Qoşulmama Hərəkatı dünya düzəninə yeni töhfələr verdi ŞƏRH

Son dövrlər ölkəmizin sanballı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq bir ənənə halını alıb. Keçirilən tədbirlər, forum və sammitlər dünyanın baxışlarını Azərbaycana yönəltməklə, regionda baş verən proseslərin real mənzərəsinin beynəlxalq aləmə çatdırılmasında mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, 120 ölkəni özündə birləşdirən və BMT-dən sonra 2-ci böyük təsisat olan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dyanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda keçirilən Bakı Konfransı həm müzakirə edilən məsələlər, həm də erməni işğalına son qoyan 44 günlük müharibədən sonra Cənubi Qafqazda sülhün bərqərar olması sahəsində Azərbaycanın yeritdiyi siyasi xəttin mahiyyətini tam aydınlığı ilə diqqətə çatdırılmasında mühüm rol oynadı.

Hazırda dünyada bir sıra böyük dövlətlərinin siyasətində yeni bir tendensiya-gücün ədalətdən üstün olması hiss edilməkdədir. 1919-cu ildə Qoşulmama Hərəkatına sədrlik edilməsi üçün Azərbaycanın namizədliyi irəli sürüləndə üzv dövlətlər tərəfindən bu təklifin dəstəklənməsi Azərbaycanın həmişə ədalətin və haqqın yanında olmasının, eyni zamanda, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüskarlığının, yüksək siyasi və intellektual hazırlığının, dünyada baş verən proseslərə anındaca və obyektiv qiymət vermə bacarığı nəticəsində əldə edilmişdir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi demək olar ki, koronavirus pandemiyasının dünyada tüğyan etdiyi bir vaxta təsadüf etsə də, cənab İlham Əliyev vaxtında və düzgün qərar verərək pandemiya ilə mübarizə tədbirlərini qlobal səviyyəyə qaldırdı və bəşəriyyəti təhdid edən bu bəlanı yalnız səyləri birləşdirməklə aradan qaldırmağın mümkün olduğunu diqqətə çatdırdı. “COVİD-19” əleyhinə peyvəndlərin məqbul qiymətə satılması, vaxtında çatdırılması və bölgünün ədalət prinsipinə əməl edilməsi təklifinin irəli sürülməsi Hərəkata üzv dövlətlər və Dünya Səhiyyə təşkilatı tərəfindən razılıqla qarşılandı. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi gündən bu günədək fəaliyyəti həmişə konstuktiv və səmərəli olmuş, hərəkatın fəaliyyətinin canlandırılması və qlobal çağırışlara adekvat reaksiya verməsi ilə yadda qalmışdır. Məhz buna görə də Azərbaycanın hərəkata sədrliyinin daha bir il uzadılmasına üzv dövlətlər yekdilliklə səs vermişlər. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri ermənilərin törətdikləri vandalizm və vəhşiliyi öz gözləri ilə görməsi və həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri ilə tanış olması dünyaya Azərbaycan reallıqlarının nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, Qoşulmama Hərəkatının Bakıda keçirilən növbəti konfransı ölkəmizin siyasi sanbalına yeni dividentlər əlavə etdi.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə