Milli Qurtuluş Günü - əbədi müstəqilliyimizin başlanğıcı - ŞƏRH

Milli Qurtuluş Günü - əbədi müstəqilliyimizin başlanğıcı - ŞƏRH

15 iyun - Milli Qurtuluş Günü xalqımızın taleyində böyük əhəmiyyət kəsb edən günlərdən biridir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi.

Ancaq müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdır. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.

Vətənin belə ağır günündə ziyalılar, sadə vətəndaşlar Naxçıvan Ali məclisinin sədri, Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Eyni zamanda AXC hakimiyyətinin rəhbərliyi ölkədə yaranmış böhranın aradan qaldırılması üçün Heydər Əliyevə təkidlə müraciət edərək Bakıya dəvət etdilər. Heydər Əliyev iyunun 9-da xalqın ağır günündə Bakıya gəldi. Heydər Əliyevin siyasi təcrübəsi, siyasi iradəsi və qətiyyəti Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.

Ulu Öndər Heydər Əliyev 15 iyun 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələrək Azərbaycan Respublikasının müqəddaratının və mühüm başlanğıclarının əsasını qoymuşdur. Ali Sovetinin sədri seçilərkən, ümummilli lider Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirməsinə başladı və, o səbəbdən bu gün xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur.

15 İyun - Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi".

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi. Müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu oldu. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Nəticə göz önündədir. 30 il erməni seperatçılarının Azərbaycan xalqının əbədi və əzəli Qarabağ torpaqlarını işğal etməsinə Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında qüdrətli, rəşadətli ordumuz son qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqını dünyada qalib xalq kimi tanıtdı və şanlı tarix yazdı. Xalqımız əmindir ki, müstəqil Azərbaycan dövləti Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Xalqımızı 15 iyun-Milli Qurtuluş Günü münasibətilə təbrik edirik. Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!

İlkin Rüstəmov,

Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin rəisi

Bütün xəbərlər Facebook səhifəmizdə