Təhsildə qazanılan uğurlar ANALİZ

Təhsildə qazanılan uğurlar ANALİZ

2021-2022-ci tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran XI sinif məzunlarından 136 nəfər qızıl medalla təltif olunub

Azərbaycanın hərtərəfli inkişafı təhsil infrastrukturunun əsaslı şəkildə yenilənməsinə və Azərbaycan təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına, şəffaflığın və obyektivliyin təmin olunmasına zəmin yaradıb. Hazırda təhsil bütün pillə və səviyyələr üzrə yenilənir. Təhsil ocaqlarının yenidən qurulması, təmiri və inşası istiqamətində davamlı olaraq işlər görülür. Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər öz nəticəsini verib. Bu gün təhsilin keyfiyyəti inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəldilib. Təbii ki, təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, dövlət proqramları, islahatlar bu sahəyə dövlətin böyük önəm verdiyini göstərir. Təbii sərvətlərlə zəngin olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının yaradılması və daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Buna görə də neft gəlirləri Azərbaycanda həm də təhsilin inkişafına yönəldilib.

Şübhəsiz ki, bütün bunlar təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib. Hər il məzunların qızıl medala layiq görülməsi təbii ki, təhsilin keyfiyyətindən, bu sahəyə ayrılan diqqət və qayğıdan qaynaqlanır. "Təhsil haqqında" qanun qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması qaydaları təsdiqləndi. Beləliklə, 2011-ci ildən etibarən, məzunlara qızıl və gümüş medalların verilməsinə başlanıldı. 2011-2012-ci tədris ilində 53 şagird qızıl və gümüş medala layiq görüldü. Rekord göstərici isə 2012-2013-cü tədris ilində oldu. Həmin dərs ilində orta məktəbin 11-ci sinfini 248 nəfər qızıl və gümüş medalla bitirdi. Məzunların 238-i qızıl medala, 10-u isə gümüş medala layiq görüldü. 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edildi. 2015-2016-cı tədris ilində 129 nəfər XI sinif məzunu qızıl medalla, 29 nəfər gümüş medalla təltif olundu. 2016-2017-ci ildə XI siniflərin 154 nəfər məzunu qızıl medalla, 31 nəfər məzunu isə gümüş medalla təltif edildi. 2017-2018-ci dərs ilində məzunların 185-i qızıl, 38-i isə gümüş medala layiq görüldü. 2018-2019-cu dərs ilində təhsil müəssisələrini bitirən məzunlardan 112-si qızıl, 67-si isə gümüş medalla təltif olunub. 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunların 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub. 2020-2021-ci tədris ili üzrə isə 125 məzun qızıl medalla, 67 nəfər isə gümüş nişanla təltif olunub. Qeyd edək ki, qızıl və gümüş medala namizədlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"na əsasən müəyyənləşdirilib. Ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran XI sinif məzunlarından 136 nəfər qızıl, 79 nəfər isə gümüş nişanla təltif olunub. Bütün bunlar Azərbaycan təhsilinin uğurlarıdır. Müasir standartlara cavab verən təhsil müəssisələrində yaradılmış şərait bu gün məktəblilərin beynəlxalq olimpiyadalarda iştirakına, müxtəlif layihələrdə qalib kimi adının hallanmasına səbəb olub. Ardıcıl olaraq təhsil sahəsində köklü islahatların aparılması məktəblilərin burada şəxsiyyət kimi formalaşmasına təsirini göstərməkdədir. Müasir dövrümüzdə bu islahatların ən mühüm mərhələsi yaşanılır. Təhsilin məzmunu və keyfiyyəti və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri gedir. Ümumiyyətlə, Azərbaycan təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün atılan addımlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin "qara qızıl"ın insan kapitalına çevrilməsi çağırışı uğurla reallaşmaqdadır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə