YAP Nəsimi rayon təşkilatında Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

YAP Nəsimi rayon təşkilatında Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən yerli təşkilatın qərargahında 15 İyun - Milli Qurtuluş Gününün 29-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulub. Tədbir əvvəlcə Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyev haqqında filmə tamaşa ediblər.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbirdə çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, Azərbaycan xalqı birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoymuş, təkidlə Ümummilli Liderin hakimiyyətə qayıdışını tələb etmişdir. 1993-cü ilin iyun ayında ölkədə böhran ən acınacaqlı həddə çatmışdı. Bu anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan bir insan - Heydər Əliyev xalqına və dövlətinə sahib çıxdı. Ulu Öndər uzaqgörən və müdrik siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi. Heydər Əliyev belə bir ağır məsuliyyəti üzərinə götürərək hakimiyyətə qayıtdı və Azərbaycan xalqını düçar olduğu böhranlı vəziyyətdən xilas etdi.

Sonra çıxış edən Nəsimi rayon icra başçısı Asif Əsgərov 1993-cü ilin iyun ayında Azərbaycanda yaranmış kəskin ictimai – siyasi vəziyyət və kriminal şəraitin ölkəni iflic vəziyyətə salmasından danışaraq, həmin dövrdə vəziyyətin son dərəcədə təhlükəli xarakter aldığını, ciddi siyasi hakimiyyət böhranının yarandığını, ölkənin fəlakət qarşısında qaldığını bildirib. Qeyd olunub ki, həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan Lider hakimiyyətə gəlməsəydi hadisələr olduqca təhlükəli və gərgin bir məcrada davam edə bilərdi. Xalqını sonsuz məhəbbətlə sevən Ümummilli Liderimiz Heydər Əliyev bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Heydər Əliyev siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini bildirən natiq çıxışında böyük əminlik hissi ilə bildirdi ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyev ideyaları işığında möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək zirvələr fəth edəcəkdir.

YAP Veteranlar Şurasının üzvü, akademik Əhliman Əmiraslanov çıxış edərək vurğulayıb ki, XX əsrin sonlarında, xüsusilə SSRİ-nin dağılması ərəfəsində və müstəqilliyimizin ilk illərində xalqımızın başına açılan müsibətlərin səbəbi məhz milli rəhbərimizin olmaması idi: "Hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi islahatlar, yeritdiyi siyasət nəticəsində Azərbaycanı bütün dünyaya tanıdan Ümummilli lider xalqımızın öz seçimində yanılmadığını sübut etdi. Sevindirici haldır ki, Dahi Öndərin əsasını qoyduğu ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır".

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev çıxış edərək bildirib ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində ictimai-siyasi sabitlik bərpa olunmuş, vətəndaş müharibəsinin qarşısı alınmışdır. Bu tarixi gün, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilası günüdür. Daha sonra “91”-lərin nümayəndəsi Hacan Hacıyev Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi illərdə əldə olunmuş nailiyyətlərdən söhbət açdı. O, Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə dağılmaqda, məhv olmaqda olan Azərbaycanda yeni bir dövrün başlandığını bildirdi. Qeyd etdi ki, buna görə də 1993-cü il iyunun 15-i Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının ictimai və siyasi həyatında xidmətləri olan bir qrup şəxsə diplomlar təqdim edilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə