Azərbaycan Avropa üçün vacib tərəfdaşdır – DEPUTAT ŞƏRH ETDİ

Azərbaycan Avropa üçün vacib tərəfdaşdır – DEPUTAT ŞƏRH ETDİ

“Ayın əvvəlində İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumu keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarının, İtaliya Nazirlər Şurasının sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak etdi. Önəmli olan budur ki, dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etdi. Bəli Azərbaycan Avropa üçün vacib tərəfdaşdır. Ukraynada hələ də davam edən müharibə səbəbindən Avropanın əsas qaz ixracatçısı Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar bütün diqqəti alternativ variantlara, eyni zamanda Azərbaycana tərəf yönəldib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanla İtaliya arasında siyasi dialoq olduqca fəaldır: “İkitərəfli gündəlikdə təhsil də önəmli yerlərdən birini tutur. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bu da ölkələrimiz arasında elm və təhsilin inkişafı ön plandadır. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu danılmazdır. Bu barədə təkcə İtaliyada yox, o cümlədən Azərbaycanın digər tərəfdaş ölkələrində də danışılır. İtaliya şirkətləri Xəzər dənizində çalışmağa dəvət edilən ilk ölkə olub. Avropa bazarında da Azərbaycanın xüsusi yeri var. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq. Bu barədə Prezident İlham Əliyev də öz çıxışında bildirib. Qeyd edib ki, enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi: “Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, bizim ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Lakin mövcud potensial və qaz infrastrukturuna sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, bizim böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacımız var idi. Biz bunu Cənub Qaz Dəhlizi adlandırdıq. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə