İlham Əliyevin qətiyyətli kadr islahatları: tələblər artır! SİYASİ RAKURS+ÖZƏL

İlham Əliyevin qətiyyətli kadr islahatları: tələblər artır! SİYASİ RAKURS+ÖZƏL

Həyata keçirilən islahatlar idarəçilik sistemində yeniləşmə faktorunu daha geniş müstəviyə çıxarır

Bu günlərdə Prezident İlham Əliyevin Masallı, Lerik və Göygöl rayonlarına yeni icra başçılarını təyin etməsi və qəbul zamanı bir sıra mühüm mesajlarını verməsi ilk olaraq belə qənaətə gəlməyə zəmin yaradır ki, aparılan kadr islahatları bütövlükdə yeni mərhələyə keçid alır və eyni zamanda, vəzifəyə təyin olunan şəxslər qarşısında daha qətiyyətli tələblər qoyulur. Sirr deyil ki, dövlətimizin başçısı daha əvvəlki təyinatlarında da bir sıra mühüm tapşırıq və tövsiyələrini irəli sürərək dövlət məmurlarının bilavasitə xalqa xidmət etməli olduqlarını, o cümlədən, üzərlərinə düşən məsuliyyətlərini icra edə bilməyən, yaxud qanunsuz əməllərə yol verən məmurların cəzalandırılacaqlarını xüsusi olaraq vurğulayıb. Və biz – vətəndaş olaraq xalqı dövlətin apardığı siyasətdən narazı salan, xalqa xidmət etməyərək yalnız öz mənfəətlərini güdən harınlamış məmurların da aqibətlərinin necə başa çatdığının şahidləri olmuşuq və olmaqdayıq. Məhz bu xüsusda biz Prezident İlham Əliyevin illər əvvəl vurğuladığı kəlamını da xatırlatmalıyıq. O öz çıxışlarının birində qeyd etmişdi ki, xalqın bir nömrəli xidmətçisidir və onun etimad göstərdiyi hər bir dövlət məmuru xalqın, vətəndaşın xidmətçisi olmalıdır!

Bu tələblər Azərbaycanın potensialının effektiv artımı üçün yeni impuls oldu

Beləliklə, ölkə rəhbəri yeni təyin etdiyi icra başçılarını qəbul edərkən vurğuladı ki, burada əsas rol peşəkar yanaşmada və rəhbərlərin şəxsi təşəbbüslərindən ibarətdir. Həmçinin, Prezident İlham Əliyev vurğuladı ki, zaman-zaman bəzi yerli idarəetmə orqanları öz işlərinə o qədər məsuliyyətsiz yanaşıblar ki, dövlətin onların yerinə iş görəcəyini, hansısa layihələr icra edəcəyini sanmağa başlayıblar. Dövlət başçımızın da sözlərindən belə nəticə hasil etmək mümkündür ki, bəzi yerli icra orqan rəhbərlərinin qapılarını yüzlərlə sahibkarlar döyərək öz layihələrini təklif ediblər, amma həmin təkliflər ya qulaqardına vurulub, ya da məmurlar sahibkarlara qarşı qanunsuz tələblər irəli sürməklə cinayət əməllərinə yol veriblər. Bütün bunların necə başa çatmasını isə hər kəs yaxşı bilir. Ona görə də, cənab İlham Əliyev budəfəki fikirlərində də qətiyyətli mövqe ortaya qoymaqla yeni tələblərini irəli sürdü və bu tələblər Azərbaycanın potensialının effektiv artımı üçün yeni impuls oldu. Belə ki, dövlət başçımız qeyd etdi ki, İcra Hakimiyyətlərinin (İH) rəhbərlərinin özləri öz qarşılarında yeni tələblər qoymalı, iş keyfiyyətlərini artırmalı, perspektivi olan investorları layihələrə cəlb etməli, bu istiqamətdə prinsipiallıqlarını nümayiş etdirməlidirlər.

Fakt budur ki, Azərbaycanda islahatlar prosesi dövrün tələbinə uyğun olaraq daha da təkmilləşdirilir

Məsələn, Masallı Lerik, Göygöl kimi rayonların turizm potensiallarını nəzərə alan dövlətimizin başçısı bu bölgələrdəki gözəl və sıx meşələri, dağ massivlərini, gölləri və şəlalələri xatırladaraq bütün bunlardan istifadə edilməklə müasir turizm mərkəzlərinin yaradılması mümkünlüyünü vurğuladı.

Beləliklə, fakt budur ki, Azərbaycanda islahatlar prosesi dövrün tələbinə uyğun olaraq daha da təkmilləşdirilir və bu prosesdə Prezident İlham Əliyev qətiyyəti bir daha ən yüksək səviyyədə nümayiş etdirilir. Bu, həm də belə bir əsaslanmaya söykənir ki, aparılan kadr islahatları idarəçilik sistemində yeniləşmə faktorunu daha geniş müstəviyə çıxarır. Eləcə də, Azərbaycanın dünyada potensial innovasiyalar, tərəqqilər ölkəsi kimi nüfuz qazanması da yeni qərarların verilməsinə zəmin yaradır və bu qərarlar əlbəttə ki, çox yaxın zamanlarda öz uğurlu bəhrələrini verəcəkdir.

Azərbaycanın beynəlxalq miqyasdakı inkişaf potensialı məhz daxili inkişafdan güc alır

Bütövlükdə isə Vətən müharibəsindən sonra regionda yeni situasiyanın yaranması da belə deməyə zəmin verir ki, Azərbaycanın beynəlxalq miqyasdakı inkişaf potensialı məhz daxili inkişafdan güc alır və bunun üçün də dövlətimizin başçısı kadr islahatlarını həyata keçirməklə geniş spektorlu, habelə paralel siyasət mexanizmini reallaşdırır. Bu baxımdan da yeni təyin olunan yerli idarəetmə orqanları rəhbərliklərinin qarşısına qəti, birmənalı tələblər qoyulmaqdadır. Ən əsası isə, xalqın, dövlətin firavanlığının, sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması yönündə münbit addımlar atılır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə