Azərbaycanda dinlərarası münasibətlər yüksək səviyyədə tənzimlənib TƏHLİL
Dinlərarası, millətlərarası münasibətlərdə dünya üçün örnək olan Azərbaycan tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan, milli-mənəvi dəyərlərinə sadiq dövlətdir. Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı məhz ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Bir sözlə, Azərbaycan bu sahədə dünyaya örnək bir dövlət kimi özünü təsdiqləyə bilib. Ölkəmizdə dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. Müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün bütün şərait yaradılıb.
Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu Öndər Heydər Əliyev öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı, qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi. Ümummilli Liderin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq qurumlar tərəfindən də hər zaman müsbət qarşılanıb.
Qeyd edək ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Azlıqların milli təşkilatlarının müxtəlifliyi ənənələrlə bağlıdır. Xüsusi etnik birliklər daha çox dini zəmində yaranır.
DİL VƏ DİNLƏRİNİN MÜXTƏLİFLİYİNƏ BAXMAYARAQ, HƏR KƏS AZƏRBAYCANIN BƏRABƏRHÜQUQLU VƏTƏNDAŞIDIR
Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Hazırda, Azərbaycanda onlarla milli azlığın nümayəndəsi yaşayır: rus, ukrayn, tat, kürd, belarus, talış, yəhudi, türk, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu, regionun inkişaf edən ölkəsi kimi Azərbaycan üçün ən təqdirəlayiq hal kimi qiymətləndirilir. Sovetlər Birliyi dağılandan sonra Azərbaycanda bır sıra mədəniyyət mərkəzləri yaradıldı. Milli azlıqlar tarixi, mədəni adət-ənənələrini qoruyub saxlamaq naminə öz mədəniyyət mərkəzlərini yaratdılar. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin "Orayin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Beynəlxalq "İudaika" Cəmiyyəti, Məhsəti Türklərinin Vətən Cəmiyyətini göstərmək olar.
Azsaylı xalqların folklorunun, mədəniyyətinin geniş təbliği üçün bədii özfəaliyyət kollektivlərinin repertuarının milli zəmində inkişafı üçün tədbirlər həyata keçirilir. Saatlının "Adıgün" – Axıska türkləri, Cəlilabadın "Ruçeyok" - rus, Qaxın "Şividkatsa" - gürcü, Zaqatalanın "Ceyranım" - saxur, Qubanın tat, yəhudi, Qusarın "Trillo", "Şahnabat", "Mel", "Qayıbulaq", "Şahdağ", "Dustaval" və "Melodiya" - ləzgi, Laçının kürd, Balakənin "Xoylo" - avar, Lənkəranın "Şənlik", "Bacılar" folklor mahnı və rəqs, Masallı rayonu "Halay", Lerik rayonunun "Laqutto", Astaranın "Sevinc" - talış, İsmayıllı rayonu İvanovka kənd mədəniyyət evinin - malakan, Bakı şəhərindəki "Gözəlim" tatar bədii özfəaliyyət kollektivləri bu qəbilədəndir.
DİNİ VƏ YA İRQİ AYRI-SEÇKİLİYƏ YOL VERİLMƏYİR
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi kurs Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada işğaldan sonra ilk dəfə keçirilən "Xarıbülbül" festivalı da Azərbaycanın multikultural ənənələrinə sadiq qaldığını bir daha təsdiqlədi. Tədbirdə ölkəmizdə yaşayan ayrı-ayrı xalqların yaradıcılıq qruplarının bir-birindən maraqlı çıxışları bütövlükdə festivalın rəngarəngliyini daha da artırdı. 44 günlük Vətən müharibəsində Azərbaycandakı bütün xalqların təmsilçiləri misilsiz fədakarlıqlar göstərdilər və Şuşada keçirilən festivalda onların iştirakı böyük sevincə səbəb oldu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında "Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır", - deyə bildirmişdi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq, hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırmış oldular.
Beləliklə, əminliklə deyə bilərik ki, Azərbaycanın multikulturalizm dəyərlərinə sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, protestantlar, yəhudilər daxil olmaqla, müxtəlif etnik və dini qruplar əsrlərdir sülh, qardaşlıq, qarşılıqlı hörmət şəraitində yaşayır. Burada etnik və dini qruplar arasında hər zaman güclü əlaqələr olub. Bu ölkədə heç zaman dini və ya irqi ayrı-seçkilik olmayıb.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB