6 ayda görülmüş işlər aparılan məqsədyönlü islahatların nəticəsidir

6 ayda görülmüş işlər aparılan məqsədyönlü islahatların nəticəsidir

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin ilk altı ayının yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısının beynəlxalq və daxili siyasətlə bağlı hərtərəfli çıxışı bir çox məsələlərə aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Ölkə başçımız çıxışında xarici siyasət, ölkəmizin son illərdə beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması, Azərbaycan-Ermənistan münasibətləri, hərbi sahədə aparılan islahatlar, sosial siyasət, iqtisadiyyat, enerji və nəqliyyat sahəsindəki perspektivlər, qarşıya qoyulan məqsədlər və s. kimi bir çox başlıqlara toxundu. Müşavirə sadəcə görülən işlərin hesabatı yox, həm də qarşıda dayanan vəzifələrin təqdimatı baxımından olduqca diqqətçəkici idi. Prezident İlham Əliyev müşavirədəki çıxışında “Bu gün mən görülmüş işlərin kiçik hissəsini işıqlandırdım. Amma bu da kifayətdir hər kəs görsün ki, nəhəng işlər görürük və qarşıda duran bütün vəzifələri icra edəcəyik” deyərək son 6 ayda ölkəmizdə baş verən prosseslər barədə xalqımızı və beynəlxalq auditoriyanı məlumatlandırdı.

Dünyanın gedərək proqnozlaşdırılması daha mümkünsüz olduğu, hər ötən gün yeni münaqişə ocaqlarının yarandığı, müharibənin, qıtlığın, ixtişaşların hökm sürdüyü, iqtisadi tənəzzülün gözlənilən olduğu müasir dünyada ölkəmizin “sabitlik adası” və “inkişaf-əməkdaşlıq məkanı” kimi öz yoluna davam etməsi əlbəttə ki, dəqiq düşünülmüş siyasətin və praqmatik dövlət idarəçiliyinin ən bariz nümunəsidir. Ölkə başçımızın 12 yanvar 2022-ci il tarixli yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi bir neçə fikri xatırlayaq: “İstənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. .... Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq”. Beləliklə, bu gün əldə olunan nailiyyətlər bu fikirlərin heç də boşa səsləndirilmədiyinin sübutudur. Təkcə 2022-ci ilin birinci yarısında ölkə iqtisadiyyatının 6,2 faiz, əhalinin gəlirlərinin təxminən 20 faiz, xarici ticarətimizin haradasa 70 faizdən çox artması kimi statistik məlumatların səsləndirilməsi belə kifayətdir ki, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulduğunun və bunun Azərbaycanın dayanıqlı inkişafına geniş imkanlar açdığının şahidi olaq. Azərbaycan Prezidenti tərəfindən dəfələrlə vurğulandığı kimi, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Bu səbəbdən də iqtisadiyyatımızı gücləndirmək, güclü təməllər üzərində inşa etmək dövlətin qarşısında duran ən vacib tapşırıqlardan biridir. Xüsusilə, post-müharibə dövründə işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinin miqyasını və bu işlərdə xaricdən heç bir dəstəyin olmadığını nəzərə alsaq iqtisadi və maliyyə imkanlarımızın fövqaladə əhəmiyyətini bir daha dərk edərik. Halbuki dünyada işğaldan sonra ölkələrin və şəhərlərin yenidən qurulmasına dəstək məqsədilə fəaliyyət göstərən bir çox qeyri-hökumət təşkilatı var. Ancaq indiki halda bu təşkilatlardan ya da güclü dövlətlərin hər hansı birindən ölkəmizə bir manat belə dəstək olunmayıb. Bütün işlər birbaşa Azərbaycan hökuməti tərəfindən aparılır.

Qeyd edək ki, ölkəmizdə iqtisadiyyatın artmasının tək səbəbi olaraq neft qiymətlərinin gözləniləndən yüksək olmasını qəbul etmək olmaz. Bəli, dünyada neftin qiyməti əhəmiyyətli dərəcədə qalxıb, amma, eyni zamanda, dünyanın kapital bazarları çöküb. Məlumdur ki, Azərbaycanın ehtiyatları əsasən istiqrazlarda və səhmlərdədir. Əlbəttə, bu vəziyyət, müvəqqətidir. Bütün suveren fondlar bu vəziyyətlə üzləşiblər. Təbiidir ki, bu vəziyyət ölkəmizə də mənfi təsir göstərir. Ancaq Azərbaycan dövləti öz işi ilə, islahatlarla elə işləyir ki, heç kim bunu hiss etmir. Bütün bunlara əlavə olaraq, dövlətimiz tərəfindən aparılan dürüstləşmə və islahatlar siyasəti bugünkü nəticələrin əsasını təşkil edir. Aparılan məqsədyönlü islahatlar nəticəsində ilin birinci yarısında vergilər sahəsində əlavə 2 milyard manat pul yığılmışdır. Onu da vurğulamaq istərdim ki, ötən illərdə aparılan islahatlar dövlət orqanlarında və biznes dairələrində “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır ki, bu da hazırkı vəziyyətin səbəblərindəndir. Ölkə başçımız tərəfindən müşavirədə səsləndirilən bir neçə iqtisadi statistikanı daha qeyd etmək istərdim. Belə ki, xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollar, xarici dövlət borcumuz ümumi daxili məhsulun 10,7 faizi qədərdir. Bütün bu rəqəmlər hər bir ölkə üçün qürur mənbəyi ola bilər. Amma bu rəqəmlər bizim üçün arxayınlaşmağa əsla əsas vermir. Azərbaycan dövləti öz məqsədyönlü siyasətini qətiyyətlə davam etdirir. Şübhə yoxdur ki, bundan sonrakı dövrdə də görüləcək işlərlə ölkəmiz daha da güclənəcək və öz yoluna əmin addımlarla davam edəcək. Beləliklə, yeni reallıqlar və çağırışlar fonunda Azərbaycan milli məqsədləri, strateji hədəfləri reallaşdırmaq əzmində və niyyətindədir. Sözünə sadiq, sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyev bu günə qədər öz xalqına verdiyi bütün vədləri yerinə yetirdiyi kimi, bundan sonra da yetirməyə davam edəcək. Biz də ölkə başçımızın ətrafında sıx birləşərək daha güclü Azərbaycan naminə daim çalışacaq və ölkəmizi işıqlı gələcəyə doğru əmin addımlarla aparmaq üçün dövlət başçımıza var gücümüzlə dəstək olacağıq!

Vüsal Fərəcov

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə