Bakıda XIV Forum keçirilib - FOTOLAR

İyunun 28-də Bakıda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XIV Forumu keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşkilatçılığı ilə baş tutan Forumda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya, Rumıniya və Şimali Kipr Türk Cümhuriyyətindən nümayəndə heyətləri iştirak ediblər. SİA xəbər verir ki, forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.

Şəhidlər xiyabanına gələn Forum iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.

Sonra Forum öz işinə başlayıb. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqələlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanda təhsil sahəsinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətini təşkil edir: “Hər il Azərbaycanda təhsil infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılır, yeni-yeni məktəb binaları inşa olunur, təmir edilir, təhsil müəssisələrinin maddi-texniki təminatı daha da gücləndirilir, təhsilin inkişafını təmin edən dövlət proqramlarının icrası davam etdirilir, yeni strateji layihələr qəbul olunur. Həmçinin təhsil sahəsində çalışan insanların sosial təminatının yaxşılaşdırılması da daim dövlət tərəfindən diqqət mərkəzində saxlanılır. Hər il dövlət büdcəsində təhsilə ayrılan vəsaitin miqdarı əhəmiyyətli şəkildə yüksəlir, təhsil işçilərinin əməkhaqları artırılır.

ATİAHİ RK-nın fəaliyyətindən danışan S.Möhbalıyev qeyd edib ki, təşkilat təhsil işçilərinin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, təhsil sektorunda çalışan işçilər və təhsilalanlarla müəssisə rəhbərləri arasındakı əmək münasibətlərinin normal məcrada qurulması, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları ilə bağlı yarana biləcək ziddiyyətlərin aradan qaldırılmasında və qanuni mənafelərinin qorunması ilə bağlı müəyyən etdiyi məqsədlərə nail olmaq üçün Azərbaycan Təhsil Nazirliyi ilə də yaxından əməkdaşlıq edir. Həmçinin təşkilat həmkarlar ittifaqı üzvlərinə daha yaxşı xidmət edə bilmək üçün dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən yararlanır.

S.Möhbalıyev bildirib ki, ATİAHİ RK-nın təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də UAESEB-dir: “Bu birlik 2006-cı ildə Türk Egitim-Sen, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycanın Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə qərarı ilə təsis edilib. Sonradan bu birliyə İraq, Şimali Makedoniya, Şimali Kipr Türk Cümhuriyyəti, Ruminiya və Kosovada fəaliyyət göstərən türkdilli təşkilatlar da qoşulub. Ümid edirik, bu təşkilatın sıraları daha da genişlənəcək və tez bir zamanda Özbəkistan və Türkmənistanın, eləcə də digər qardaş ölkələrin həmkarlar ittifaqı təşkilatları da bu quruma qoşulacaq. Bu birliyin yaradılması türkdilli ölkələrin təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının, eləcə də türkdilli xalqların yaşadığı ölkələrdə fəaliyyət göstərən təşkilatlar, dərnəklər arasında əlaqələrin qurulmasına xidmət edir. Əminliklə demək olar ki, təşkilat uğurlu fəaliyyət göstərir və keçən müddət ərzində qarşısına qoyduğu məqsədlərə nail ola bilib”.

S.Möhbalıyev bildirib ki, bu gün türkdilli ölkələr arasında çox yaxın münasibətlər var. Bu ölkələr bir birinə yaxından dəstək verir. Azərbaycan olaraq biz bu dəstəyi II Qarabağ savaşında bir daha gördük.

AHİK sədri UAESEB-in XIV Forumun fəaliyyətinə uğurlar arzulayıb.

Sonra tədbirdə Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Forumun əhəmiyyətindən, təhsil sahəsində türkdilli ölkələr arasında əlaqələrin inkişafından və son illərdə Azərbaycan təhsilində əldə olunmuş nailiyyətlərdən bəhs edib.

Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin və Türk Egitim-Senin sədri Talip Geylan UAESEB-nin yaradılmasının məqsədlərindən, funksiyalarından, həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, Türkdilli ölkələr arasında əlaqələr bütün sahələri əhatə etməklə yüksələn xətlə inkişaf etməkdədir. O bildirib ki, rəhbəlik etdiyi qurum türkdilli dövlətlər arasında mövcud olan münasibətlərin daha da dərinləşməsində, təhsil sahəsində əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynamaqdadır.

O, Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını düşməndən təmizləməsini bütün Türk dünyasının parlaq qələbəsi adlandırıb. Qeyd edib ki, Türk dövlətlərinin heç bir ölkənin torpaqlarında gözü yoxdur: “Biz bunu 44 günlük Vətən müharibəsində da gördük. Azərbaycan Ordusu dünya ölkələrinin təzyiqlərinə baxmayaraq, qəhrəmanlıq göstərərək tarixi Zəfərə nail oldu. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Qarabağ problemi bitib və Qarabağ Azərbaycandır! Ermənistan gərək bundan sonra normal qonşuluq siyasətini davam etdirsin. Əks halda, özünə problem yaradacaq”.

Digər çıxış edənlər - Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşeva, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Asilbek Toktoqulov, Şimali Makedoniya İnformasiya və İdarəetmə nazirinin müşaviri, Üfüq Dərnəyinin sədri Elvin Hasan, Kipr Türk Məmur-Senin sədri Akın Manqa, Rumıniya Türk Demokrat Birliyi Təhsil Komissiyasının sədri Vildan Bormambet və Özbəkistan Təhsil, Elm və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Ravşan Bedilov ölkələrində həmkarlar ittifaqlarının fəaliyyətindən, cəmiyyətin inkişafında rolundan, ölkənin ictimai həyatında xidmətlərindən söz açıblar. Həmçinin UAESEB-nin ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən danışıblar. Bütün çıxış edənlər 44 günlük Vətən müharibəsindəqazanılmış qələbə münasibətilə azərbaycanlı həmkarlarına təbriklərini çatdırıb və bunu Türk dünyasının şanlı tarixi adlandırıblar.

Tədbirin sonunda UAESEB-nin XIV Forumununyekun Bəyanatı səsə qoyularaq qəbul edilib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...