Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Dövlətimiz həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərmək prinsipini qoruyub saxlayır. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar həyata keçirilir. Dövlət başçısı çıxışlarının birində qeyd etdiyi kimi, "Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək". Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Prezident İlham Əliyev çıxışlarının birində vurğladığı kimi, "Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir".
Şəhid ailələrinə və müharibə əlillərinə ayrılan diqqətin nəticəsidir ki, bu gün onların sosial təminatı istiqamətində ardıcıl işlər görülür. Ötən dövr ərzində şəhid ailələri və müharibə əlilləri üçün icra olunan ən geniş və mühüm fəaliyyətlərdən olan mənzillə təminat proqramı 5 dəfə genişləndirilib. Şəhid ailələri və müharibə əlillərinə 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Ümumilikdə isə 12 500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Həmin kateqoriyadan olan şəxslərin mənzillə təminat prosesi davamlı olaraq həyata keçirilir və 2025-ci ilə qədər yekunlaşdırılması üçün dövlət tərəfindən vacib addımlar atılır. Bu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.
HƏR BİR VƏTƏNDAŞA MÜNASİBƏTDƏ ƏDALƏT VƏ HUMANİZM PRİNSİPİ
Əlbəttə ki, dövlət başçısının bu kateqoriyadan olan insanların sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi məmnunluq yaradır. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Ölkəmizdə şəhidlərə və onların ailələrinə, əlillərə olan münasibət dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətidir. Bu, dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayandığını bir daha təsdiqləyir.
Müharibə əlillərini əhatə edən mühüm proqramlardan biri də avtomobillə təminatdır ki, bu proqram çərçivəsində 7400 müharibə əlili avtomobillə təmin olunub. Bu addım onu göstərir ki, dövlətimiz tərəfindən bu qəbildən olan insanlar təkcə evlə təmin olunmur, eləcə də bu və ya digər sosial addımların atılması da onların təminatına yönəldilib.
QAZİLƏRİN NÖVBƏTİ QRUPU 4-CÜ NƏSİL YÜKSƏK TEXNOLOGİYALI PROTEZLƏRLƏ TƏMİN OLUNUBLAR
Şəhid ailəsi üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Bu dəstək mexanizmi həmin şəxslərin gündəlik həyatında hiss olunan və mühüm rol oynayan ödənişlərdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında verdiyi tapşırığına əsasən müharibə əlilləri yüksək texnologiyalı protezlərlə təmin edilməkdədirlər. Daha bir qrup müharibə əlili yüksək texnologiyalı müasir 4-cü nəsil protezlərlə təmin edilib. Ötən dövrdə 324 nəfər müharibə əlili yüksək texnologiyalı 338 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib. Onlardan 124 nəfəri I Qarabağ müharibəsi əlilləri və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi olan şəxslərdir ki, 128 ədəd müasir potezlə təmin olunublar.
200 nəfəri isə 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə yaralanaraq ətrafları amputasiya olunmuş qazilərdir və həmin şəxslərə ümumilikdə 210 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protez verilib. Ümumilikdə, Vətən müharibəsi qazilərinin protezlə təminat prosesi yekunlaşmaq üzrədir. Təqdim edilən "Genium" tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib. Postmüharibə dövründə 450-dən çox şəhid ailəsi və müharibə əlilinə sanatoriya-kurort və müalicə mərkəzlərinə göndəriş verilib, 41 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb olunub, 60 qazi üçün motivasiya düşərgələri təşkil olunub.
POSTMÜHARİBƏ DÖVRÜNDƏ 3 MİN QAZİYƏ ƏLİLLİK TƏYİN EDİLİB
Bütün bunlarla yanaşı, son 3 ildə 160 mindən çox şəxsə, postmüharibə dövründə 3 min qaziyə əlillik təyin edilib. Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminatı, eləcə də əlillik sahəsində yeni meyarlar tətbiq olunur. 2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində yeni meyarlar tətbiq olunub. Yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndirilir. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülür. Göründüyü kimi, şəhid ailələrinə və qazilərə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bütün bunlar bir daha təsdiqləyir ki, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərən vətən oğullarımıza və onların ailələrində dövlət qayğısı və diqqət davamlıdır.
Təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının, vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımıza, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu şəxslərə mərhəmətli qayğısı hər bir ölkə vətəndaşı tərəfindən təqdirəlayiq hal kimi yüksək qiymətləndirilir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB