Azərbaycan Respublikasının Silahlı Qüvvələri milli qürur mənbəyimizdir ŞƏRH

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidi. Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır. Heydər Əliyevi daim yaşadacaq amillərdən biri də onun ordu quruculuğu sahəsində hər zaman öyrənilməsinə ehtiyac olacaq, izləniləcək, nəsillərdən-nəsillərə ötürüləcək zəngin irsidir. Azərbaycan xalqının arzusunu, istəyini, müstəqil dövlət quruculuğunun fəlsəfəsini əks etdirən bu irs Azərbaycanda ordu quruculuğu təfəkkürünü, bu prosesə milli yanaşmanı formalaşdıracaq, Silahlı Qüvvələrin güc və ilham mənbəyi olan xalq və ordu birliyinin nəzəri və əməli bazasını təmin edə biləcək ən yaxşı örnəkdir. Bu örnək metodoloji baxımdan qiymətini heç zaman itirməyəcəkdir. Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ Sovetlər dövründən götürürdü. Müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdu. Hələ Sovetlər dönəmində ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri heç şübhəsiz özünün rəhbərliyi altında Azərbaycan Kommunist Partiyası Mərkəzi Bürosunun qərarı ilə 19 aprel 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin təsis olunmasıdır. Bu liseyin açılması Heydər Əliyevin vaxt ötdükcə öz əhəmiyyətini daha da artıracaq tarixi nailiyyəti, bu böyük dühanın öz xalqının gələcəyinə bağlılığının heç zaman unudulmayacaq nişanəsidir. Çox böyük maneələrin mövcud olmasına baxmayaraq milli hərbi ənənələrin canlandırılması və gənclərin hərb işinə cəlb edilməsi üçün fövqəladə əhəmiyyətə malik olan belə bir təhsil ocağının açılması Heydər Əliyevin mübarizliyinin, fədaklarlığının təntənəsi idi.

Azərbaycan Respublikası ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra ölkədə ictimai-siyasi vəziyyət ağır olduğu üçün milli orduda hərcmərclik höküm sürürdü. Siyasi hakimiyyət uğrunda mübarizə güclənmiş, bəzi siyasi dairələr öz şəxsi maraqlarını təmin etmək nizamsız silahlı qüvvələrdən istifadə etmiş və ən əsası isə dogma Qarabağımızın rayonları erməni silahlı qüvvələri tərəfindən biri-birinin ardınca işğal olunmağa başlanmışdır. Belə bir vəziyyətdə xalqımız əlbət ki, çıxış yolunu ulu öndər Heydər Əliyevdə görürdü. Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Bunda sonra ümummilli lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. 20 avqust 2001-ci il tarixli fərmanı ilə də Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Qeyd edək ki, ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilmişdir. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Həmin ildən etibarən hər il 26 iyun tarixində vətənimizdə Silahlı Qüvvələr Günü kimi qeyd edilir. Müasir Azərbaycan Respublikasının memarı ulu öndər Heydər Əliyev tərəfində əsası qoyulan ordu quruculuğu siyasəti ümummilli liderimizin layiqli davamçısı cənab Prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarilə ilə yeni mərhələyə qədəm qoydu. Dövlətimizin başçısı cənab İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi.

Müasir ordu quruculuğu prosesində cənab Prezident İlham Əliyevin həyata keçirdiyi hər bir islahat, tətbiq etdiyi yenilik son dərəcə səmərəli olub. Bu yeniliklər kompleks yanaşma siyasətinin tərkib elementi kimi çıxış edib. Dövlətimizin başçısının ordu quruculuğu istiqamətində atdığı addımlar sırasında Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında mənəvi baxımdan sağlam ab-havanın yaradılması, yüksək mübarizə əzminin və əhval-ruhiyyənin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edib. Təsadüfi deyil ki, dövlətimizin başçısı təkcə bütün dünyaya nümunə olacaq müasir ordunun qurucusu olmaqla yanaşı, həm də hərbçilərini Vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran komandan kimi tanınmaqdadır. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, Vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində büruzə verdi. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin sərgilədiyi qəhrəmanlıq – düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi gerçəyi deyilənlərə nümunədir. Məhz bu ruh yüksəkliyinin və peşəkarlığın nəticəsidir ki, Azərbaycan Ordusu otuz ilə yaxın müddətdə möhkəmləndirilmiş istehkamlarda güclü mövqelər quran düşmənə qarşı çətin relyef şəraitində ən müasir standartlar səviyyəsində döyüş apararaq, 44 gün ərzində şanlı Qələbə qazandı.

Ülviyyə Əliyeva

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə