"Vaxtilə lal olanlardan bu gün danışmaqlarını gözləmək onsuz da absurddur" - POLİTOLOQ İZAH ETDİ
"Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapması üçün yaradılan ATƏT-in Minsk qrupu 30 ilə yaxın müddətdə turistik səfərlərlə yadda qalmaqla, sülhün əldə olunması prosesinə heç bir töhfə verməmişdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Onun sözlərinə görə, dövlətimiz BMT Nizamnaməsində suverenliyi təminetmə maddəsini öz hərbi gücünə arxalanaraq təmin etdiyi üçün Minsk qrupu gündəmdən tamamilə düşmüşdür: "Bu gün həmsədrlərin Minsk formatını yenidən diriltməyə cəhd etməsi fiaskoya uğrayıb. Çünki hər nə qədər həmsədr dövlətlər, xüsusən, ABŞ və Fransa qəbul etməsə belə, Qarabağ münaqişəsi mövcud deyil və status anlayışı tarixin zibilliyinə qovuşub. Ölkələrində erməni diasporunun fəal mövqeyi, eləcə də Vaşinqton və Parisin Rusiyaya qarşı soyuq müharibədə İrəvandan rıçaq vasitəsi kimi istifadə etməsi tərəflərin müvafiq məsələdə Ermənistanın yanında yer almasına rəvac verir. Üstəlik, münaqişənin həll olması nəticəsində bölgədə güclənən Türkiyə və perspektiv olaraq, türk dünyasının birləşməsi faktoru var ki, tarixi türk düşmənçiliyi olan dövlətlər bu amili əlbəttə ki, özlərinə qarşı təhdid olaraq qəbul edirlər. Adı çəkilən dövlətlərin ikili standartlara söykənən ədalətsiz mövqeyi bu günün hadisəsi deyil. Qarabağda maddi irsimiz məhv edilərkən, bir milyondan çox insanımız qaçqın həyatı yaşayarkən, ekoloji terror daxil olmaqla beynəlxalq hüququn bir çox prinsipləri düşmən tərəfindən çeynənərkən demokratiya dərsi verənlər susqunluq nümayiş etdirdi. Münaqişənin həllində olduğu kimi, post-münaqişə dövründə də dövlətimiz bütün missiyanı öz çiyinlərinə alaraq icra edəcək. Vaxtilə lal olanlardan bu gün danışmaqlarını gözləmək onsuz da absurddur".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB