Azərbaycan ərazilərinin qorunmasında DSX-nın müstəsna xidmətləri var” - HƏRBİ EKSPERT AÇIQLADI

“Müstəqil Azərbaycanın suveren ərazilərinin və sərhədlərin qorunmasında Dövlət Sərhəd Xidmətinin müstəsna xidmətləri var”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, bu gün 103-cü ildönümünü qeyd etdiyimiz Dövlət Sərhəd Xidməti 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq Araz boyu istiqamətində həm Xudafərin körpüsünün azad edilməsi, həm də Zəngilanın Ağbənd qəsəbəsinin düşmən işğalından azad edilməsində kifayət qədər yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirdi: “Bundan başqa Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın işğaldan azad olunmasında mühüm xidmətləri olub. İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycan-İran sərhədinin 105 kilometrlik ərazisi sərhədçilərimiz tərəfindən azad edilməsi və Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrinin nəzarətə götürülməsi də məhz DSX-nın fəaliyyətinə aiddir. Bundan başqa DSX həmçinin müharibə zamanı zərbə və kəşfiyyat pilotsuz uçuş aparatlarının düşmən üzərində tətbiqinə dair kifayət qədər analoqu olmayan nailiyyətlərə imza atıb.

Qeyd edim ki, DSX keçmiş SSR ərazisində ən üstün və müasir silah sistemlərinə malik olmaqla bərabər, həmçinin düşmən üçün gözlənilməz olan yeni silahlı mübarizə metodlarının tətbiqi ilə yadda qalıb. Öz növbəmdə DSX-nın yaranmasının 103-cü ildönümü münasibətilə DSX-nın şəxsi heyəti təbrik edir və onlara şərəfli peşələrinin yerinə yetirilməsində uğurlar arzu edirəm”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə