Regionların sosial-iqtisadi inkişafı yeni iş yerlərinə artan tələbatın qarşılanmasında mühüm rol oynayacaq ŞƏRH
Cari ilin 12 avqust tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağsu və İsmayıllı rayonlarına səfəri zamanı bir sıra tədbirlərdə, o cümlədən sosial, mədəni və iqtisadi obyektlərin açılışında iştirak edib, bərpa-tikinti işləri ilə yerində tanış olub. Dövlət başçısı İlham Əliyev səfərin sonunda İsmayıllı rayonunun Basqal qəsəbəsində geniş müsahibə verib. Müsahibə zamanı, ölkə başçısı Ağsu və İsmayıllı rayonlarında aparılan konkret işlərdən bəhs etmiş, eyni zamanda ölkə miqyaslı məsələlər barədə fikir və rəylərini bildirmişdir. Həmçinin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, mövcud vəziyyət və gələcək perspektivlər barədə danışmışdır. Prezident xüsusilə son günlərdə Laçın rayonu istiqamətində erməni silahlı birləşmələrinin təxribatları və onlara cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi “Qisas” əməliyyatına dair bəyanatlar vermişdir.
Bütün bölgələrimizdə geniş vüsətlə aparılan quruculuq-abadlıq işləri, sosial-iqtisadi və mədəni layihələr Ağsu və İsmayıllı rayonlarında da fəal surətdə icra olunur. Prezident İlham Əliyevin bölgələrimizə müntəzəm səfərləri həmin aparılan işlərin birbaşa onun nəzarətində və diqqət mərkəzində olmasından xəbər verir. Ölkə başçısı bildirdi ki, qazlaşdırma və elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı Ağsu və İsmayıllı rayonlarında çox böyük layihələr icra edilmişdir. Bundan əlavə, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Ağsu və İsmayıllıda son dövrdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Kənd yolları bərpa edilir və yeniləri inşa edilir. Belə ki, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş və yaxud da əsaslı şəkildə təmir olunmuşdur.
Rayonlarda əhalinin işlə təminatı üçün yeni iş yerləri yaradılır. Belə ki, əhalinin təbii artımı yeni iş yerlərinin açılmasına olan ehtiyacı daim artırır. Məhz buna görə də bu vacib məsələ daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir və bu istiqamətdə davamlı və sistemli işlər aparılır, yeni-yeni iqtisadi obyektlər yaradılır. Buna misal olaraq, Ağsu rayonunda böyük aqroparkın fəaliyyətini qeyd etmək olar. Orada 200-ə yaxın iş yeri açılıb. Azərbaycanda özəl sektor və sərbəst iqtisadi fəaliyyət üçün yaradılmış şərait yeni iş yerlərinin açılmasına kömək edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir. Həmçinin, regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramların uğurlu icrası, sahibkarlara güzəştli kreditlərin verilməsi, özünüməşğulluq layihələrinin həyata keçirilməsi yeni iş yerlərinə artan tələbatın qarşılanmasında mühüm rol oynayır.
Fərid Mustafayev
YAP Yasamal rayonu AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə