PREZİDENT İLHAM ƏLİYEV: “Bizim Ermənistana sülh təklifimiz qalib ölkənin təklifidir, müzəffər xalqın təklifidir” TƏHLİL

“Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil”. Bu fikirləri Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında bildirib. Dövlətimizin başçısı onu da vurğulayıb ki, Ermənistanın bu hərəkəti, çox böyük bir səhv olacaq: «Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir". "Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar"”, - deyə Prezident İlham Əliyev vurğulayıb. Bəli, dövlət başçımızın dediyi kimi, bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli-praktiki addımlar atır. Və 2020-ci il 10 noyabr üçtərəfli bəyanatla Azərbaycan Prezidenti İlham Əliyev yenə də diktə edən tərəfdir. Azərbaycan Prezidenti haqlı olaraq dəfələrlə bəyan edir ki, mövcud durumda situasiyanı Azərbaycan müəyyənləşdirir. İndi şərtləri cənab İlham Əliyev diktə edir: Paşinyan rejiminə güzəşt yoxdur. İllərdir sülh istəyən, humanist siyasət aparan Azərbaycanla artıq kimsə diktə dili ilə danışa bilməz. Çünki Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu dünyaya bəyan edib. Ermənistan isə status-kvonun saxlanması üçün müxtəlif bəhanələr gətirib danışıqlar masasına oturmurdu. İndi Paşinyan danışıq aparmaq üçün açıq-aşkar yalvarır. Ancaq Azərbaycan Prezidenti onunla nəinki bir masada oturmaq, heç danışıq aparmaq belə istəmir. Çünki danışıqlara Paşinyanın “Qarabağ Ermənistanındır” sərsəm fikrindən sonra xitam verilib.

Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu günə kimi bu razılığı kobud şəkildə pozmaqla erməni hiyləsini, riyakarlığını, normal dövlət ola bilməməsini bir daha dünyaya nümayiş etdirir, Azərbaycan dövləti isə haqq yolunda, Vətən yolunda mübarizə aparır. Və Paşinyan başa düşməlidir ki, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycan multikultural dəyərlərə, tolerantlığa və hər bir xalqın milli-mədəni irsinə hörmət prinsiplərinə sadiqdir. Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşadan regiona və dünyaya etdiyi çağırışları bir daha onu sübut edir ki, Azərbaycan Prezidenti rəhbəri olduğu ölkə bölgənin təhlükəsizliyi, sabitliyi və inkişafı üçün sülhə hazır olmaqla bərabər, həm də sülhün təminatçısı kimi çıxış etmək iqtidarındadır. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi bunun təsdiqidir.Və Ermənistanın vaxtaşırı olaraq Azərbaycanın daxili işlərinə qarışacaq bəyanatlar verməsi davam edərsə, o zaman Azərbaycan Ermənistanın növbəti təxribatına həmişə olduğu kimi layiqli cavabını verəcək. Bu gün sivil dünya da görür və əmindir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti və xalqı regionda sülhün əldə olunması üçün çalışır. Prezident İlham Əliyev müsahibələrində də demişdir ki, biz sülh istəyirik, yetərincə müharibə oldu: «Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik. Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər. Beynəlxalq oyunçular da bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağıq və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik”. Və bu gün də Azərbaycanın haqlı tələbi: belə davam etsə...Yəni ermənilər sülh, sabitlik, əmin-amanlıq və inkişaf istəyirlərsə, onda Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Əks-təqdirdə onlar üçün sülh də olmayacaq, sabitlik də, əmin-amanlıq da. Üstəlik, iqtisadi böhrandan heç zaman xilas ola bilməyəcəklər. Biz həm Birinci, həm də İkinci Qarabağ müharibələrində şəhid olmuş, itkin düşmüş, ömürlük əlilə çevrilmiş soydaşlarımızın qanının yerdə qalmaması üçün bütöv və qüdrətli Azərbaycan dövləti yaratmalıyıq və yaradırıq. Əgər kimsə bu prosesə mane olmaq istəsə, onda başı üstündə “dəmir yumruğu” görəcək. Bu baxımdan, ermənilərin revanşist fikirləri, sadəcə, xəyal olaraq qalacaq. Ermənistan təkcə döyüş meydanında deyil, bütün istiqamətlərdə məğlub oldu. Ermənistanın yeganə çıxış yolu Azərbaycanın sülh çağırışlarına müsbət cavab verməkdir. Əks halda, Ermənistanın mövcudluğu sual altında qalacaq.

ERMƏNİSTAN HƏLƏ DƏ MƏCBURƏN ÖZ ÜZƏRİNƏ GÖTÜRDÜYÜ ÖHDƏLİKLƏRİNİ YERİNƏ YETİRMİR

Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədəki çıxışında qeyd etmişdir ki, cari ilin altı ayı ərzində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr əldə olunmayıb. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Cənab Prezidentin müşavirədə Azərbaycan- Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı söylədiyi fikirlər qarşı tərəfə önəmli mesajlardır. Ermənistan tərəfi başa düşməlidir ki, revanşist açıqlamaların, bəyanatlarn, sülh prosesindən yayınmağa cəhd göstərilməsinin onlara heç bir faydası yoxdur. Bununla cənab Prezident tərəfindən Ermənistana növbəti xəbərdarlıq etdi. Dövlətimizin başçısı budəfəki çıxışında da Ermənistan rəhbərliyini və oradakı revanşist qüvvələri kənardan yönəldənləri mesajsız buraxmadı. Bunlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan hələ də çıxarılmaması ilə bağlıdır. Prezidentimiz Ermənistanın siyasi-hərbi rəhbərliyini növbəti dəfə xəbərdar etdi: “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”. Prezident İlham Əliyev bu məsələ ilə bağlı şimal qonşumuza da mesaj göndərdi: “Rusiya sülhməramlıları- Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb-necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir”. Prezidentin həssas diplomatik üslubda ifadə etdiyi bu mesajı, xüsusilə, tərəfsizliyi ilə seçilməli olan vasitəçiyə məhz davranışına görə tərəf deyilməsi, sözsüz ki, diqqət çəkir və eyni zamanda, vasitəçi ölkəni öhdəliyinə daha diqqətli yanaşmağa dəvət edir. Prezident İlham Əliyevin ikinci xəbərdarlığı isə Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan rəhbərliyinin ənənəvi olaraq tutduğu qeyri-konstruktiv mövqeyi ilə bağlı oldu: “Ona görə biz haqqımızı tələb edirik. Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də 1 il 8 ay keçib və bunu hər kəs nəzərə almalıdır”. Dövlətimizin başçısı Ermənistanın Minsk qrupu ilə bağlı xam xəyallarına və erməniləri bu sevda ilə yaşadanlara da növbəti dəfə cavab verdi: “Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir-öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir”.Heç şübhəsiz ki, Prezident İlham Əliyevin Avropa İttifaqı ilə bağlı verdiyi bu mesaj da bölgəmizə aşırı maraq göstərən dövlətlərin diqqətindən yayınmadı: “Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd-enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır”. Prezidentin bu məlumatından cəmi üç gün sonra, iyulun 18-də “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı xüsusi rolunu təcəssüm etdirən bu mühüm sənədin imzalanmasından dərhal sonra Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatında bu fikri xüsusi vurğuladı: “Prezident İlham Əliyev, ümumiyyətlə, Avropa İttifaqı Sizin regionla sıx bağlıdır. Biz tərəfdaşlığımıza dəyər veririk və bu tərəfdaşlıq zaman keçdikcə ardıcıl şəkildə daha da inkişaf edəcək və dərinləşəcək. Bir daha bizi burada qəbul etdiyinizə və birgə Anlaşma Memorandumunun imzalanmasına görə təşəkkür edirəm”. O da danılmaz həqiqətdir ki, Azərbaycan Prezidentinin beynəlxalq arenada ortaya qoyduğu qətiyyətli siyasi iradə ölkəmizin etibarlı tərəfdaş imicinin formalaşmasına xidmət göstərdiyi kimi ölkədaxili uğurlara da zəmin yaradır və Azərbaycan ətrafında təhlükəsizlik zolağının güclənməsinə töhfə verir. Prezident İlham Əliyev məhz bütün bu amillərə görə, cari ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə bu fikri xüsusi qeyd etdi: “Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır - ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada. Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik”. Bəli, Prezident İlham Əliyev ölkənin rəhbəri kimi 19 illik fəaliyyəti ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləməklə, həm də Azərbaycanın haqqın, ərazi bütövlüyü uğrunda apardığı İkinci Vətən Müharibəsində Azərbaycan xalqının 30 illik həsrətinə 44 gün ərzində son qoymaqla bütün dünyaya sübut etdi ki, «Dağlıq Qarabağ problemi yoxdur!» deməklə Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır! Çünki bu Qələbə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə güclü iqtisadiyyat, güclü dövlət, güclü ordu, rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə nail oldu, Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, tarixi ədaləti bərpa etdi. Və bu gün ordusu olmayan Ermənistan Azərbaycan üçün təhlükə mənbəyi ola bilməz, olduğu halda onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır: "Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər. Heç kim bizi dayandıra bilmədi". Və bu gün Azərbaycanın Ermənistana sülh təklifi, dövlət başçımızın dediyi kimi: “Bizim Ermənistana sülh təklifimiz qalib ölkənin təklifidir, müzəffər xalqın təklifidir”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə