Gubada və gübad kimilərə atüstü cavab - ANALİZ

Gubada və gübad kimilərə atüstü cavab - ANALİZ

Çoxdandı Feysbuk səhifələrində yazışmalardan uzaq qalmışam. Bilmirəm, bəlkə yaşla əlaqədardı, bəlkə bu sosial şəbəkələrdə kim ağzına və ağlına nə gəlirsə onu yazmağından yaranan ikrah hissi ilə bağlıdır, həvəsim tükənib artıq. Amma bu günlərdə təsadüfən bir dostumun mənə atdığı “müraciət” içimi elə tərpətdi ki, yazmaya bilmədim. Həm də təkcə Feysbukda yox, daha geniş oxucu kütləsi olan mediada dərc olunması üçün yazmağa qərar verdim.

Söhbət bədnam Müsavat partiyasının (söhbət tariximizdə mövcud olmuş qüdrətli bir ideologiyanın adını mənimsəyib milli düşüncələri zəhərləmək yolunu tutuan indiki Müsavat Partiyasından gedir – T.N.) dövlət və dövlətçilik anlayışından bixəbər yetkililərindən olan Gubad (Qubad yox a... Məhz Gubad – çünki onun səhifəsində adı belə yazılır – T.N.) İbadoğlunun guya dərdinə yandığı məcburi köçkünlərə özünün çılız ağlına yaraşan müraciətindən gedir. Mən də məcburi köçkünəm və belələrinin müraciəti mənim kimi yüz minlərlə köçkünə vız gələr. Amma “milçək bir şey deyilsə də, ürək bulandırır” məşhur deyimini xatırlayıb ürəkbulandıran bu cılız fikirlərə bir-iki kəlmə “söz atmasam”, bağrım çatlar.

Zavallı guya adamlara təsir etmək üçün qəribə bir girişlə başlayır müraciətinə: Bakıdakı 35 dərəcə isti ilə Kəlbəcərdəki, Laçındakı, Şuşadakı 28 dərəcə istini xatırladır və hakimiyyətin insanları bu gözəl havanı udmalarına, o yerlərdəki bulaqların buz kimi suyundan içmələrinə “mane”(?) olduğunu cızdağı çıxa-çıxa ərz eləyir. Anlaya bilmirəm, kim gedib bu havanı udmaq istədi, ona hakimiyyət mane oldu? Məqsədli şərçilər istisna olmaqla, belə bir faktı hansısa məcburi köçkün söyləyə bilərmi? Mən və yaxınlarım bu ilin yayında Ağdamın Abdal-Gülablı kəndində ata-babalarımızın məzarlarını ziyarət etdik, bu kənddəki soyuq bulaqların suyundan doyunca içdik, meşələrdə doyunca gəzdik. Sadəcə, icazə ilə və polislə, ANAMA əmkdaşlarının müşayiəti və nəzarəti altında. Əgər niyə icazə alınmalıdır və ya niyə polisin, ANAMA-nın nəzarəti ilə sualı verməli olsa, onun da məntiqli cavabı hər kəsə məlumdur, amma burda deyim Gubad da bilsin. Ağdamda, eləcə də digər işğaldan azad olunan ərazilərdə yüz minlərlə mina, digər partlamamış hərbi sursat olduğunu biz də, dünya da bilir. Ən təhlükəlisi də odur ki, bu hərbi sursatların mütləq əksəriyyəti 20-30 il əvvəl basdırılıb torpağa. Həmin minaların üstündə bu gün təkcə ot-ələf deyil, kollar, bəzən hətta ağaclar boy atıb. Metr-metr mina axtarılan ərazilərə adamlar sərbəst gedib-gəlsələr, nə qədər insan ölər, yaralanar, bunun fərqindədirmi bu cılız düşüncəli siyasilər? Sizi əmin edirəm ki, əgər dövlət bu ərazilərə sərbəst gediş-gəlişə icazə versə, orda həyatını itirən və ya şikəst olan hər kəsə görə belə düşüncəli “siyasilər” hakimiyyətdən izahat tələb olunmasını atardılar ortaya.

Sonra 60 manat çörək pulu məsələsinə toxunur və guya bunu dövlətin məcburi köçkünləri “aşağılaması” kimi uğursuz fikir səsləndirir. Bu siyasi korluq girdabına tutulmuşların nümayəndəsi dünyada nə qədər qaçqın və məcburi köçkün olduğunu, hansısa bir ölkədə həmin təbəqədən olan insanlara bu ölkədəki qədər şərait yaradılmadığını bilmirmi? Bilir, sadəcə, belə deməlidir, belə də deyir. Çünki şəxsi və siyasi ambisiyaları qudurub dövlət və dövlətçilik mənafelərini yeyib və bu mənafelər onlar üçün yaddır artıq. “28-30 il gedə bilmədiyiniz torpaqlara azad olunandan sonra nədən yurdunuza gedə bilmədiyinizin son iki ildə fərqinə vardınızmı?” Sualı bu zavallı verir. Bədbəxt bilmir ki, qayıdıb sual verərik ki, əcəba 28-30 il o yurd yerlərinə nədən gedə bilmirdik, nədən Azərbaycanın 20 faiz ərazisi bu gün xarabazara çevrilib, nədən bu insanların ata-babalarının məzarları 28-30 ildə dağıdılıb? Kimin günahı, xəyanəti bais olub bunlara? Məhz Gubadın yetkilisi olduğu Müsavatın lideri İsa və onun kimi hakimiyyət hərislərinin bu xalqa vurduğu misli görünməyən tarixi zərbəni niyə unudurlar bunlar? Unutmurlarsa, niyə heç olmazsa utanıb, ayıblarına sığınıb kirimiş, orurmurlar yerlərində? Onların hakimiyyət hərisliklərinə, bəzi hallarda hətta xəyanətlərinə qurban gedən bu Vətən torpaqlarını məhz bu hakimiyyətin, bu iqtidarın yaratdığı şanlı ordu, yenə məhz bu hakimiyyətin labirintləşmiş dünyada müdrik, ölçülüb-biçilmiş siyasəti azad etdi. Bunu qanmırlarsa, özlərini ağıl həkimlərinə göstərsinlər, qanıb da belə-belə yazılarla özlərini gündəmdə saxlamaq istəyirlərsə, bundan da vaz keçsinllər. Çünki bu millət 28-30 il əvvəlki millət deyil ki, kim gəlişi gözəl, ibarəli danışırsa, onun ardınca getsin. Gubadın məqsədi də budur. Guya bu yolla məcburi köçkünlərə təsir edəcək və onları küçələrə, Gubadın sözləri ilə desək, konkret “Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısına” toplayacaq. Sonra da xaricdən bunlara göndərilən pulların kompensasiyası üçün fotolar, videolar çəkib yollayacaqlar həmin ağalarına. Vəssalam! Ayının yüz oyunu bir armudun başında olduğu kimi, gubadların da bütün oyunları xaricdən aldıqları və alacaqları maliyyənin başındadır. Guya Gubad və onun kimilər qaçqınlara, məcburi köçkünlərə yeni şəraitdən xəbərsizdilər? Təkcə son üç ildə 10 mindən artıq məcburi köçkün ailəsinin müasir, təmirli, içi dolu mənzillərlə təmin edildiklərini bilmirlərmi? Hər həftə yüzlərlə məcburi köçkünün komitə rəhbərliyi tərəfindən qəbul edilməsi və bütün haqlı, qanunauyğun tələblərin həlli, son aylar isə azad olunan torpaqlara qayıtmaları planlaşdırılan məcburi köçkünlərlə məhz komitədə görüşlərin keçirilməsi, onların istək və arzularının öyrənilməsi, bu istək və arzuların Böyük Qayıdış Proqramında nəzərə alınması bu iqtidarın məcburi köçkünlərə və onların problemlərinə həssas münasibətinin bariz nümunəsidirsə, necə deyə bilərsiniz ki, bu iqtidar köçkünləri “aşağılayır”?

Yetər Gubad və gubadlar! Bu millət hakimiyyət ehtirasınıza və xəyanətlərinizə 28-30 il əvvəl göz yumdusa, elə hesab etməyin ki, yağışlar yağıb, çatlaqlar yoxalıb. Sizlərin dabbaqda gönlərinə yaxşı bələd olan bu millətin də heysiyyəti ilə çox oynamayın. Yoxsa bir gün bu millətin sizlərə olan nifrəti kükrəyəcək və həqiqətən küçələrə töküləcək, amma, əmin olun, sizlərin xəyanəti ilə 28-30 il həsrət qaldıqları yurd yerlərini azad edən bu iqtidara qarşı deyil, 28-30 il onları köçkün həyatı yaşamağa məcbur edən, yurd yerlərinin xarabazara çevrilməsinə, ata-babalarının məzarlarının dağıdılmasına səbəb olan sizin kimilərə yerlərini göstərmək üçün! Müzəffər Ali Baş Komandan, indiki iqtidarın və ümumən, Azərbaycan xalqının, 50 milyonluq dünya azərbaycanlılarının iftixar keçirdiyi lideri olan İlham Əliyevin 300 illik məğlubluq sindromundan çıxarıb da dünyada qalib xalq kimi şərəfli ad bəxş etdiyi bu millətin sizin kimilərin sözü ilə liderinə qarşı çıxacaqlarını güman etməyiniz də, ağıl probleminizin olduğuna dəlalət edir. Odur ki, bir daha ağıl həkiminə müraciət etməyinizi məsləhət görərdik! P.S. Yazıda Gubadın “Çünki oralarda (azad olunmuş ərazilər nəzərdə tutulur – T.N.) həyat, iş deyil, korrupsiya çiçəklənir” ifadəsinə fikir bildirmədim. Bizlərə orda görülən nəhəng işlərin həcmi məlumdur və belə məqsədli yazılar gördüklərimizə inanmaqdan bizləri vaz keçirə bilməz. Amma hesab edirəm ki, bu iddia ilə bağlı hüquqi prodsedura ehtiyac var: ya sübut eləsin, ya da böhtanına görə qanun qarşısında cavab versin! P.P.S. Bir də onu əlavə etmək istəyirəm ki, bu zavallılar başlarını başlara qoşmaq üçün dəridən-qabıqdan çıxırlar. Yaxşı olar ki, özlərinə bab adam (Məsələn, Paşinyan kimi) tapıb, onunla siyasi yarışa girməyə can atsınlar. Onlar hara, indiki Azərbaycan iqtidarı hara?!

Təhmasib Novruzov,
yazıçı-publisist.

Bütün xəbərlər Facebook səhifəmizdə