Şuşa Bəyannaməsi regionumuzda sülhü və rifahı bərqərar edəcək ŞƏRH
15 iyun tarixində - Azərbaycan xalqı yenə tarixi günlərdən birinə şahidlik etdi. 2021-ci il 15 iyunda Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Beləliklə, Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününü daha da əzəmətləndirdi. Belə ki, Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı tarixi köklərə malik əlaqələr yenidən siyasi, hüquqi müstəvidə öz əksini tapdı.
Bu baxımdan, Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsinin imzalanmasından sonra keçirilən mətbuat konfransında iki güclü qardaş liderlərin hər bir sözü, fikri bölgənin gələcək inkişafı və region ölkələrinin gələcək yol xəritələri ilə bağlı ipuclarının verilməsi baxımından əlamətdar idi. Ancaq hər şeydən əsas Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə tamamilə yeni mərhələyə qədəm qoymasını xarakterizə edirdi. Bu müqavilə ilə iki ölkə arasındakı tarixi köklərə malik əlaqələr yenidən siyasi, hüquqi müstəvidə öz əksini tapdı.
Bu gün tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Bu mənada, Prezident İlham Əliyev- Prezident Rəcəb Tayyib Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə qardaşım deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Bütün dünya bu qardaşlığı 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etmişdi. Məhz, həmin dövrdə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Məhz, əldə olunmuş zəfərin siyasi zirvəsi olan Şuşa görüşü də dünyaya 44 günlük müharibə dönəmində olduğu kimi mühüm mesajdır.
Qardaş ölkənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada olması, rəsmi qəbulun təşkili, Prezident İlham Əliyevlə görüşü, birgə bəyanatın imzalanması və mətbuat konfransının keçirilməsi, eyni zamanda “Xan qızı” bulağının ziyarəti, Cıdır düzündə tədbirlərin təşkili bir daha iki qardaş ölkənin birgə yolunun və uğurunun sevincinin paylaşımı hadisələridir. Həmçinin, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfər zirvəsi oldu. Heç şübhəsiz ki, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti var. Bu sənədin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu tarixi sənəd Azərbaycan və Türkiyənin regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərini qarşılıqlı şəkildə əlaqələndirməklə, ölkələrimizin əməkdaşlıq, təhlükəsizlik proseslərində rolunu, nüfuzunu daha da artıracaq. Cənab Prezident İlham Əliyevin dediyi kimi, imzalanmış Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır.
Prezident İlham Əliyev qeyd edib ki, Bəyannamədəki hər bir məsələnin çox mühüm əhəmiyyət daşıyır: "Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, bu Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.Önəmli məsələlər arasında ikincisi nəqliyyat məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır", - deyə dövlətimizin başçısı vurğulayıb.Onu da qeyd edək ki, ölkə başçımız mətbuat konfransındakı nitqində tarixi Bəyannamənin imzalanmasında əcdadlarımıza sadiqlik nümayiş etdirildiyini və gələcək nəsillərə yol göstərildiyini vurğuladı.
Açıq şəkildə demək olar ki, tarixi Bəyannamədə strateji əhəmiyyətli bütün məsələlər öz əksini tapıb. Belə ki, ticarət və iqtisadiyyat sahəsində, mədəniyyət, təhsil və gənclər siyasəti məsələlərində əməkdaşlığı nəzərdə tutan bu bəyannamə eyni zamanda hərbi müddəaları da özündə əks etdirir. Bəyannamə ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi. Belə ki, hərbi əməkdaşlıq və birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılması kimi müddəalar da yer almışdır. Bununla yanaşı Zəngəzur dəhlizi ilə bağlı konkret ifadələrin də öz əksini tapdığı sənəd sözün əsl mənasında müstəqillik tariximizin ən vacib və geniş məzmunlu sənədlərindən biridir.Mətbuat konfransının ən yaddaqalan anlarından biri də şübhəsiz ki, cənab Ərdoğan tərəfindən altılı platforma ilə bağlı səsləndirilən fikirlər idi. Şuşa Bəyannaməsinin imzalanmasının tarixi əhəmiyyətini xüsusi vurğulayan Prezident Ərdoğan deyib: “Türkiyə ilə Azərbaycan arasındakı bu bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.
Bir sözlə, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu. 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı kimi iki dost, qardaş ölkənin birliyinin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. İlk gündən Azərbaycanın tək olmadığını bəyan edən Türkiyə Prezidenti sonadək mənəvi və siyasi dəstəyini göstərdi. Azərbaycan dövləti bu dəstəyi daim yüksək qiymətləndirir. Birliyimiz tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz və maraqlarımız, xalqlarımızın qardaşlığı əsasında daha da möhkəmlənərək, bu fikrin böyük inamla qeyd edilməsinə əsas verir ki, Azərbaycan və Türkiyə yalnız dost deyil, qardaş ölkədir. Məhz bu qardaşlıq fonunda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırlması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi imzalanan Şuşa Bəyannaməsində öz əksini tapır. Beləliklə, sonda bir daha vurğulayaq ki, Şuşada təşkil olunan bu görüş, imzalanan Bəyannamə tariximizə qızıl hərflərlə yazıldı və nəhayət bütün erməni xalqı da qəbul etməlidir ki, Qarabağ tarixi Azərbaycan torpağıdır və heç bir şey azərbaycanlıları bu torpaqlardan çıxara bilməz. Artıq reallıqla barışmaq və gələcəyə baxmaq lazımdır. Və bu gün qürurverici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.
AYAZ QULİYEV,
YAP Xızı rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB