"ABŞ və Fransa Azərbaycan ilə dost olmağa daha çox çalışmalıdır" - DEPUTAT ŞƏRH ETDİ
"Şuşa şəhərində Azərbaycanın keçirdiyi beynəlxalq konfrans yenidən Azərbaycanın diplomatik qələbələrindən biri kimi sayıla bilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, konfransda ölkədə fəaliyyət göstərən diplomatik səfirliklər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdi: "ABŞ və Fransa səfirləri beynəlxalq konfransda iştirak etmədi. Bu iki ölkə BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən ikisidir. Bəzi ekspertlər hər iki ölkənin konfransda iştirak etməməsinin səbəbini erməni diaspor dairələri ilə münasibətləri korlamamaq kimi şərh edir. Amma ilk növbədə həmin ölkələrin öz siyasi nüfuzları var. Azərbaycan rəsmiləri elan etdilər ki, bundan sonra bu tip tədbirlərə ABŞ və Fransanın nümayəndələrini dəvət etməyəcəklər. Hesab edirəm ki, Azərbaycanın bu bəyanatı həmin ölkənin diplomatik dairələri çox ciddi düşündürməlidir. Onların iştirak edib-etməməyi tədbirin nüfuzuna xələl gətirmir, Azərbaycan ilə həmin ölkələrin münasibətlərinin siyasi çəkisini azaltmır. Azərbaycan bundan sonra milli maraqlarına xidmət edən addımlar atacaq, ərazi bütövlüyünü, suverenliyini göstərən tədbirlər keçirəcək. Burada iştirak etmək istəyənlər kifayət qədər çox olacaq. ABŞ və Fransa Azərbaycan ilə münasibətlərinin əhəmiyyətini azaltmamaq barədə düşünməlidir. ABŞ və Fransa Azərbaycan ilə dost olmağa daha çox çalışmalıdır".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB