Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı neytral ölkələrin güc mərkəzinə çevrilir

Öz işini uğurla başa vurmuş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı ərəb ölkələrinin politoloqları tərəfindən ətraflı təhlil edilir. SİA xəbər verir ki, “Arabnews” qəzetinin Bakı konfransı ilə bağlı dərc etdiyi analitik məqalələrdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi yüksək qiymətləndirilib. Yazıda bildirilib ki, dünyada sülh, təhlükəsizlik və davamlı inkişafın təmin edilməsini dəstəkləyən Səudiyyə Ərəbistanı Bakı konfransında qlobal problemlərin həlli istiqamətində müzakirələrin dünyada yeni - neytral ölkələrin güc mərkəzinin yaranmasının təzahürü kimi qiymətləndirib.

Küveytin rəsmi KUNA agentliyi də qeyd edib ki, bu ölkənin Milli Assambleyasının spikeri Marzuq Al-Ğanimin Bakı konfransında çıxışına istinadla dünyanın bütün dünyada risklər qarşısında qanun və ədalətin bərqərar olmasına çağıran prinsipial neytral üçüncü səsə böyük ehtiyac olduğunu yazıb. Agentliyin məqaləsində diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdəki çıxışında BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatının səsinin dünya miqyasında eşidilməsinin vacibliyini vurğulayıb və yeni təşəbbüslər irəli sürüb.

Ərəb mediası Bakı konfransında Fələstin probleminin həlli ilə bağlı çıxışlara, xüsusən Ərəb Parlamentinin spikeri Adel bin Əbdel Rəhman Al Asuminin çıxışına geniş yer ayırıb. Eyni zamanda, Yaxın Şərqin digər aktual məsələləri – Yəmən və Suriyada vəziyyətlə bağlı müzakirələr də geniş təhlil olunur. “Əl Xalec” nəşrinin şərhçisi Məhəmməd Yusif yazır ki, Yəmən parlamentinin vitse-spikeri Mohsen Basura öz ölkəsində sülhün bərqərar olmasında Qoşulmama Hərəkatının mühüm roluna ehtiyac olduğunu vurğulayıb.

Göründüyü kimi, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı neytral ölkələrin qlobal güc mərkəzinə çevrilir. Siyasi şərhçilər bu təsisatın COVID-19 pandemiyası ilə mübarizədə olduğu kimi, hazırda dünyanı təhdid edən humanitar fəlakət və qlobal ərzaq böhranının qarşısının alınmasında da mühüm rol oynaya biləcəyi qənaətindədir. Misirin “Əl Hivar” Strateji Araşdırmalar və Media Mərkəzinin sədr müavini, professor Hişam Məqdi AZƏRTAC-a açıqlamasında bildirib ki, hazırda dünyada böyük güclərin, hərbi blokların və siyasi alyansların getdikcə artan qarşıdurması fonunda sülh çağırışlarına böyük ehtiyac duyulur. Onun sözlərinə görə, qlobal təhlükəsizliyin təmin edilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin Bakı konfransında söylədiyi kimi, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə prinsiplərinə bütün ölkələrin əməl etməsindən asılıdır. Müharibə, münaqişə və ədalətsizliyin qarşısının alınması da məhz bu amillərlə mümkündür. “Azərbaycanın sədrliyi dövründə yeni təşəbbüslərlə çıxış edən, qlobal problemləri diqqət mərkəzində saxlayan Qoşulmama Hərəkatının sülh və davamlı inkişaf naminə fəaliyyəti bu təsisatın tarixində presedenti olmayan bir hadisədir. Məhz bu səbəbdəndir ki, 44 günlük müharibə vaxtı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dövlətlər bəzi ölkələrin anti-Azərbaycan mahiyyətli bəyanatını bloklayıb, ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane olublar”, -deyə politoloq vurğulayıb.

Ərəb politoloqlarının şərhlərində Azərbaycan Prezidenti İlham Əliyevin Bakı konfransındakı çıxışında BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirməsi yeni qlobal çağırışlar fonunda praqmatik fikir kimi təqdim edilib. İordaniyalı akademik Mərvan Suda ərəb KİV-də dərc olunmuş məqaləsində qeyd edib ki, Qoşulmama Hərəkatının sədri haqlı olaraq vurğulayıb ki, BMT qətnamələri icra edilmirsə, onları qəbul etməyin heç bir mənası yoxdur. “Prezident İlham Əliyev bu vacib məsələnin Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmasının və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmasının zəruriliyini bildirdi. Bu aktual problemin həlli bütün dünyada, o cümlədən Yaxın Şərqdə sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə verə bilər. Qlobal miqyasda kataklizmlərin qarşısının alınması təkcə bir neçə ölkənin, yaxud siyasi-hərbi alyansın deyil, bütün ölkələrin fəal iştirakı ilə mümkündür”, -deyə akademik qeyd edib.

Yaxın Şərq ölkələrinin politoloqları və strateji araşdırma mərkəzləri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının yekunlarını Yəmən, Suriya, Fələstin, Liviya və digər ölkələrdə davam edən silahlı münaqişələrin nizama salınması istiqamətində mühüm addım kimi qiymətləndirib, bu çərçivədə parlamentlərin fəaliyyətinin gücləndirilməsini qlobal və regional sülhün təmin olunmasına töhfə olacağını qeyd ediblər.

Oqtay Bayramov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...