“Bu gün ordumuz müxtəlif növ hərbi texnika ilə təchiz olunub” - DEPUTAT ŞƏRH ETDİ

“Müsəlman şərqində ilk müstəqillik qazanan Azərbaycan Xalq Cümhuriyyəti yarandığı vaxtlardan ordu quruculuğu sahəsində böyük işlər görmüşdür. 1918-ci il iyunun 26-da hökumətin qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bununla da milli silahlı qüvvələrinin yaradılmasının əsası qoyuldu. Cəmi 23 ay ömrü olan AXC süquta uğradıqdan sonra ordu quruculuğu prosesi dayandı. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra məhz onun qətiyyəti və siyasi iradəsi nəticəsində ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesi başlandı. 1971-ci ildə Heydər Əliyev Azərbaycanda hərbi kadr hazırlayan məktəbin - Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin açılmasına nail oldu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.


Onun sözlərinə görə, bu məktəb fəaliyyətə başlayandan sonra gənclərin hərb sənətinə marağı artdı: “Respublikamızda zabit kadrların yetişdirilməsində bu hərbi məktəbin müstəsna rolu oldu. Məhz ulu öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəbində təhsil almaları, eləcə də SSRİ-nin digər nüfuzlu hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində böyük işlər görülməyə başlanıldı. Ulu öndərin qətiyyətli və müdrik siyasəti nəticəsində 1994-cü ildə Ermənistanla atəşkəs haqqında müqavilə imzalandıqdan sonra ordumuzun formalaşdırılması sürətləndi, silahlı qüvvələrin maddi texniki təminatı yaxşılaşdırıldı.

Ulu öndər Heydər Əliyevin 22 may 2998-ci il tarixli Fərmanına əsasən 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olundu və bu gün ölkəmizdə qeyri iş günü sayıldı. Ulu öndər Heydər Əliyev hərbi təhsil sisteminin inkişaf etdirilməsi və təkmilləşdirilməsinə xüsusi diqqət ayırırdı. 1999-cu il fevralın 20-də Heydər Əliyev Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. 20 avqust 2001-ci il Fərmanına əsasən Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər, Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik məktəbi və Azərbaycan Hərbi Təyyarəçilər məktəbi adlandırıldı.
1990-cı illərin ortalarından etibarən Azərbaycan NATO ilə əməkdaşlığa başladı. Əməkdaşlıq silahlı qüvvələrin modernləşməsinə, şəxsi heyətin müasir hərbi texnikalarından istifadə bacarığının yüksəlməsinə imkan yaratdı. 2001- ci ildən Azərbaycan NATO nun "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı" na qoşuldu. 2000-dən çox Azərbaycan hərbiçisi Beynəlxalq Sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstan və İraqda təhlükəsizliyin təmin edilməsində yaxından iştirak etməyə başladı. Bunun nəticəsində Azərbaycan ordusu modern orduya çevrildi.

Müdafiə Sənayesi Nazirliyinin yaradılması və burada 400-dən çox müdafiə təyinatlı məmulatların istehsal edilməsi nəticəsində Azərbaycan ordusunun maddi - texniki bazası daha da genişləndirildi. Azərbaycan öz ordusunu özünün istehsal etdiyi müxtəlif təyinatlı silah sursatla təmin etməyə başladı.
Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtlardan Silahlı Qüvvələrin maddi texniki təchizatının yenilənməsinə, ordumuzun dünyanın ən müasir silahlarla təminatına, hərbiçilərimizin sosial - məişət məsələlərinin həllinə xüsusi diqqət ayırır. Bu gün Azərbaycanın sürətlə inkişaf edən hərbi sənayesi ordumuzu müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları ilə təchiz edir.

Azərbaycan ordusu Qafqazın ən müasir ordusu hesab olunur. Azərbaycanın Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru Qoşunlarından ibarətdir. Azərbaycan MDB məkanında Hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi "Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik". Doğrudanda da bu gün fəxrlə deyə bilirik ki, Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır.

Vətən Müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğunda bir çox islahatlar aparıldı, yeni hərbi hissələr yaradıldı. Prezident Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Komando hərbi hissəsi yaradıldı. 2021-ci ilin 24 dekabr tarixində Xocavənd rayonu Hadrut qəsəbəsində Prezident cənab İlham Əliyev yeni yaradılmış hərbi hissənin açılışında iştirak etdi və hərbiçilərimizin qarşısında çıxış etdi. Komando hərbi hissəsində yüksək təlim keçmiş, böyük iradə nümayiş etdirmiş və Vətən uğrunda canını, qanını fəda etməyə hazır olan oğullarımız xidmət edəcək. Ölkə başçımız çıxışında bu cür hərbi hissələrin sayının artırılacağını da vurğuladı.
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində də mühüm işlər aparılır. Bu işlərin mütəşəkkil aparılması üçün 2022-ci ildə Milli Müdafiə Universiteti yaradıldı. Bu gün hərbi təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində də geniş miqyaslı işlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nda dəyişikliklər edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv edilərək onun maddi texniki bazasında iki müstəqil institut yaradıldı”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Prezident cənab İlham Əliyevin dünyada Ermənistanın işğalçı dövlət kimi tanınması istiqamətində apardığı uğurlu və qətiyyətli siyasətinin nəticəsi olaraq Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində əks hücuma keçərək 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək tam qələbə qazandı: “İgid Azərbaycan oğullarının qəhrəmanlığı, şücaəti və şəhidlərimizin qanı, canı bahasına qazandığımız qələbəyə bütün dünya şahid oldu. 44 günlük müharibə zamanı xaricdəki bəzi qüvvələrin təhdidlərinə baxmayaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu və Azərbaycan xalqı tarix yazdı.

Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Vətən Müharibəsində qazandığımız qələbə münasibətilə orden və medallar təsis edildi. "Zəfər" və "Qarabağ" ordenləri ilə yanaşı "Vətən Müharibəsi Qəhramanı" medalı da daxil olmaqla döyüşlərdə qəhramanlıq göstərmiş minlərlə hərbiçimiz 15 adda yeni təsis olunmuş medallarla təltif olunmuşdur.
Dünyanın bir çox mətbuatında, eləcə də ABŞ ın bir neçə hərbi məktəblərində Azərbaycan Ordusunun apardığı hərbi taktikanı öyrənərkən belə bir nəticəyə gəlinib ki, dünyanın ən güclü ölkəsinin Ordusu belə Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməzdi. İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi taktika hərb tarixində yenilik hesab olunur. ABŞ Hərbi Akademiyası və Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi taktikasının öyrənilməsi zəruriliyini də vurğulamışdır.

Vətən Müharibəsində bütün xalq bir yumruq kimi birləşdi. Xalqımız öz ordusuna inandı və onunla bir oldu. Müharibədə qazandığımız qələbəni şərtləndirən ən əsas amillərdən biri də xalq - iqtidar birliyi oldu. Bu gün də dövlət siyasəti xalq tərəfindən dəstəklənir. Xalqımızın Prezident cənab İlham Əliyevə inamı və dəstəyi Azərbaycan dövlətini daha böyük qələbələrə aparacaq”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə