Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yeni töhfələr verir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yeni töhfələr verir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Bakıda keçirilən 27-ci Energetika forumu bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da etibarlı tərəfdaşdır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin reallaşdırılması və səmərə verməsi, yeni bir boru kəmərinin Cənub Qaz dəhlizinin zəruriliyini ortaya qoydu.

“Dövlətimizin başçısının qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi fəxr edə, fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda, o bizə nəhəng “Şahdəniz” qaz-kondensant yatağında hasilatı artırmağa imkan yaradan önəmli strukturdur. Cənub Qaz Dəhlizinin üç boru kəmərindən ibarət vahid boru kəmərləri sistemi olduğunu nəzərə alsaq, onun böyük əhəmiyyətə malik olduğunu aydın görərik. Onun sonuncu hissəsi Trans-Adriatik boru kəmərinin buraxıcılıq qabiliyyəti 10 milyard kubmetrdir. Bu gün Azərbaycan dünya ölkələrinə yalnız neft, qaz ixrac etmir. O həm də elektrik enerjisi ixrac edən bir ölkədir.

Bakı Enerji həftəsi çərçivəsində 27-ci beynəlxalq Xəzər Neft və Qaz sərgisinin rəsmi açılış mərasimində Azərbaycanın bərpa olunan enerji potensialı haqqında da ətraflı və dəyərli fikirlər söylənilibdir. Bildirilibdir ki, Azərbaycan bu sahədə əlverişli imkanlara malikdir. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunun bu sahədə potensialının 150 min meqavat, Kəlbəcər və Laçının potensialının 9-10 meqavat təşkil etdiyi göstərilibdir. İşğaldan azad olunmuş ərazilər də bu baxımdan imkanlıdır.

Əlbəttə ki, bütün bunlar dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın gələcəkdə yeni töhfələr verəcəyini reallaşdırır. Məhz buna görə də dünyanın, xüsusilə Avropa dövlətlərinin ölkəmizə olan marağı artır və münasibətlər gündən-günə yaxşılaşır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə