““Qisas” əməliyyatı göstərdi ki, heç bir qüvvə Azərbaycan ordusunun qarşısında dayana bilməz” AÇIQLAMA

“10 noyabr bəyannaməsinin 6-cı bəndinin tələbinə uyğun olaraq Azərbaycan qısa bir müddət ərzində Laçın dəhlizinə alternativ olan yeni yolun inşasını başa çatdırıb və qısa müddət ərzində Laçın şəhəri də daxil olmaqla bir necə kəndləri rus sülhməramlı qüvvələrin nəzarətindən və eyni zamanda, erməniləri oradan köçürülməklə Azərbaycanın tam nəzarətinə veriləcək”. Bunu politoloq Anar Əliyev “Səs” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağdakı ermənilərin Ermənistanla əlaqəsi yeni marşrut xətti ilə təmin ediləcək: “Buna uyğun olaraq, artıq Laçın və Zabux yaşayış məskənlərindən işğal dövründə qeyri-qanuni şəkildə məskunlaşdırılmış ermənilərin köçürülməsi prosesinə başlanılıb. Təəssüflə qeyd etməliyik ki, bəzi şəxslər xüsusilə də Livan və Suriyadan qanunsuz şəkildə köçürülmüş ermənilər ərazini boşaldıb Azərbaycan qüvvələrinin nəzarətinə vermək əvəzinə silahlı mübarizə aparacaqları ilə bağlı absurd sərsəm bəyanatlar səsləndirməkdədirlər. Bir daha təəssüf edirəm ki, Ermənistanda da müəyyən dairələr həmin insanları alət etməklə Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsi və Cənubi Qafqazda böyük sülhün əldə olunması prosesinə maneçilik törətməyə çalışırlar. Ermənistanda revanşist qüvvələr Azərbaycanla səngərdə açıq meydanda qabaq-qabağa gələ bilməyəcəklərini dərk etdiklərindən belə zavallı şəxslərin aldadılaraq Azərbaycanın Qarabağ bölgəsinə gətirilmiş zavalı şəxslərin hissləri üzərində mübarizə qurmağa çalışır və bununla da əslində həmin şəxslərin növbəti dəfə Azərbaycan ordusunun legitim hərbi hədəfinə çevrilmiş olurlar”.

A.Əliyev onu da bildirdi ki, Azərbaycan dövlətinin avqust ayının əvvəllərində həyata keçirdiyi “Qisas” antiterror əməliyyatı bir daha göstərdi ki, heç bir qüvvə Azərbaycan dövlətinin, ordusunun qarşısında dayana bilməz: “Azərbaycanın dövlət suverenliyinin təmin edilməsi və ərazilərimizdə separatçı terrorist qüvvələrin məhv edilib sıradan çıxardılması iradəsinə heç bir qüvvə təsir edə biləcək gücdə deyil. Azərbaycan dövləti bu günə qədər sərgilədiyi humanist davranışla yalnız qarşı tərəfdən proseslərin mahiyyətini düzgün dərk edəcəklərinə inandığı üçün bu addımları atır. Əks halda Azərbaycan dövləti hər hansı bir vətəndaşına, hər hansı dövlət qurumuna, strukturuna və ya atributuna təhdid hiss edəcəksə, antiterror əməliyyatları davam edə bilər. Qısa müddət ərzində həmin revanşist düşüncəli insanlar və Azərbaycan qanunlarına tabe olmaq istəməyən terroristlər məhv edilərək bundan əvvəlki Azərbaycan qanunlarına qarşı çıxmaq istəyən separatçı terrorist şəxslərin taleyini yaşayacaqlar. Hesab edirəm ki, Qarabağdakı erməni silahlı qüvvələri və terrorist qüvvələr Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin iradəsini, Onun Azərbaycan mövqeyi baxımından sarsılmaz yanaşmasını düzgün dərk edəcəklər və heç bir təxribat törətmədən qısa müddət ərzində Laçın, Zabux və digər yaşayış məskənləri Azərbaycan dövlətinin müvafiq strukturlarının nəzarəti altına keçəcəkdir. Əks hal yalnız revanşist düşüncəli insanların, terroristlərin, separatçıların və Ermənistan dövlətinin ziyanına ola biləcək proseslərlə yekunlaşacaqdır. Bu addımı atmağa Azərbaycan dövlətinin gücü və qüdrəti eyni zamanda, siyasi iradəsi yetərlidir. Bunu dəfələrlə biz döyüş meydanında sübut etmişik və bundan sonra da Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması istiqamətində Azərbaycan dövləti qanunlarımıza uyğun olaraq zəruri addımların atılmasına hər zaman hazırdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...