Azərbaycan BMT-nin ixtisaslaşmış təşkilatları ilə sıx əməkdaşlıq edir TƏHLİL

Azərbaycan BMT-nin ixtisaslaşmış təşkilatları ilə sıx əməkdaşlıq edir TƏHLİL

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə diplomatik əlaqələr qurmuş, müxtəlif sahələri əhatə edən müqavilələr imzalanmış, əməkdaşlıq dostluq və etimada əsaslanmışdır. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qaydışından sonra dövlətlərarası münasibətlər möhkəmlənmişdir. Bildiyimiz kimi, Azərbaycan bir çox beynəlxalq təşkilatlarla yanaşı, Birləşmiş Millətlər Təşkilatına da müstəqilliyimizin bərpasının ilk illərində üzv olub. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb. 1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin noyabrında isə, BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi, qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub. Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də, qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib. Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayıb. Qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi də Azərbaycanın BMT ilə münasibətlərinin inkişafına töhfəsini verib. 2016-cı ilin 12 iyul tarixində BMT və Azərbaycan hökuməti arasında 2016-2020-ci illər üzrə Azərbaycan ilə BMT sistemi arasında münasibətləri tənzimləyən "BMT və Azərbaycan Tərəfdaşlıq Çərçivəsi" adlı sənəd imzalanmışdır.

ŞUŞA BÖLGƏNİN BƏRPA-QURUCULUQ VƏ QƏLƏBƏ SİMVOLUDUR

Car ildə bu əlaqələrin qurulmasının 30 ili tamam oldu. İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edərkən dövlət başçısı Azərbaycanın BMT və onun ixtisaslaşmış təşkilatları ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb. Dövlətimizin başçısı Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyət göstərdiyini və ölkənin əsas inkişaf göstəricilərinin davamlı surətdə artdığını qeyd edib. Görüşdə dövlətimizin başçısı bu il Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinin qeyd edildiyini, mart ayında Şuşada bununla əlaqədar konfransın keçirildiyini və bunun xüsusi rəmzi məna daşıdığını diqqətə çatdırıb. Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, postpandemiya və postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etmək olmuşdur. Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyır. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, hazırda bölgənin bərpa-quruculuq, tərəqqi, qələbə simvoludur.
Xatırladaq ki, Şuşada keçirilən konfransın iştirakçıları əvvəlcə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gedərək, aeroport ilə yaxından tanış olmuş, daha sonra Zəfər yolu ilə Şuşaya səfər etmişdilər. Əlbəttə ki, toplantı iştirakçıları ərazilərimizlə, aparılan abadlıq-quruculuq işləri ilə tanış olublar. Bu bir tarixi həqiəqətdir ki, Azərbaycan BMT-yə qoşulduqdan təxminən iki ay sonra Şuşa Ermənistan silahlı birləşmələri tərəfindən işğal olundu. Azərbaycanlılar öz şəhərindən, yurdlarından didərgin salındı. 44 günlük Vətən müharibəsindən sonra Şuşa azad edildi. Öz simasını günbəgün dəyişən Şuşa bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu, onu göstərir ki, Azərbaycanın iqtisadi gücü nəticəsində işğaldan azad olunan ərazilərimiz yenidən qurulur. Azərbaycan-BMT əməkdaşlığa başladığı zamanda ölkəmiz humantir yardım alırdısa, bu gün inkişaf edən, dünya birliyində böyük gücə, nüfuza malik olan ölkəyə çevrilib. İşğal dövründə yerlə-yeksan edilmiş ərazilərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz yurdlarına geri qayıtması əsas prioritetlərindəndir. Azad edilmiş torpaqlarda reabilitasiyaya mane olan əsas məqam bu ərazilərin minalarla çirkləndirilməsidir.

2020-Cİ İL NOYABRIN 10-DAN İNDİYƏDƏK 220-DƏN ÇOX ŞƏXS MİNA HADİSƏLƏRİ NƏTİCƏSİNDƏ HƏLAK OLUB VƏ YA XƏSARƏT ALIB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tatyana Valovayanı qəbulu zamanı onu da bildirib ki, işğaldan azad edilmiş ərazilərimizin bərpasının və yenidən qurulmasının hazırda ölkəmizin gündəmində prioritet vəzifələrdən biri olduğunu, Azərbaycanın böyük mina problemi ilə üzləşdiyini diqqətə çəkib. 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını, bu gün daha bir analoji hadisənin baş verdiyini bildirib. Söhbət zamanı Azərbaycan ilə BMT-nin Cenevrədəki ofisi və ixtisaslaşmış təşkilatları arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Vurğulamaq yerinə düşər ki, Azərbaycan 2012-2013-cü illərdə dünyanın 150-dən çox ölkəsinin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz, iki il ərzində, qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirmiş, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini vermiş, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynamış və daim öz qətiyyətli mövqeyini ortaya qoymuşdur.

AZƏRBAYCAN BMT TƏRƏFİNDƏN MÜƏYYƏNLƏŞDİRİLƏN HƏDƏF VƏ MİSSİYALARIN YERİNƏ YETİRİLMƏSİNƏ TÖHFƏ VERİR

Həmin illərdə Azərbaycan BMT-nin prinsip və normalarının reallaşdırılmamasından, Ermənistanın davamlı işğalından əziyyət çəkirdi. Bu gün isə Azərbaycan BMT tərəfindən müəyyənləşdirilən hədəf və missiyaların yerinə yetirilməsinə, xüsusilə də sülh və təhlükəsizliyə töhfə verir. Azərbaycan bu gün BMT-nin müxtəlif institutları ilə sıx əməkdaşlıq edir. Təhlükəsizlik sahəsində Azərbaycan sıx əməkdaşlığı davam etdirir və praktiki addımlar ataraq prosesə öz töhfələrini verir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının mandatı əsasında dünyanın müxtəlif nöqtələrində sülhməramlı missiyaya dəstək verir. Kosovo, Əfqanıstan və digər ölkələrdə Azərbaycanın sülhməramlı missiyası fəaliyyət göstərib. Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə humanitar dəstək verib, həmçinin 5 ölkəni 2 milyon dollar dəyərində peyvəndlə təmin edib.
2021-ci il martın 1-də BMT ilə Azərbaycan arasında növbəti beş il üçün əməkdaşlığın əsas istiqamətlərini əks etdirən saziş imzalanıb. Bunlar gender bərabərliyi, ətraf mühit, inklüzivlik və sair məsələlərlə bağlıdır.

SÜLH VƏ DAVAMLI İNKİŞAF BİR-BİRİ İLƏ SIX BAĞLIDIR

30 il ərizində Azərbaycan-BMT tərəfdaşlığı yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə də xüsusi önəm verir. Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72,4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutub. Sülh və davamlı inkişaf bir-biri ilə sıx bağlıdır və bir-birini gücləndirir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyində BMT-yə üzv dövlətlər inkişaf üçün sülhün vacibliyini yekdilliklə qəbul edib. Hazırda Azərbaycan münaqişədən zərər çəkmiş ərazilərində əsaslı yenidənqurma və bərpa işləri aparır, ən qabaqcıl standartları, alətləri və texnologiyaları tətbiq etməklə fəaliyyətini ardıcıl şəkildə genişləndirir və sürətləndirir. Beynəlxalq təşkilatlar içərisində öz universallıq dərəcəsinə, əhatəliyinə, dünya siyasətindəki roluna və yerinə görə, ən yüksək qurumlardan biri olan BMT ilə Azərbaycan əlaqələri davamlı xarakter daşıyır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə