"Fəxrlə deyə bilərik ki, bizim güclü, təşkilatlanmış diasporumuz var” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Prezidenti cənab İlham Əliyev bu günlərdə Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Əlbəttə ki, bu sərəncam təqdirəlayiqdir. Çünki Azərbaycan diasporu son illər yüksək inkişaf yolu ilə davam edir”. Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin Azərbaycan diasporunun qarşısına qoyduğu tapşırıqlar yüksək səviyyədə yerinə yetirilir: “Vətən müharibəsindən əvvəl də, müharibə zamanı və sonrasında da Azərbaycan diasporunun daim aktiv fəaliyyətinin şahidi olmuşuq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında biz həm dünyada yalan və saxta təbliğat aparan erməni diasporuna qarşı böyük qələbələr qazanmışıq, erməni diapsorunun Azərbaycana qarşı həyata keçirdiyi yalan təbliğatların dövriyyəyə buraxılmasının qarşısını almışıq, eləcə də Azərbaycana qarşı düşmənçilik siyasətinin qarşısının alınmasında çox böyük işlər görülmüşdür. Azərbaycan diasporunun fəaliyyəti nəticəsində demək olar ki, dünyadakı erməni diasporunun heç bir ciddi fəaliyyətini görmürük. Bunların hamısını nəzərə alaraq deyə bilərik ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar, eyni zamanda diaspor sahəsində də özünü büruzə verib. Təbiidir ki, Azərbaycan diasporunun bugünkü fəaliyyəti həm dünya ictimaiyyəti tərəfindən, həm də Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir. Məlumdur ki, bir neçə onillik bundan əvvəl Azərbaycan diasporu bir qədər zəif idi. Erməni diasporu daim bizim üzərimizdə üstünlük təşkil edirdi. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın diasporunun inkişaf etdirilməsi tam təkmilləşmiş şəkildə həyata keçirilməyə başladı. Ulu Öndər bu sahədə qarşıya çox böyük tapşırıq və vəzifələr qoydu. Bunun nəticəsi olaraq da diasporumuz ildən-ilə inkişaf etməyə başladı.

Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə də bu istiqamətdə öhdəliklər daha da gücləndirildi. Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çox mühüm tapşırıqlar oldu və diasporumuz bu tapşırıqların öhdəsindən də layiqincə gəldi. Biz bu gün fəxrlə deyə bilərik ki, bizim güclü, təşkilatlanmış diasporumuz var”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə