İqtisadi inkişaf yeni siyasi yanaşmalar tələb edir – DEPUTATIN ŞƏRHİ
Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb. Hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb.
Məsələ ilə bağlı Milli Məclisin üzvü Aydın Hüseynova müraciət etdik. Millət vəkili bildirdi ki, yeni qanun, əlbəttə, yeni reallıqlarla, Azərbaycanın inkişaf tempi ilə və ictimai tələblərlə uyğunluq təşkil edəcəksə, onda müzakirələrin aparılmasına gərək var: “Ölkəmiz iqtisadi cəhətdən inkişaf etdiyi kimi, cəmiyətdə münasibətlər də bu prinsiplərə uyğunlaşdırılmalıdır. Bu, əslində zamanın tələbidir və reallığa söykənən addımlardır. Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyalarla yanaşı yeni siyasi təşkilatların da yaranmasına təşəbbüslərin olması bunu deməyə əsas verir ki, cəmiyyətimiz demokratik dəyərləri yetərincə mənimsəyib və Azərbaycanda mövcud demokratik mühit hər gün yeni-yeni yanaşmalarla, münasibətlərlə zənginləşir. Məqsəd cəmiyyətimizin saflaşması, müxtəlif dünyagörüşlü insanların dövlət və dövlətçilik, şəxsi və milli maraqlar məsələsində bölgüləri dəqiqliklə aparmasına yardım etmək, onları istiqamətləndirməkdir. Azərbaycanda 50-dən çox siyasi partiya və hərəkat var. Onlardan bir xeylisi Parlamentdə təmsil olunsa da, digər partiyaların nümayəndələri seçkilərdə kifayət qədər səs toplaya bilmədikləri üçün qanunverici orqana düşə bilməyiblər. Halbuki, bütün partiyalara və onların nümayəndələrinə eyni münasibət göstərilir. Gələcəkdə onların da Milli Məclisdə təmsilçiliyi mümkün görünür. Düşünürəm ki, yeni qanun layihəsinə dair təkliflərin Milli Məclisə təqdim edilməsi və şəffaf müzakirələrin aparılması cəmiyyətin siyasi cəhətdən saflaşmasının, partiyalar arası münasibətlərin normallaşdığının göstəricisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB