"Bunlar Azərbaycanın bir dövlət kimi gücünü göstərir" - DEPUTAT AÇIQLADI

"Bunlar Azərbaycanın bir dövlət kimi gücünü göstərir" - DEPUTAT AÇIQLADI

"Azərbaycan müdafiə sənayesi sahəsinin ən geniş iştirakçılarından biridir. Bununla bağlı müvafiq nazirlik 2005-ci ildə cənab Prezident tərəfindən yaradılıb. Bu sahənin inkişafına dövlət tərəfindən böyük diqqət edilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, qısa bir zaman olmasına baxmayaraq Azərbaycan artıq bu sahədə tanınan və buraxdığı məhsullara diqqət yetirilən ölkələrdən biri sayılır: "Təsadüfi deyil ki, ordumuz və güc sturukturları əsasən Müdafiə Sənayesi Nazirliyinin buraxdığı məhsullarla təchiz edilirlər. Keyfiyyət və dəqiqliyinə görə isə heç də dünya standartlarından geri qalmırlar. Hətta Azərbaycan özü müxtəlif atıcı silahların, döyüş maşınlarının istehsalına başlayıb. Həmçinin, ən yeni texnologiyalardan istifadə edilir".

Deputat sözlərinə belə davam edib: "Azərbaycan həm özü, həm də digər ölkələrin ixtisaslaşmış hərbi sənaye yönümlü şirkətləri ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində dünya bazarına çıxacaq silah-sursat texnika istehsal olunur. Artıq Azərbaycan hərbi sursatlarına çox böyük maraq var. Təsadüfi deyil ki, Azərbaycanda keçirilən müdafiə sənayesi sərgilərində ildən-ilə iştirak edən həm ölkə, həm də şirkətlərin sayı artır. Hətta bəzi ölkələrin müdafiə nazirlərinin sərgiyə gəlməsi məhz Azərbaycanın istehsal etdiyi məhsullara maraqdan irəli gəlir.

Azərbaycanda artıq oturuşmuş, dünya bazarında özünə yer tutmuş müdafiə sənayesi var. Eyni zamanda, bu sahədə elmi tədqiqat işləri aparılır, yeni silahlar təkmilləşdirilir, yeniləri istehsal olunur və s. Bunlar Azərbaycanın bir dövlət kimi gücünü göstərir.

Cənab Prezidentin sərgiyə təbrik məktubu göndərməsi ilə bağlı fikirləri çox vacibdir. Prezidentin sərgini ziyarət etməsi və müxtəlif ölkələrin sərgi ilə tanış olması Azərbaycanın bu istiqamətdə inkişafını göstərir.

Azərbaycan bundan sonra da bu istiqamətdə işləməyə davam edəcək. Məqsədimiz ilk növbədə həm öz müdafiə qabiliyyətimizin güclənməsi, həm də öz ölkəsinin müdafiəsi üçün sınanılmış və etibarlı silahlarla maraqlanan ölkələr üçün məhsulumuzu təqdim etməkdir.

Azərbaycan artıq neft istehsal edən ölkədən çoxprofilli iqtisadiyyata malik olan ölkəyə çevrilməkdədir. Əlbəttə, bu asan deyil və qısa müddətdə olmur. Amma bu istiqamətdə güclü işlər gedir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə