məktəb fəaliyyət göstərirdi. Rayonda 6000-ə qədər şagirdin təhsili ilə 1317 nəfər pedaqoji işçi məşğul olurdu. Qubadlıda uşaq-gənclər idman məktəbi, Uşaq şahmat məktəbi, həmçinin, Uşaq və yeniyetmələrin yaradıcılıq, Texniki yaradıcılıq və Ekoloji Tərbiyə mərkəzləri, Texniki Peşə məktəbi fəaliyyət göstərirdi. Bütün bunlar erməni təcavüzkarlarının əməlləri nəticəsində viran qoyulmuşdur. Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edərək, həmin ərazilərdə üçrəngli bayrağını dalğalandırdı. 30 illik həsrətə, ağrı və acıya son qoyuldu. Bu gün artıq Azərbaycan öz ərazilərində abadlıq-quruculuq işlərinə başlayıb.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB