Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. İki ölkə arasında diplomatik münasibətlər bu gündə yüksək səviyyədə inkişaf etməkdədir. Ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha inkişaf etdirilməkdədir.
İkinci Qarabağ müharibəsinin ilk günündən son gününədək Türkiyə Azərbaycanın yanında oldu. İstər Rəcəb Tayyib Ərdoğanın qətiyyətli çıxışları, istərsə də Türkiyənin digər rəsmi şəxslərinin Vətən müharibəsi zamanı etdiyi çıxışlar bizə ruh və güc verdi. Türkiyə tək müharibə ərzində deyil, müharibədən sonra da, sülh dönəmində də Azərbaycanın mövqeyini dəstəklədi və dövlətimizin ən önəmli anında - Zəfər Paradında bizlə bir yerdə oldu. Azadlıq meydanında hər iki ölkənin hərbi qüvvələrinin birgə paradı dünyaya verilən açıq bir mesaj idi. Bununla bərabər keçən il Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış “Şuşa Bəyannaməsi” oldu. Siyasi, iqtisadi, mədəni, ordu quruculuğu və digər sahələr üzrə birlikdə əməkdaşlığı nəzərdə tutan bu bəyannamə müttəfiqliyimizi daha da möhkəmləndirildi.
Cari ilin mayın 26-29 tarixlərində “TEKNOFEST”in Azərbaycanda keçirilməsi, Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncərin və “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın Azərbaycana gəlməsi, cənab Prezident İlham Əliyev tərəfindən bu vətənpərvər şəxslərin gənclərə örnək kimi göstərilməsi əlamətdar və tarixi hadisə idi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da “TEKNOFEST”də çıxış edərək önəmli mesajlar verdi, səmimi qardaşlıq münasibətlərindən danışaraq bunun əbədi olacağını bildirdi. Regionda sülhün təmin olunması, mehriban qonşuluq münasibətlərinin qurulması üçün hər iki dövlət səylə çalışmaqdadır. Texnofest festivalının Azərbaycanda keçirilməsi Azərbaycan gənclərinin özlərini Texnologiya sahəsində sınaması və öz bacarıqlarını nümayiş etdirməkdə böyük dəstəyi olacaq.Ümumiyyətlə, festival milli texnologiyaların təbliği və inkişaf etdirilməsi, insanların bu sahədə məlumatlılığının artırılması məqsədi daşıyır. Türkiyə-Azərbaycan əməkdaşlığı tarixi köklərə dayanır. Bu tarixin kökündə dilimiz, dinimiz, mədəniyyətimiz, milli maraqlarımız durur. Tarixən Türkiyə-Azərbaycan olaraq bir-birimizə arxa-dayaq olmuşuq, bu günə qədər də bu birlik, dostluq, qardaşlıq çox şərəflə davam edir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müstəqillik Günündə Azərbaycana səfəri bu birliyin əbədiliyini göstərir.
Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. Digər güc mərkəzlərindən fərqli olaraq Türkiyə-Azərbaycan birliyi regionda sülh və dayanıqlı sabitliyin təmin olunmasına öz töhfəsini verəcəkdir.
Xəyalə Mustafayeva
YAP fəalı, Tərtər rayon Rəhman Almuradov adına Ələsgərli kənd tam orta məktəbinin direktor müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB