Silahlı qüvvələrimizlə fəxr edirik

28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra ən əsas vəzifələrdən biri Azərbaycan Silahlı Qüvvələrinin formalaşması idi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə –Azərbaycan korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu.
Hərb sahəsində ilk uğur sentyabrın 15-də qazanıldı. Milli Ordu Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.

Müasir Milli ordunun yaradılmasına 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra başlandı. Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda Qələbəyə qəti inam yarandı. Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ilin yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmədi ilə başladı. Ordu quruculuğu işinə böyük önəm verən ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar atıldı. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.
Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi. Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü, qüdrəti bu gün beynəlxalq səviyyədə etiraf edilir.
Azərbaycan Ordusunun hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirildi. Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin Aprel döyüşlərində bir daha göstərdi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Azərbaycan Ordusu daha bir uğurunu 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazandı. Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycanın nəzarəti altına keçdi.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad təşkil edildi. Paradda iştirak edən Prezident, Ali Baş Komandan İlham Əliyevin qəti əminliklə dediyi sözlər – xalqımızın həsrətlə gözlədiyi qələbə arzuları çox keçmədən reallaşdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Təsadüfi deyil ki, XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir.

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, silah-sursat təchizatı, komando bölmələri yaradılır. Bu gün Azərbaycan Ordusunun gücünün və Ermənistan ordusunun məğlubiyyətinin təzahürü kimi açıq səma altında salınan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur.
Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, qalib ölkə kimi Ordu gününü qeyd edir. Xalqımıza qələbə sevinci yaşatmış Rəşadətli Azərbaycan ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə qürur duyuruq. Bütün dünya yeni əsrin müharibəsini aparmış ordumuzun gücünü, peşəkarlığını və öz tarixi missiyasını uğurla reallaşdırmaq iqtidarında olduğunu gördü.
Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər Ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.
Dünyanın ən güclü orduları sırasında yer alan qüdrətli ordumuzun maddi-texniki təchizatı möhkəmləndikcə onun sıralarında xidmət edən zabitlərimizin peşəkarlığı da gündən-günə artmaqdadır. Bu gün ordumuz peşəkar kadrlarla komplektləşdirilərək potensial qüvvəyə çevrilir. O qüvvəyə ki, ərazi bütövlüyümüz uğrunda Ali Baş Komandanın döyüş əmrinə hər an hazırdır. O qüvvəyə ki, təmas xəttində Vətənimizin keşiyində xalqımızın rifahı naminə ayıq-sayıq dayanır və düşmənin təxribatlarının qarşısını cəsarətlə alır.

Nərgiz Heybətova

Respublika Uşaq Sanatoriyasının mühəndisi

Bütün xəbərlər Facebook səhifəmizdə