Ötən əsrin əvvəllərindən türkdilli ölkələrin əlaqələrinin qurulmasına başlanılıb. 1992-ci ildə isə türkdilli ölkələrin dövlət başçılarının birinci Zirvə toplantısı keçirilib və bundan sonra ölkələrimizin liderləri müntəzəm olaraq bir araya gəlib əməkdaşlığın əsas prioritetləri və istiqamətlərini müzakirə ediblər. Lakin o dövrdə həmin Zirvə toplantıları daha çox məsləhətləşmələr funksiyasını daşıyırdı və əməkdaşlığın daimi platforması hələ ki, formalaşmamışdı. İllər keçdikcə, ölkələr arasında həm iqtisadi, həm mədəni, həm də siyasi münasibətlər sürətlə inkişaf etdi. 1993-cü ildə TÜRKSOY-un yaradılması, 2008-ci ildə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA), 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) təsis edilməsi məhz bu zərurətdən irəli gəlib. Qeyd olunan qurumların yaradılması regionda türkdilli ölkələrin hərtərəfli qarşılıqlı fəaliyyəti və əməkdaşlığına önəmli təkan verib. Daha sonra 2010-cu ildə Beynəlxalq Türk Akademiyası, 2012-ci ildə Türk Mədəniyyəti və Miras Fondu və sonra Türk Biznes Şurası kimi təşkilatların qurulması müvafiq sahələrdəki əməkdaşlığımızı daha da dərinləşdirib.
Bütün bu qurumların yaradılmasından sonra türkdilli ölkələr arasında olan əməkdaşlıq yeni təşkilati mərhələyə daxil olub. Beləliklə, türkdilli dövlətlərin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaratmış oldular. Bu prosesdə Azərbaycanın çox əhəmiyyətli rola malikdir. Respublika Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldilmiş layihələrin əhəmiyyətini xüsusilə qeyd edə bilərik. Prezident türkdilli dövlətlər arasındakı münasibətlərin inkişafına olan dəstəyi və TÜRKPA, eyni zamanda, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahlarının Bakıda yerləşməsi qeyd olunan diqqətə bir nümunədir. Bu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü son dövrün ən aktual məsələsi olan koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. Qeyd etmək lazımdır ki, bu, dünya miqyasında dövlət başçıları səviyyəsində pandemiya ilə bağlı Zirvə görüşünü keçirən ilk beynəlxalq tədbir kimi tarixə düşüb. Zirvə görüşündə bilavasitə pandemiyaya qarşı mübarizə çərçivəsində iqtisadi, sosial və humanitar sahələrdə əməkdaşlıq prinsipləri, həyata keçirilən tədbirlər, təhlükəsizliyin və sağlamlığın qorunması, həmçinin pandemiya sonrası iqtisadi tənəzzüldən qurtulmaq üçün atılacaq addımlar geniş müzakirə olunub.
Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvanda keçirilən Zirvə görüşündə cənab Prezident İlham Əliyevin ev sahibliyində imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Təsadüfi deyil ki, 2019-cu ilin oktyabr ayının 15-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının Zirvə görüşü cənab Prezident İlham Əliyevin ev sahibliyi ilə Azərbaycanda keçirilib. Qeyd etmək istərdim ki, 2013-cü ildə dövlət başçılarının Zirvə görüşü Qəbələ şəhərində keçirilmişdir. Bu da Azərbaycanın türkdilli dövlətlər arasında nə qədər inamlı və əvəzsiz körpü rolu oynadığının bariz nümunələrindən biri kimi göstərilə bilər. Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuş olan Türk Şurası özünü bu ümumiliklərlə məhdudlaşdırmır. Təşkilat üzv dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr kimi mövcud ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda verməsi üçün çoxtərəfli əməkdaşlığa çevrilmək niyyəti daşıyır. Təşkilat, eyni zamanda, tarixi İpək Yolunun bərpası, regional Türk Diaspor mərkəzlərinin qurulması kimi əhəmiyyətli mövzularda önəmli qərarlar qəbul etmişdir.
Türkdilli dövlətlərin regionda sabitliyin və sülhün qorunub saxlanılması, ölkələrimizin ərazi bütövlüyünün beynəlxalq münasibətlər sistemi səviyyəsində tanınması və qəbul olunması, BMT-nin qəbul etmiş olduğu qətnamələrdən irəli gələn məsələlərin türk dövlətləri arasında da yekdilliklə qarşılıqlı hörmətə dayanaraq qəbul olunması kimi məsələləri də vurğulaya bilərik. Burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qeyd etmək lazımdır ki, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında ən tez zamanda həllinin vacibliyi bütün Zirvə toplantılarının qəbul etmiş olduğu qətnamələrində xüsusi olaraq vurğulanmışdır. Bunu Azərbaycanın uğuru olmaqla bərabər, eyni zamanda, türkdilli dövlətlər tərəfindən Azərbaycanın haqq səsinin qəbul olunması və dəstəklənməsinə verdikləri bir töhfə və həmrəylik kimi qəbul edə bilərik.
Türkdilli ölkələr arasında iqtisadi münasibətlər hər il inkişaf edir, ticarət əlaqələri genişlənir. Bu iqtisadi əlaqələri daha da genişləndirmək üçün Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də digər Türkdilli ölkələrin də qoşula biləcəyi TANAP qaz kəməri kimi daha geniş imkanlar var. Bundan başqa birlik ölkələri arasında investisiya yatırımı və onlayn ticarətin genişlənməsi də önəmli imkanlardan hesab olunur. Aydın olur ki, ölkələrimizin ümumi iqtisadi gücü ildən-ilə artır. Qazaxıstan, Azərbaycan və Türkiyə, həmçinin kosmik proqramlara malikdirlər. Bununla yanaşı, türkdilli dövlətlər iqtisadiyyatlarına yeni texnologiya və ixtiralar təqdim etməklə yerli sənaye sahələrini inkişaf etdirirlər. Karbohidrogen boru kəmərləri, avtomobil və dəmir yolu şəbəkələri inşa olunur və ya əsaslı təmir edilir.
Azərbaycanın iqtisadi qüdrətinin artması regionda həyata keçirilən transmilli layihələrin uğuruna təminatı artırır. Hazırda ölkələrimizin yerləşdiyi bölgələrdə həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayır. Xəzər neftini və qazını dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri artıq istismara verilmişdir. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Hazırda türkdilli ölkələrdə digər enerji-nəqliyyat layihələrinin həyata keçirilməsinə hazırlıq görülür. Regional əməkdaşlığın gözəl nümunələri olan bu layihələr türk dünyasının xalqlarına tərəqqi və inkişaf gətirir.
Sonda deməliyik ki, yuxarıda sadalanan müxtəlif sahələrdəki əməkdaşlıq, bu prosesdə Azərbaycanın müstəsna əhəmiyyəti, gələcəkdə türk dünyasının qlobal siyasi və iqtisadi proseslərdə rolunun güclənməsinə mühüm töhfələr verəcəkdir. Bu isə regional və beynəlxalq sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edir.
Elnur İsmayılov
YAP Yasamal rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB