Azərbaycan Bolqarıstan strateji tərəfdaşlığından gözləntilər TƏHLİL
Dünya dövlətləri ilə diplomatik münasibətlərin qurulmasına önəm verən Azərbaycan bir çox ölkələrlə yanaşı, Bolqarıstanla da qarşılıqlı etimada əsaslanan dostluq və əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir.
Bu günlərdə, iyulun 21-də Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkovun Azərbaycana səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü bu əlaqələrin davamlı olduğunu göstərir. "Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq əməkdaşlığımızın inkişaf etdirilməsi üçün həqiqətən yaxşı əsasdır"– deyə bildirən Cənab Prezident bir neçə il əvvəl Strateji Tərəfdaşlıq barədə Bəyannamənin imzalanmasını diqqətə çəkmişdir: "Hesab edirəm ki, bu sənədi iqtisadi, sənayenin inkişafı, ticarət, enerji, daşımalar, turizm, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığımızın olduqca praktiki nəticələrinə çevirmək vaxtı artıq yetişib". Cənab Prezident eyni zamanda, coğrafi yerləşməni, Avropa və Azərbaycanın dəmir yolu sistemini birləşdirmək üçün qonşularımızla həyata keçirdiyimiz layihələri, Azərbaycandan keçən yüklərin artan həcmini nəzərə alsaq, daşımalar sahəsində böyük potensial mövcud olduğunu da bildirib: "Yalnız bu ilin beş ayı ərzində Azərbaycandan tranzit 30 faizdən çox artmışdır. Hesab edirik ki, bu, yalnız başlanğıcdır, çünki burada potensial var".
Əlbəttə ki, Strateji Tərəfdaşlıq sənədinin reallığa çevrilməsi müxtəlif sahələrin inkişafına öz təsirini göstərəcəkdir. Texnologiya, logistika, Avropaya ixrac, enerji daşıyıcılarının paylanması kimi sahələrdə bir çox işlər reallaşa bilər.
İKİ DÖVLƏT ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ VƏ MÜQAVİLƏLƏR MÜNASİBƏTLƏRİN TƏMƏLİNİ MÖHKƏMLƏTDİ
Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 5-də qurulub. Ötən 30 il müddətində qarşılıqlı etimada əsaslanan əlaqələr inkişaf edib. 1999-cu ildə dekabr ayında Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında əməkdaşlıq münasibətləri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstan Prezidenti Jelyu Jelyevin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənib. Heydər Əliyev və Jelyu Jelyev bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Ümumilikdə isə həmin səfər zamanı iki dövlət arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında, iki dövlətin müvafiq əraziləri arasında və hədlərindən kənarda hava əlaqəsi haqqında, cinayət işləri üzrə hüquqi yardım haqqında, dostluq münasibətləri və əməkdaşlıq haqqında və digər saziş və müqavilələr imzalanıb.
1998-ci il 07-08 sentyabr tarixlərində Bolqarıstan Respublikasının Prezidenti P.Stoyanovun Bakıda keçirilmiş Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. 2-3 dekabr 1999-cu ildə Bolqarıstan prezidenti Petar Stoyanov Azərbaycana rəsmi səfər etmişdir. 28 may 1999-cu ildə iki ölkə arasında iqtisadi-ictimai və elmi texniki komissiyanın yaradılması haqqında sərəncam imzalamışdır.
ŞƏKİ VƏ QALEROVO ARASINDA QARDAŞLAŞMIŞ ŞƏHƏR
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 7-8 oktyabr 2004-cü ildə Bolqarıstanın prezidenti Q.Pirvanov və onun başçılıq etdiyi nümayəndə heyətini ölkəmizə dəvət etmişdir. Görüş zamanı ikitərəfli və siyasi əlaqələr NATO, Aİ-yə dair məsələlər, ticari-iqtisadi komisiya və elmi-texniki komissiyanın fəaliyyəti barədə məsələlər, beynəlxalq terrorizmə qarşı birgə əməkdaşlıq, parlamentlərarası əməkdaşlığa dair məsələlər müzakirə olunmuşdur. Şəki və Qalerovo arasında qardaşlaşmış şəhər nümayəndiliyinin yaradılması haqqında birgə bəyannamə, Azərbaycan teleqraf agentliyi və Bolqarıstan teleqraf agentliyi arasında saziş, Azərbaycan Respublikası hökuməti və Bolqarıstan hökuməti arasında səhiyyə və tibb elmi sahəsində saziş, investisiyanın təşviqi və qarşılıqlı qorunması haqqında saziş və s. haqqında saziş imzalanmışdır.
2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında sərəncam imzalamışdır.
2005-ci il 23 sentyabr tarixində Sofiya şəhərində Azərbaycan Respublikasının Prezidenti və Bolqarıstan Respublikasının Prezidenti Birgə Bəyannamə imzalamışdılar. Eləcə də Azərbaycan ilə Bolqarıstan arasında viza rejiminin sadələşdirilməsi haqqında haqqında Saziş imzalanmışdır. Daha sonra hökumətlər arasında Avropa və Avro-Atlantik inteqrasiyası üzrə Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
İKİTƏRƏFLİ ƏMƏKDAŞLIQ ÜÇÜN PERSPEKTİVLƏR
2009-cu il 13 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri, 2010-cu il 30 iyun-01 iyul tarixlərində Bolqarıstan Respublikasının Prezidenti G.Pırvanovun Azərbaycan Respublikasına işgüzar səfəri və s. bu münasibətlərin davamlığını təmin etmiş oldu. 2014-cü il 19-20 sentyabr tarixlərində "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində iştirak etmək üçün Bolqarıstan Respublikasının prezidenti R.Plevnelievin Azərbaycan Respublikasına işgüzar səfəri etmişdir.
İki ölkə arasında energetika sahəsində əməkdaşlıq strateji səviyyəyə çatmışdır. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Cənub Qaz Dəhlizinin malyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. "Şahdəniz" yatağından qaz artıq Avropa ölkələrinə çatdırılır. Bolqarıstana ildə 1 milyard kubmetr həcmində qazın təchizatı nəzərdə tutulub.
Nəqliyyat sahəsinin inkişafı hər iki ölkə üçün prioritet təşkil edir. Bu mənada Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı hər iki ölkə üçün böyük tarixi əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarın giriş kimi, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı kimi rolunu daha da artırmışdır. 2017-ci ilin may ayında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş "Bolqarıstan - Azərbaycan: 25 illik diplomatik, ikitərəfli əməkdaşlıq və çoxtərəfli əməkdaşlıq üçün perspektivlər" mövzusunda konfrans keçirilmişdir.
Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında və daha da inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına rəsmi səfəri böyük rol oynamışdır. Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu vaxta kimi iki ölkə arasında çoxlu sayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.
Onu da qeyd edək ki, 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko-Tırnovo inzibati ərazisində yerləşən "Trapezitsa" muzey-qoruğu bərpa edilmişdir. Eyni zamanda fond tərəfindən 158 metrlik Cənub Divarının, 880 metrlik turist xiyabanının, Milli İrs Mərkəzinin və 3 orta əsr kilsəsinin bərpasına da maddi dəstək göstərilmişdir.
Bu gün Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər yüksək səviyyədədir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkovun Azərbaycana səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü dövlətlərarası münasibətlərin inkişafında yeni mərhələdir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB