"Prioritetlərdən biri regionların sosial-iqtisadi inkişafının gücləndirilməsidir" - SİYASİ EKSPERT AÇIQLADI

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin prioritetlərindən biri də regionlarımızın sosial-iqtisadi inkişafının gücləndirilməsidir. Bu istiqamətdə son illər genişmiqyaslı işlər görülüb”. Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə dövlət proqramı qəbul olunub və bu proqramlara uyğun olaraq Azərbaycanın bölgələrində abadlıq, quruculuq, təmir-tikinti, bərpa işləri həyata keçirilir: “Ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın İsmayıllıya, Ağsuya səfərləri bunun bariz göstəricisidir. Azərbaycan Prezidentinin səfər zamanı bir neçə açılışda iştirak etməsi, qədim tarixi ənənələrimizi özündə yaşadan memarlıq abidələrinin bərpası bir daha onu göstərir ki, ölkə rəhbərliyi bölgələrdə yaşayan vətəndaşlarımızın həyat şəraitinin təmin edilməsi, insanların rahat istirahətinin və yaşayışının təmin edilməsi istiqamətində bir çox işlər həyata keçirir. Bu, bir daha onu göstərir ki, ölkə rəhbərliyi qədim tarixi abidələrimizin qorunmasına xüsusi önəm verir. Eyni zamanda, xarici turistlər bölgələrimizə səfər zamanı göz oxşayan abidlərimizin dövlət tərəfindən necə qorunduğunu, önəm verildiyini müşahidə edirlər. Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, bu gün Azərbaycan dövləti həm də işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa işləri həyata keçirir. Ölkəmiz böyük tikinti mərkəzinə çevrilib. Həm Bakı şəhərində əhalinin rahat yaşayışı üçün yeni parklar, yeni istirahət mərkəzləri yaradılır, həm də tarixi torpaqlarımız olan Qarabağda, Zəngəzurda quruculuq işləri davam etdirilir. Bu gün bölgədə, regionda baş verən proseslərin hamımız şahidiyik. Bütün bunların fonunda Azərbaycan dövləti fərqlənir və bununla hər bir Azərbaycan vətəndaşı qürur duyur. Bu gün ölkəmizdə sabitlikdir, iqtisadi inkişaf davam edir və Azərbaycan bütün bu imkanlarını ölkənin müasirləşməsinə, vətəndaşlarının rahat şəkildə yaşamasına yönəldir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə