Xalqın ümumi istəyinə xidmət edən idarəetmədə islahatlar ŞƏRH

Hər bir ölkənin inkişafında idarəçilik sistemində təkmilləşmə əhəmiyyətli rol oynayır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycanın bu sahədə təcrübəsi nümunə göstərilir. Daim yeniliyə, təkmilləşməyə meyilli olan və bunu atdığı addımları ilə təsdiqləyən ölkəmizin zamanın tələbi ilə idarəetmədə apardığı islahatlar davamlılığı ilə diqqət çəkir. Reallıq budur ki, ölkə iqtisadiyyatının inkişafında, sosial islahatların həyata keçirilməsində kadr islahatlarının rolu böyükdür. Bu baxımdan respublikada dövlət idarəçiliyi sistemi xalqın və dövlətin maraqları, milli mənafelər nəzərə alınmaqla təkmilləşdirilir, hədəflərə, müasir dövrün çağırışlarına uyğun addımlar atılır. Son dövrlərdə ölkənin dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara xüsusi etimad göstərilməsi təqdirəlayiq hal, gələcəyimizə təminatdır. Ölkəmizdə gənclər siyasətinin əsas prinsiplərindən olan yeni nəslin nümayəndələrinin dövlət idarəçiliyində irəli çəkilməsi ənənəsi hazırda daha intensiv, bütün sahələr üzrə davam etdirilir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb. Təcrübə göstərir ki, yeni nəslə etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından da vacibdir. Gənclərin rəhbər vəzifələrə, idarəetmə strukturlarında irəli çəkilməsi köhnə stereotiplərdən uzaqlaşmaq, zamanın tələblərinə yeni yanaşma baxımından da əhəmiyyətlidir. Bu cür inkişaf isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Bu, bir reallıqdır ki, texnologiyalar əsri adlandırılan, elmin tərəqqi etdiyi müasir dövrümüzdə gənclər insanları möcüzələri ilə heyrətləndirən yeni texnologiyaları daha çox və tez mənimsəyirlər. Bu baxımdan yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verir. Buna görə də son illərdə aparılan kadr islahatlarının tərkib hissəsi olan gənclərin idarəetmə strukturunda, hökumət işlərində irəli çəkilməsi ənənəsi özünü doğruldur və davam etdirilir. Bu baxımdan, dövlətin idarə olunması siyasətinə diqqətlə yanaşan, siyasi iradə göstərən Prezident İlham Əliyevin yeni vəzifələrə təyin olunan kadrlarla görüşlərində əsas tələbi birmənalıdır: «Xalqın maraqlarına uyğun fəaliyyət göstərmək, insanların istək və tələblərini yerindəcə həll etmək, ədalət prinsiplərinə riayət etmək, dövlətin mənafeyini , şəffaflığı qorumaq, korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mübarizə aparmaq. «Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz» söyləyən Prezident İlham Əliyevin gənclərə tövsiyəsi dəyişilməzdir.

İyulun 25-də Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha idarəetmədə aparılan islahatların uğurlu nəticələrindən bəhs edərək bildirmişdir: "Mən hesab edirəm ki, son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları bütün Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi göstərir, bizim niyyətimizi göstərir". Yeni təyinatlardan vəzifə məsuliyyətlərinə vicdanla yanaşmağı tələb edən Prezident İlham Əliyevin tövsiyəsi, tələbi xalqla birgə çalışmaq bacarıqlarını işləri ilə təsdiqləmək, onlara göstərilən etimadı vəzifə borclarını yerinə yetirməklə, doğrultmaqdır ki, bu da öz növbəsində vətəndaş məmnunluğunun artırılmasını şərtləndirir.

"Hər bir dövlət məmuru öz vəzifəsini şərəflə, vicdanla, ləyaqətlə yerinə yetirməyə borcludur"

Ölkəmizdə baş verən uğurlu nailiyyətlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin iqtisadi və siyasi islahatları 2003-cü ildə Prezident seçiləndə başlayıb. Bəli, əbəs yerə deyil ki, Prezident olaraq ilk müsahibəsində cənab İlham Əliyev demişdir ki, biz feodal təfəkkürü, mağara psixologiyası ilə heç nəyə nail ola bilmərik. Bəli, bu fikir əslində, cənab Prezidentin cəmiyyətə və mövcud siyasi komandaya ismarıcı idi ki, kim komandada qalıb işləmək istəyirsə, buyursun müasir dəyərlərə, sivil qaydalara uyğun işini qursun, cəmiyyətlə ağa-qul münasibətində deyil, xalqın xidmətçisi kimi rəftar etmək lazımdır. Cənab Prezident hər dəfə əbəs yerə demir ki, xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Bu artıq idarəetmənin fəlsəfəsi deməkdir, bu artıq lider-xalq münasibətinə yeni baxışdır. Göründüyü kimi, elə bu tezislə Prezident İlham Əliyev ilk öncə iqtisadi islahatlara start verdi, qeyri-neft sektorunda ciddi irəliləyiş yarandı, ənənəvi aqrar sahələri, pambıqçılığı, üzümçülüyü, çayçılığı inkişaf etdirdi. Məqsəd iqtisadi bazanı yaratmaq idi, çünki iqtisadi baza olmadan digər sferalarda islahatlar nəticə vermir. Və bu gün Möhtərəm Prezidentimizin aydın zəkası, zəngin bilik və təcrübəsi, çoxsahəli fəaliyyəti və zəhməti hesabına Azərbaycanda müasir tələblərə cavab verən dövlət idarəçilik sistemi yaradılmışdır. Yeniləşən dünyanın tələblərinə cavab verən gənc kadrların vəzifələrə gətirilməsi ölkəmizin bu günü və gələcəyi üçün mühüm əhəmiyyət daşıdığı hər kəsə məlumdur. Məhz buna görə də bütün sahələrdə yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, saf mənəviyyatlı, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan gənc kadrlar mühüm dövlət vəzifələrinə irəli çəkilir. Kadrların seçilməsində onların iş qabiliyyəti, dövlətçiliyə, dövlətə sədaqətləri, vətənpərvərliyi əsas götürülür. Və cari il iyul ayının 25-də ölkə başçısı Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında çox vacib və mühüm məqamlara toxunaraq bildirdi ki, bu gün idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır: «Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır". Bəli, bu gün ölkə başçısı, cənab Prezident İlham Əliyevin yeni təyin olunmuş icra başçılarını qəbul etməsi, onlara müvafiq tapşırıqlarını və tövsiyələrini verməsi, Azərbaycan prezidentinin apardığı siyasətin mərkəzində vətəndaş məmnunluğunun dayanmasının bariz sübutudur.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...