20-ci yüzillik Azərbaycan üçün çox keşməkeşli olmuşdur. Məhz bu əsrdə Azərbaycan xalqına qarşı dəfələrlə soyqırımlar olmuş, lakin bütün çətinliklərə mərdliklə qalib gələn xalqımız iki dəfə müstəqillik qazanmışdır. 104 il öncə qazanılmış müstəqilliyimiz cəmi 23 ay yaşadı. Azərbaycan nəhayət XX əsrin sonuncu onilliyində öz müstəqiliyini yenidən qazandı. Xalqımıza qanı bahasına başa gələn bu müstəqilliyin asanlıqla da itirilmək təhlükəsi vardı. Bu dövrdə hakimiyyətə gələnlərin kamil dövlət adamları olmadıqlarını görən xarici və daxili düşmən qüvvələri Azərbaycanı bir neçə yerə parçalanma həddinə gətirmişdilər.1993-cü ilin iyun ayında Azərbaycan öz tarixinin ən çətin dövrünü yaşayırdı. Ermənistanla müharibədə ağır məğlubiyyətlər bir-birini əvəz edirdi. Ermənilər “Böyük Ermənistan” yaratmaq üçün müqəddəs Vətən torpaqlarımızı bir-birinin ardınca ələ keçirirdilər. Öz içərimizdə də vətən xainlərinin sayı artmışdı. Onlar yüksək vəzifələr ələ keçirmək, varlanmaq xatirinə müqəddəs torpaqlarımızı düşmənlərə təslim edirdilər. Bacarıqsız, siyasətdən başı çıxmayan “rəhbərlər” vəziyyəti düzgün qiymətləndirə bilməmiş, Azərbaycanın müstəqilliyini istəməyən böyük dövlətlərlə açıq düşmənçiliyə başlamışdılar. Vətənimiz çox güclü düşmənlərlə üz-üzə qalmışdı.Rayonlarda, paytaxt da ayrı-ayrı silahlı dəstələr hökmranlıq edirdilər. Xalq qorxu və vahimə içərsində yaşayırdı.Ölkəyə, ayrı-ayrı rayonlara rəhbərliyi ələ keçirmiş bir qrup vəzifəpərəst Sovet dövləti dövründə toplanmış xalq malına zəli kimi daraşmışdılar.Talançılıq baş alıb gedirdi. Ölkəyə başçılıq edənlər təyyarələrini hazır saxlayır, vəziyyət bir az çətinləşən kimi qaçıb aradan çıxırdılar. Əslində dövlətimizin idarəçilik sükanı sahibsiz qalmışdı. Xalq ümidsizlik içərisində idi. Bu zaman hakimiyyət uğrunda AXC-Müsavat cütlüyünün öz daxilində ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə genişlənməkdə idi.
1993-cü ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. Surət Hüseynovun təsiri ilə 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. Əlikram Hümbətov isə tabeliyində olan silahlı qüvvələrə söykənərək cənub bölgəsində qondarma “Talış-Muğan Respublikası” yaratmağa çalışırdı. Separatçı ünsürlər eyni vaxtda ölkəmizin şimal-şərq bölgəsində “Ləzgistan dövləti” yaratmaq xülyasına düşmüşdülər. İyunun 4-də hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə canlı qüvvə və hərbi texnika yeritdi. Ölkə vətəndaş müharibəsinin astanasında idi. Qiyamçılar hakimiyyəti silah gücünə ələ keçirmək üçün Bakıya Ali Sovet sədrinin, Baş nazirin, bir qədər sonra isə Prezidentin istefa verməsi tələbi ilə ultimatum göndərdilər və Bakıya doğru hərəkət etdilər. Ölkə vətəndaşları iki cəbhəyə bölünmüş, əldə silah üz-üzə dayanmışdılar. Qardaş qırğını başlamaqda idi. Beləliklə, Müstəqilliyini yeni qazanan ölkədə özünü büruzə verən özbaşınalıqlar, hakimiyyətsizlik dövləti məhv olmaq dərəcəsinə gətirmişdi. İqtisadi böhran, inflyasiya tüğyan etməyə başlamış, çörək növbələri yaranmışdı. Xalq qorxu içində yaşamağa məhkum edilmişdi.Yurdumuzun başı üstünü qara buludların aldığı bu çətin anlarda Azərbaycan xalqının, Vətənimizin yeganə ümidi, qurtuluş çırağı ümummilli liderimiz Heydər Əliyev oldu. Xalqın ümid nəzərləri öz sevimli oğluna - o zaman Naxçıvana rəhbərlik edən böyük öndər Heydər Əliyevə yönəlmişdi. Həmin çətin anlarda ümummilli liderimiz Heydər Əliyevin məsləhətlərə məhəl qoymayan, səriştəsiz siyasəti ilə ölkəni parçalanmaq həddinə gətirmiş dövlət rəhbərləri son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Eyni zamanda artıq ziyalılar və xalq ümummilli lider Heydər Əliyevin ölkəyə qyıdışını təkidli şəkildə tələb edirdilər.Nəhayət, 1993-cü il iyunun 9-da xalqın xilaskar oğlu Bakıya qayıtdı. Azərbaycan xalqı öz xilaskarını sevinclə qarşıladı.
Bu dövrdə Azərbaycanın taleyi sanki Gəncədə həll edilirdi. Ölkəni idarə edə bilməyən AXC-Müsavat iqtidarı Surət Hüseynovun qarşısında özünü tamamilə itirmişdi.
Milləti, dövləti hərbi təzyiqlərdən, siyasi böhranlardan xilas etməyə qadir olan ümummilli liderimiz Heydər Əliyev bütün hadisələrə nəzarət edib hər şeyi öz axarına yönəltdi.
Genişlənməkdə olan vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq üçün Böyük öndər Heydər Əliyev iyunun 13-14-də Gəncədə oldu. Gəncə əhalisinin “Heydər baba, qurtar xalqı bu bəladan” şüarları ilə küçələrə çıxması sanki haqqın, ədalətin kömək diləyən səsi idi.1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Bu gün tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Ermənistan ilə müharibə vəziyyətində olan Azərbaycan üçün ikinci cəbhə açaraq onu parçalayıb məhv etmək istəyən qüvvələrin təhriki ilə törədilən vətəndaş müharibəsinin, separatçılığın qarşısı alındı. Həmçinin zorakı yolla hakimiyyəti dəyişmək ənənəsinə birdəfəlik son qoyuldu. Azərbaycan dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.1993-cü il 15 iyun ümummilli lider Heydər Əliyevin qayıdışı günü xalqın soykökünə qayıdışı və milli özünüdərkin başlanğıcı idi, bu gün xalqda gələcəyə inam yaratdı, məhrumiyyətlərə, dövrün bəlalarına qarşı onda bir güc, əzm yaratdı. Xalq inanırdı və əmin idi ki, müstəqilliyimizi qoruyub saxlamağa yalnız böyük siyasi xadim Heydər Əliyev qadirdir.
Xalq Azərbaycanı olmazın bəlalardan xilas edən Heydər Əliyevin ətrafında daha sıx birləşməyə başladı. Ümumxalq dəstəyi ilə Prezident seçilmiş Heydər Əliyev andiçmə mərasimindəki nitqində dövlət müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü və tam suverenliyi təmin etmək, əhalinin rifahını yaxşılaşdırmaq vəzifələrini həyata keçirəcəyini bəyan etdi. Prezident fərmanı ilə 1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı. Ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu. Müvafiq qərarlar qəbul edildi.
Heydər Əliyev 1993-cü il noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciət etdi, xalqı ölkənin qeyrət və azadlığı uğrunda birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırdı. Prezidentin çağırışı xalqı silkələdi, hərəkətə gətirdi. Könüllülərdən ibarət dəstələr yaradılıb cəbhəyə göndərilirdi. Ümummilli lider Heydər Əliyev şəxsən cəbhə bölgələrində olur ordunun döyüş əhval-ruhiyyəsi ilə tanış olurdu.
Bütün çətinliklərə baxmayaraq, Respublikada demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri sürətlə davam etdirilirdi.Azərbaycanın müstəqilliyini istəməyən daxili və xarici qüvvələrin bütün fitnə-fəsadlarına baxmayaraq dövlətimizin rəhbəri Azərbaycanın bütovlüyünü hədələyən, xalqın dinc həyatına qənim kəsilmiş silahlı quldur dəstələrini, separatçı birləşmələri yeganə silahı olan dərin zəkası və xalqın dəstəyi ilə tamamilə darmadağın etdi. Xalqın çoxdan arzusunda olduğu sabitlik və əmin-amanlıq bərqərar edildi.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələblərinə uyğun formada uğurla həyata keçirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq Azərbaycan regionun hər cəhətdən inkişaf etmiş dövlətinə, dünyada isə söz sahinə çevrilmişdir. Onun rəhbərliyi ilə 30 ildən bəri düşmən nəzarətində olan Qarabağ əbədi azadlığına qovuşmuş, ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir.Azərbaycan davamlı və dinamik inkişaf tempinə malikdir.Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin ən şərəfli mərhələsini yaşayır.Bütün bunları nəzərə almaqla Azərbaycanın müstəqillik tarixinin 1993-cü ilin iyunundan başlandığını desək, səhv etmərik. Çünki ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti, müdrikliyi, dünya miqyasında mahir siyasətçi, dövlət xadimi və şəxsiyyət kimi nüfuzu olmasaydı, Azərbaycanı 1918-1920-ci illərin aqibəti gözləyirdi.Dövlət müstəqilliyi ən böyük tarixi nailiyyətimizdir. Cöx sevinirik ki, bu gün Azərbaycan müstəqil güclü bir dövlətdir və Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran ən mühüm vəzifə dövlət müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir”.
Saleh Məhərrəmov
YAP Oğuz rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB