"Siyasi partiyalar haqqında yeni qanun layihəsinin hazırlanmasını müsbət qarşılayırıq" - PARTİYA SƏDRİ ŞƏRH ETDİ

"Siyasi partiyalar haqqında yeni qanun layihəsinin hazırlanmasını müsbət qarşılayırıq" - PARTİYA SƏDRİ ŞƏRH ETDİ

Əlisahib Hüseynov: Siyasi partiyalar haqqında yeni qanun layihəsinin hazırlanmasını müsbət qarşılayırıq

““Siyasi partiyalar haqqında” qanun ölkə də fəaliyyət göstərən partiyaların siyasi proseslərdəki iştirakını tənzimləyən, onların cəmiyyətdəki yerini və rolunu müəyyənləşdirən, hüquq və vəzifələrini özündə əks etdirən qaydalar, prinsiplər və normalar məcmusudur. Lakin hazırda mövcud olan qanun günümüzün tələblərinə tam şəkildə cavab vermir. Çünki Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı parlaq Zəfərdən və torpaqlarımızın işğaldan azad edilməsindən sonra ölkədə yeni reallıqlar, yeni münasibətlər, yeni mühit formalaşıb. Bütün bunlar isə heç şübhəsiz ki, “Siyasi partiyalar haqqında” qanunun da yenilənməsini tələb edir. Yeni çağırışlara uyğun qanun qəbul edilməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Onun sözlərinə görə, yeni qanunun hazırlanması olduqca əhəmiyyətli məsələdir. Nəzərə almalıyıq ki, Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsinin nəticəsində ölkədə yeni siyasi konfiqurasiya formalaşıb, iqtidar-müxalifət dialoqu real məzmun almağa başlayıb, cəmiyyətdə siyasi consensus və milli birlik, həmrəylik mühiti formalaşıb, yeni siyasi açılımlar və islahatlar üçün əlverişli zəmin yaranıb. Siyasi partiyalar üçün normal mühit və imkanlar yaradılmaqdadır. Məsələn, siyasi partiyaların qeydiyyatının asanlaşdırılması və fəaliyyətlərinin yaxşılaşdırılması üçün bir sıra praktik addımlar atılıb. Partiyaların bir çoxu dövlət tərəfindən yeni mənzil-qərargahlarla təmin edilib. Partiya sədrləri dövlətin və hakim partiyanın təşkil etdiyi tədbirlərə dəvət edilir. İqtidar və müxalifət partiyalarının onlayn və real formatda görüşləri keçirilir, işğaldan azad edilmiş ərazilərə birgə səfərləri təşkil olunur.
Bir sözlə, siyasi partiyaların ölkənin ictimai-siyasi həyatındakı rolu, çəkisi get-gedə artmaqdadır və bu istiqamətdə növbəti addımların da atılacağı gözlənilir. Bütün bunlar isə heç şübhəsiz ki, yeni qanun layihəsində ehtiva olunmalı, bu və ya digər actual məsələlər ölkənin siyasi sisteminin gələcək perspektivləri nəzərə alınaraq tənzimlənməlidir. Ona görə də Siyasi partiyalar haqqında yeni qanunun hazırlanması və qəbul edilməsinə hava-su kimi ehtiyac var.

Ə.Hüseynov qeyd edib ki, Milli Həmrəylik Partiyası da yeni qanun layihəsi ilə bağlı təkliflər hazırlayıb: “Biz bu təklifləri Prezident Administrasiyasının müvafiq şöbəsinə - Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə yazılı şəkildə təqdim etmişik. Bəzi təklif və rəylərimizi isə mətbuatda da səsləndirmişik. Biz hesab edirik ki, siyasi partiyaların tam şəkildə institutlaşması üçün proporsional seçki sistemi də gündəmə gətirilməli və bundan sonra ölkədə seçkilər qarışıq system əsasında keçirilməlidir. Eləcə də partiyaların dövlət qeydiyyatına alınması prosesi həm sadələşdirilməli, həm də təkmilləşdirilməlidir. Siyasi partiyaların maliyyələşdirilməsi məsələsi də diqqət mərkəzində saxlanılmalıdır. Zənnimcə, bütün bunlar siyasi sistemin daha da təkmilləşməsinə və optimallaşmasına gətirib çıxara bilər”.

“Hesab edirik ki, siyasi partiyalar haqqında yeni qanunvericilik bazasının yaradılması Azərbaycanda siyasi fəaliyyətin yenidən və daha yaxşı təşkili üçün əlverişli zəmin yaradacaq və cəmiyyətdə milli həmrəylik, siyasi dialoq mühitinin tam olaraq oturuşmasına xidmət edəcək. Siyasi partiyalar vətəndaşlarımızın milli maraqlar ətrafında birləşməsində, konsolidasiya olunmasında və demokratik cəmiyyətin təşəkkülündə daha fəal iştirak etmək imkanı qazanacaq. Bu mənada, biz Siyasi partiyalar haqqında yeni qanun layihəsinin hazırlanmasını müsbət qarşılayırıq”, -deyə partiya sədri vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə