“Öz ağılları ilə siyasət qurmaq istəyirlər” - POLİTOLOQ AÇIQLADI

“Son günlər erməni təxribatlarının artması təsadüfi deyil. Bir neçə gündür Ermənistan ərazisindəki məntəqələrdən Laçın və Kəlbəcərin yaşayış məntəqələri atəşə tutulur. Doğrudur, bizim vətəndaşlar hələlik orada yaşamasa da, orada ordumuz var, həmçinin quruculuq işləri gedir. Bu zaman da onların həyatı üçün ciddi təhlükə yaranır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 ildir ki, bu təxribatlara alışıb: “Azərbaycanla Ermənistan arasında hər hansı razılaşma gündəmə gələndə çox ciddi təxribatlar törədilir. Bunun arxasında duran və bizi sevməyərək Ermənistanı dəstəkləyən qüvvələr var. Amma Ermənistan daxilində də çox ciddi depressiya yaranıb. Son günlər Ermənistan mətbuatında Azərbaycanla Rusiya arasında bağlanmış əməkdaşlıq haqqında ikitərəfli bəyannamə çox ciddi müzakirələrə səbəb olub. Ermənilər bəyənnamənin bağlanmasından 4 ay sonra başa düşüblər ki, 11-ci bənddə qeyd olunur ki, Azərbaycan və Rusiya öz ərazisində olan təxribatçı qüvvələrə qarşı birgə fəaliyyət göstərəcək”.

Politoloq sözlərinə belə davam edib: “Ermənilər iddia edir ki, guya onların xəyallarını Azərbaycan və Rusiya prezidentləri məhv edib. Bəyənnamənin digər bəndlərinə də fikir verirlər və onları xüsusilə Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq barədə razılıq narahat edir. Onlar bəyannamə ilə tanış olduqdan sonra anlayıblar ki, Azərbaycan Ermənistanla bağlı olan bütün məsələləri Rusiya ilə həll edib. Burada kommunikasiyaların açılması ilə bağlı bəndi Paşinyana müraciət kimi göstərirlər.

Görünən odur ki, Ermənistan daxilində ciddi qarşıdurmalar var. Bu təxribatları törədənlər Ermənistan ordusunda Paşinyana tabe olmaq istəməyən qüvvələrdir. Onlar çalışırlar ki, təxribat törətsinlər və azərbaycanlılar sərhədi keçsinlər. Öz ağılları ilə siyasət qurmaq istəyirlər. Lakin hələ ki uğur əldə edə bilməyiblər və bu alınmayacaq.

Zəngəzur dəhlizi də açılacaq. Ermənistan sülh müqaviləsi imzalamağa da məcbur olacaq. Sərhədlərin delimitasiya və demarkarsiyası ilə bağlı məsələlər gündəmə gələcək. Onlar başa düşməlidir ki, artıq Qarabağ haqqınnda hansısa fikir söyləyə bilməzlər. Qatar onlar üçün artıq gedib”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə