Şabran rayonunda Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib -FOTOLAR
13 İyun 2022-ci ildə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı, Şabran rayon Heydər Əliyev Mərkəzi və Şabran rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə-Müdrik Siyasətin Uğurlu Nəticələri” adlı tədbir keçirilib.
Tədbirdə Şabran rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin deputatı Sadiq Qurbanov, Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnistutunun Elmi işlər üzrə direktor müavini Tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli Səfir Eynulla Mədətli, Azərbaycan Milli Elmlər Akademiyası YAP Fəlsəfə və Sosiologiya İnistutunun təşkilat sədri Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində ilk öncə Şabran rayon Heydər Əliyev parkının ərazisində təşkil olunmuş məktəblilərin hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirilib və daha sonra tədbirin rəsmi-bədii hissəsinə start verilib.
Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev çıxış edərək qonaqları salamlayıb, tədbirdə iştirak etdikləri üçün onlara minnətdarlıqını bildirib.
Millət Vəkili Sadiq Qurbanov çıxış edərək bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyev İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətinin aradan qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.
Bu gün Milli Qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Daha sonra Şabran Uşaq Musiqi Məktəbinin xanəndəlik sinfinin müəllimi Eldar Mustafayevin ifasında Şabranım müsiqisi səsləndirildi.
Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnistutunun Elmi işlər üzrə direktor müavini Tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli Səfir Eynulla Mədətli bildirib ki, Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası YAP Fəlsəfə və Sosiologiya İnistutunun təşkilat sədri Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov bildirdi ki, Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Sonra Şabran şəhər Samir Zülfüqarov adına 3 saylı tam orta məktəbin şagirdləri tərəfindən Turacı rəqsi və “Zəfər günü” şeiri ifa olundu.
Sonda Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı sədri Mehdi Balabəyov çıxış edərək bildirdi ki, İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Sonda Ulu öndər Heydər Əliyevin Azərbaycan haqqında səsləndirdiyi şeri videoçarx formatında nümayiş olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB