Ermənistan nə zamana kimi sülh sazişinə mane olacaq? - POLİTOLOQ AÇIQLADI
"Nə qədər ki, sülh sazişi imzalanmayıb Ermənistanın təxribatları davam edəcək. Sülh sazişinin imzalanması isə göründüyü kimi ləngiyir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, daha doğrusu Ermənistan bütün vasitələrdən istifadə edərək sülh danışılarından yayınır. Səbəb isə həm Paşinyan hakimiyyətinin çıxılmaz durumda olması, yəni Ermənistandakı mövcud vəziyyətin və etiraz aksiyalarının davam etməsi, digər tərəfdən isə Rusiya tərəfindən edilən davamlı təzyiqlərdir: "Məhz buna görə də Paşinyan hər vəchlə indiyə qədər üzərinə götürdüyü öhdəliklərdən yayınır. Düzdür Brüssel görüşündən sora nəhayət ki, Birgə Sərhəd Komissiyasının yaradılması istiqamətində addımlar atıldı amma komissiyanın yaradılması hələ heç nəyi ifadə etmir. Əsas odur ki, yaradılan komissiya real fəaliyyətə başlasın. Yəni sərhədlərin hansı xəritə ilə müəyyənləşəcəyi dəqiqləşdirilsin və ondan sonra həmin xəritə əsasında sərhədlər təyin edilsin. Bu isə olduqca uzunmüddətli bir prosesdir.
İndiki mərhələdə vacib olan kommunikasiya xətlərinin açılması və ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyaraq bundan sonra bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməməklə bağlı öhdəlik götürməsidir. Bu baş verəcəksə sülh sazişinin imzalanması da mümkün olacaq. Lakin Ermənistan tərəfindən verilən bəyanatlara baxdıqda görürük ki, onlar sülhə hazır deyil və bu baxımdan da, münasibətlərin gərginləşməsi ilə sülh danışıqlarını pozmağı hədəfləyirlər.
Azərbaycan tərəfindən təqdim edilən 5 baza prinsip əsasında sülh sazişinin imzalanması ilə bağlı təkliflərə cavab olaraq 6 maddədən ibarət yeni təkliflərlə çıxış etmələri də, sərhəddə mütəmadi olaraq davam edən təxribatlar da bunun bariz sübutudur. Qarabağ ermənilərinin təhlükəsizliyini əldə bayraq edərək dolayısı ilə status məsələsinin yenidən ortalığa atılması isə faktiki olaraq indiyə qədər əldə olunmuş razılaşmalardan qaçmaq cəhdidir.
Müharibənin başa çatmasından sonra aparılan danışıqlarda bir dəfə də olsun status müzakirə olunmadığı halda, indi yenidən bu məsələnin gündəmə gətirilməsi onu deməyə əsas verir ki, Ermənistan əldə olunmuş razılaşmaların icrasından qaçır və ya ən azından prosesi uzatmaq üçün bəhanələr axtarır. Bunları nəzərə alsaq erməni təxribatları nəticəsində sərhəddə atəşkəsin pozulmasının da hardan qaynaqlandığını görə bilərik. Məqsəd odur ki, vəziyyət gərginləşsin və Paşinyan da belə vəziyyətdə danışıqlar aparmağın çətin olduğunu bəhanə edərək prosesi maksimum şəkildə uzatsın.
Rusiya isə regionda hərbi mövcudluğunu qorumaq və hər iki ölkəyə təzyiq imkanlarını saxlamaq üçün sülhdə maraqlı deyil. Normallaşma prosesini və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını özü üçün təhlükə hesab edən Rusiya bütün vasitələrdən istifadə edərək prosesi tormozlamağa çalışır. Odur ki, bütün vasitələrlə Paşinyana təzyiq göstərməkdə davam edir. Rusiya bunu həm separatçı rejimə dəstək verməklə, həm də daxildəki müxalifəti ayağa qaldıraraq edir.
Məsələn Lavrovla Mirzəyan arasında keçirilən görüşdə Rusiya XİN-nin açıqlamasında qeyd olunur ki, Rusiya Ermənistanın müdafiə qabiliyyətini gücləndirməkdə və sərhədlərin qorunmasında onlara köməklik göstərməkdə davam edəcək. Bu isə faktiki olaraq onu deməyə əsas verir ki, erməni təxribatlarının davamı gələcək. Rusiyanın sülh prosesində maraqlı olmadığını sübut edən digər bir fakta da diqqət yönəltmək istəyirəm. Putinin Paşinyanla keçirilən son görüşündə Rusiya prezidenti tərəfindən yenidən “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi, “Qarabağda hələ çoxlu problemlər var və ən əsası da təhlükəsizlik məsələləri ilə bağlı problemlərdir” deməsi də faktiki olaraq Paşinyana bu konteksdən çıxış edərək prosesi uzat mesajının verilməsi anlamını daşıyır. Və ən nəhayət əgər erməni separatçıları Rusiya sülhməramlılarının olduqları ərazilərdə, onların gözü qarşısında yeni səngərlər qazaraq möhkəmlənmə işləri aparırlarsa və separatçıların başçısı “biz Rusiya sülhməramlıları ilə yeni təhlükəsizlik mexanizmi üzərində işləyirik” deyirsə və Rusiya da bunu təkzib etmirsə demək ki, Rusiya sülh prosesində maraqlı deyil.
Lakin kimin maraqlı olub olmamasından asılı olmayaraq heç bir qüvvənin prosesləri uzun müddət tormozlamaq imkanları yoxdur. Əvvəla, ona görə ki, Azərbaycan əvvəlki Azərbaycan deyil və istənilən vaxt erməni təxribatlarına layiqincə cavab vermək gücündədir, ikinci isə ermənilərin arxayın olduğu Rusiya da əvvəlki Rusiya deyil və Ukrayna müharibəsində bataqlığa düşmüş bir dövlətin açıq şəkildə Azərbaycanla konfrantsiyaya getməsi mümkün deyil. Ən nəhayətdə artıq Qərb də münasibətlərin normallaşmasına Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması imkanları kontekstində baxır və bu istiqamətdə fəaliyyətin həyata keçirilməsində maraqlıdır.
Digər tərəfdən Azərbaycanın da əlində bütün imkanlar var ki, öz öhdəliklərini yerinə yetirməyən və davamlı şəkildə təxribatlara əl atan Ermənistanı layiqli şəkildə cəzalandırsın. Belə ki, əgər prosses uzanarsa və təxribatlar davam edərsə Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində delimitasiya və demarkasiya prosesini Ermənistanın iştirakı olmadan, təkbaşına da həyata keçirə bilər. Eləcə də Zəngəzur dəhlizinin açılması istiqamətində prosseslər uzanarsa bu zaman öhdəliklərini icra etməyən Ermənistan üçün Laçın dəhlizi də bağlana bilər. Azərbaycanın bu adımları atmaması üçün isə ermənilərin daşı ətəklərindən tökməsi və onlara təklif olunan imkanları dəyərləndirməsi lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB