"Rusiya tənzimləmə prosesinin uzanmasında maraqlı görsənir" - POLİTOLOQ AÇIQLADI

"Lavrovun səfəri daha çox Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin son Brüssel görüşü ilə əlaqədar ola bilər. Belə ki, Brüssel görüşündə sərhədlərin delimitasiyası və demorkasiyası ilə bağlı razılıq əldə olundu və bu istiqamətdə iki ölkə arasında birgə komissiyasının yaradılması qərara alındı". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Vüqar Əhmədov bildirib.

Onun sözlərinə görə, lakin Avropa İttifaqı Rusiya qədər proseslərə yaxın deyil, ona görə böyük ehtimal həm sərhədlər, həm də kommunikasiyalarla bağlı iki ölkə arasında hər hansı razılıq əldə olunacaqsa, bu razılıq Moskvada əldə olunacaq: "Ümumiyyətlə hər Brüssel görüşündən sonra Moskva prosesləri nəzarətdə saxlamaq üçün hər iki ölkə ilə təmasları artırır. Bu dəfə Rusiyanın xarici işlər naziri birinci İrəvana, daha sonra Bakıya səfər etmişdir. Bu səfərdən sonra Ermənistan tərəfi ziddiyyətli bəyanatlar verərək tənzimləmə prosesini uzatmağa cəhd edir.

Düşünürəm ki, Rusiya daha çox tənzimləmə prosesinin uzanmasında maraqlı görsənir. Xüsusən Zəngəzur dəhlizi isə bağlı rusiyalı ekspertlər pessimist proqnozlar verirlər. Lakin burada bir məsələ var ki, əgər Brüsselin və ya müstəqil olaraq Azərbaycan və Ermənistan tərəfi real razılığa gəlməyə yaxın olsalar, o zaman Moskva təşəbbüsü əldən verməyərək bu razılığın Moskvada əldə olunmasına çalışacaq. Digər tərəfdən Rusiyanın başı Ukraynadakı müharibəyə qarışdığından bu məsələnin dondurulmasına və gələcəkdə bu məsələdən qərb ilə münasibətlərinin düzəldilməsi üçün istifadə edə bilər kimi görünür".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...