Xalqın, millətin taleyində dahi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu vardır. Məhz həmin şəxsiyyətlər xilaskarlıq missiyasını uğurla həyata keçirmiş, zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək milli maraqları təmin etmiş, müdrik ideyaları millətin strateji inkişaf konsepsiyasına çevrilərək onun dünya miqyasında özünəməxsus yer tutmasına yol açmışdır. Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də dahi lider kimi insanları öz ideya və baxışları ətrafında toplamış, zəngin təcrübəsi sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqın dərin etimadını qazanmışdır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu öndərin Naxçıvanın çətin vaxtlarında buraya qayıtması bu qədim Azərbaycan torpağını təhlükədən sovuşdurdu. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan dövlət müstəqilliyinin bütün Azərbaycan üçün aparıcı ideologiyaya çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb oldu. Bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.
Naxçıvanda ağır və gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi dövrdə - 17 noyabr 1990-cı ildə muxtar respublika Ali Məclisinin I sessiyası keçirildi. Sıravi xalq deputatı Heydər Əliyevin sədrliyi ilə keçən həmin sessiyada ilk növbədə, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu. Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verildi. Xalq deputatı Heydər Əliyev "1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsini işləyib Ali Məclisin sessiyasının müzakirəsinə təqdim etdi. Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan bu qərarda ilk dəfə qanlı yanvar hadisələrinə düzgün siyasi qiymət verilmişdi.
Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü idi. Eyni zamanda Azərbaycanda dövlət müstəqilliyi uğrunda gedən prosesə ciddi təsir göstərdi, xalqı istiqlal mücadiləsinə doğru istiqamətə yönəltdi. Bu, xalqın böyük arzusu və tələbi ilə dünya miqyaslı siyasətçi Heydər Əliyevin böyük siyasətə yenidən qayıdışının həlledici mərhələsi idi. Bu seçimlə ulu öndər ilk növbədə, fəal və peşəkar fəaliyyəti ilə həm muxtar respublikada, həm də bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi. Qarşıda duran əsas vəzifə isə sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş Naxçıvanı işğal təhlükəsindən xilas etmək idi. Ümummilli lider bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi. Heydər Əliyev ağır blokada şəraitinə baxmayaraq, muxtar respublikanın müdafiəsini yüksək səviyyədə təşkil etməyə, onu təcavüzkarlardan qorumağa nail oldu, bircə kənd də düşmən əlinə keçmədi.
Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində muxtar respublikanın hərtərəfli inkişafına xüsusi qayğı göstərmişdir. Bu amil torpaqlarımıza zaman-zaman göz dikən erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin puç olmasında önəmli rol oynamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri MR ərazisindən çıxarıldı. Ulu öndərin ən böyük xidmətlərindən biri Naxçıvanı işğal təhlükəsindən xilas etməsi idi. Ali Məclisin Sədri Heydər Əliyevin Türkiyə və İrana səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı. Heydər Əliyev Naxçıvan MR-nın rəhbəri olduğu dövrdə muxtar respublikada elmin, təhsilin, mədəniyyətin, siyasi maarifçiliyin ictimai faktora çevrilməsi, inkişaf etdirilməsi məsələlərinə əhəmiyyət verilmiş, bu sahələrdə ciddi, yaddaqalan tədbirlər həyata keçirilmişdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilmişdir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Səltənət Möhsünlü
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB