Prezident İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir səhifə açmiş oldu ŞƏRH

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş düşünülmüş, uzaqgörən və müdrik strategiyaya əsaslanan xarici siyasət kursu möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeyi xeyli möhkəmlənmiş, əlaqələri genişlənmiş, ölkəmiz dünyada söz sahibinə çevrilmişdir. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasını uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasında kı nüfuzunu xeyli artırıb. Bu illər ərzində ölkəmiz regional liderə çevrilmişdir. Məlum olduğu kimi, iyunun 21-də Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri baş tutub. Səfər çərçivəsində dövlət başçısı ilə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında müzakirələr keçirilib, eyni zamanda Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə imzalanıb. Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq keçmişə əsaslanır. İki ölkə xalqlarını yaxın adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1995-ci ildə qurulmuş, 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistan Respublikasında, 1998-cı ilin may ayında isə Özbəkistanın Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayrılmış, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyət kəsb etmişdir. Bu baxımdan da, cənab prezidentin Özbəkistana bu tarixi səfəri də təbii ki, iki qardaş, dost ölkə olaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir.

Səfər çərçivəsində 20-yə qədər sənəd imzalanmışdır ki, bu sənədlərin hər biri özü-özlüyündə mühüm əhəmiyyətə malikdir. İki ölkənin inkişafının çox illər əvvəlcədən istiqamətini müəyyən edən birgə Bəyannamə imzalanmışdır ki, bu sənəd mahiyyət ehtibarı ilə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır. Eyni zamanda, strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi məzmununu əks etdirən bu tarixi Bəyannamə böyük qlobal xarakter daşımaqla yanaşı, eləcədə, gələcək fəaliyyətimizin yol xəritəsidir desək, hec də yanılmarıq. Bu baxımdan da, dövlət başçımızın ötən gün Özbəkistan Respublikasına rəsmi işgüzar səfəri təkcə bizim niyyətlərimizin təsdiqi deyil, həmçinin xalqlarımızın qardaşlığının və dostluğunun təzahürü, münasibətlərimizin möhkəm təməl sütunudur.

Səfər çərçivəsində mühüm hadisələrdən biri də Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın açılışı oldu. Bu, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə olan sayğı və etimadın, həm də xalqlarımızın qardaşlığının və dostluğunun ən bariz təzahürü kimi nümayiş olundu. Küçə, meydan, barelyef, gözəl parklar-bütün bunlar əvəzolunmaz liderimizin xatirəsinə və Azərbaycan xalqına olan böyük sevgini əks etdirməklə yanaşı, bütövlükdə, Azərbaycan-Özbəkistan xalqlarının möhtəşəm birliyinin, həmrəyliyinin bariz göstəricisi idi. Bütün bunlar isə heç də təsadüfi xarakter daşımır. Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir. Təbii ki, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Prezident cənab İlham Əliyevin Özbəkistana rəsmi səfəri ilə əlaqədar bəyanatında da bu məsələ xüsusi vurğulanır. Və qeyd edilir ki, Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır. 21 İyun tarixli səfər, aparılmış danışıqlar və imzalanmış sənədlər bütün bunalrın əyani təsdiqidir. Bu baxımdan da, müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün böyük töhfə olacaqdır. Cənab prezidentin Özbəkistan səfərini həm xarici siyasət baxımından, həm də Azərbaycan və Özbəkistan arasında əlaqələrin daha yüksələn xətlə inkişafında mühüm töhfə kimi qiymətləndirmək olar. Beləliklə, eyni zamanda Prezident İlham Əliyevin Özbəkistan Respublikasına işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir səhifə açmış oldu.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...