"Heydər Əliyev Fondu ilə əməkdaşlığa böyük önəm verilir" - MİLLƏT VƏKİLİ DANIŞDI

"Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti çox möhtəşəmdir. Məhz bu səbəbdən Ulu Öndərin ideyalarının öyrənilməsi və bütün sahələrdə həyata keçirilməsi Azərbaycan üçün inkişaf, tərəqqi dəyərlərinin qorunub saxlanılması, yeniliklərin həyatımıza gətirilməsi deməkdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, Heydər Əliyevin dünyasını dəyişməsindən sonra onun adına Fond təşkil edilməsi Ulu Öndərin siyasətini həyata keçirmək üçün böyük imkanlar açdı: "Heydər Əliyev Fondu yarandığı ilk gündən insanların qayğıları dinlənilən və həll edilən yeni bir ünvana çevrildi. Onun təşkilatçılığı və iştirakı ilə Azərbaycanın müxtəlif bölgələrində qayğıya ehtiyacı olan insanlar üçün evlər tikildi, sosial lahiyələr həyata keçirildi. İnsanların konkret problemləri həll edildi, eyni zamanda Azərbaycanın mədəniyyətinin qorunub-saxlanılması və inkişaf etdirilməsi üçün bir çox yeniliklərə imza atıldı.

Heydər Əliyev Fondu bu gün Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndiirlməsi, insanların həyat və şəraitinin yaxşılaşdırılması, azərbaycanlı olmağımızla fəxr edilməsi istiqamətində böyük dəstək olur. Onun xarici ölkələrdə də fəaliyyəti kifayət qədərdir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ayrı-ayrı ölkələrdə məktəblər və uşaq baxçaları tikildi. Dini məbədlər inşa edilərək, ayrı-ayrı ölkələrin Azərbaycanla əlaqələrinin möhkəmlənməsi üçün böyük işlər görüldü.

Fond bu gün tək Azərbaycanda deyil, dünyanın hər yerində tanınır. Beynəlxalq təşkilatlarda Heydər Əliyev Fondu ilə əməkdaşlığa böyük önəm verilir. Fondun böyük uğur qazanmasında Fondun Prezidenti Mehriban Əliyevanın böyük xidməti var. Bu gün Azərbaycan xalqı Mehriban xanımın Heydər Əliyev ideyalarını yaşaması və onun hər bir insanın həyatına müsbət təsir etməsini geniş şəkildə görür".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə