Qlobal Bakı Forumu mühüm problemlərin həllinə töhfə verəcək ŞƏRH

Qlobal Bakı Forumu mühüm problemlərin həllinə töhfə verəcək ŞƏRH

2022-ci il iyunun 16-da Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqəti və himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumu keçirildi. Sayca 9-cu olan Bakı Forumunda dünyəvi əhəmiyyət kəsb edən məsələlər müzakirə olundu. İlk öncə onu qeyd etmək istəyirəm ki, yüksək səviyyəli tədbirlərin müntəzəm olaraq ölkəmizdə keçirilməsi dövlətimizin artan nüfuzundan xəbər verir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti ölkəmizin dünyada nüfuzunu gündən-günə daha da artırır. Bunu IX Qlobal Bakı Forumu bir daha əyani olaraq göstərdi. Beynəlxalq səviyyəli tədbirdə 50-dən çox ölkədən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatının rəsmiləri, həmçinin digər nüfuzlu qonaqlar iştirak etdi. Tədbir panellər formasında təşkil olundu və bir sıra vacib əhəmiyyət kəsb edən məsələlərlə bağlı müzakirələr aparıldı. Forumda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı və həmin çıxış əsnasında verdiyi bəyanatlar çox mühüm əhəmiyyətə malikdir. Digər beynəlxalq səviyyəli çıxışlarında qeyd etdiyi kimi Prezident İlham Əliyev bu Forumda da Azərbaycan-Ermənistan münasibətlərinin bu günü, gələcəyi, Zəngəzur dəhlizi və onun açılması məsələsini həmçinin sərhədlərin müəyyən edilməsi ilə bağlı önəmli və konkret fikirlər səsləndirdi. Ölkə başçısı qeyd etdi ki, regionda sabitliyin, sülhün, inkişafın bərqərar olunması üçün Azərbaycanın sülh səyləri Ermənistan tərəfindən yüksək qiymətləndirilməli, dəstəklənməli, həmçinin təxribat xarakterli addımlardan imtina edilməlidir.

Otuz illik işğalın ağır nəticələrinə həssaslıqla toxunan ölkə başçısı qeyd etdi ki,Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanındı. Müharibə bitdikdən sonra beynəlxalq aləm onların işğal zamanı hansı dağıntıları törətdiklərini öz gözləri ilə gördü. Milli-mənəvi dəyərlərimizə, tarixi adət-ənənələrimizə düşmən gözü ilə yanaşan Ermənistan bunları işğal edilmiş ərazilərdə məhv etməyə çalışdı, lakin tarixi ədalət bərpa olundu. Prezident İlham Əliyev inkişaf naminə sülh məsələsinin aktuallığını xüsusi ilə vurğuladı: ”Azərbaycan sülhü sabitlik və regionun dayanıqlı inkişafı naminə istəyir” fikrini xüsusi ilə qonaqların nəzərinə çatdırdı. Ölkə başçısı qeyd etdi ki, atılan addımlar, sülhün bərpa olunması qarşılıqlı olmalıdır. Azərbaycan müharibədən sonra bu istiqamətdə kifayət qədər işlər görüb və eyni addımı Ermənistandan da gözləyir. Prezident İlham Əliyev Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həllinin vacib olduğunu vurğuladı. Həmçinin ölkə başçısı qeyd etdi ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılması vacib şərtlərdəndir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağrışları dəstəklənməli, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilməlidir.

Üzeyir Eyvazov

YAP Biləsuvar rayon təşkilatı Ovçubərə kənd ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə