Qarşılıqlı faydalı əməkdaşlığa söykənən Azərbaycan-ABŞ münasibətləri TƏHLİL

Qarşılıqlı faydalı əməkdaşlığa söykənən Azərbaycan-ABŞ münasibətləri TƏHLİL

Müasir dünyada Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uğurlu xarici siyasət xəttini davam etdirir, beynəlxalq aləmdəki mövqeyini artıraraq, bu münasibətləri möhkəmlətməyə önəm verir. Dövlət başçısı xarici siyasət məsələlərini daim diqqət mərkəzində saxlayaraq, diplomatiyamız qarşısında duran prioritet vəzifələri müəyyənləşdirərək, onların planlı və ardıcıl surətdə həyata keçirilməsini təmin edir. Bu münasibətlər siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və s. sahələri əhatə edərək, çoxşaxəli xarakter daşıyır və Azərbaycanın maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir. Azərbaycan bir çox dünya dövlətləri ilə yanaşı Amerika Birləşmiş Ştatları ilə müstəqil dövlət olaraq diplomatik münasibətlər qurub. Bu münasibətlərin qurulmasından artıq 30 il ötür. Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktub əlbəttə ki, qarşılıqlı münasibətlərin təzahürüdür. Məktubda deyildiyi kimi, "Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq".

1993-cü ildən etibarən yüksək səviyyəli qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində səfərlər və görüşlər bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynadı. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il, eləcə də 2003-cü il tarixi səfərləri bu münasibətlərin təməlini qoymuşdur. Daha sonra Ulu Öndərin siyasi kursunun davamçısı İlham Əliyevin 2006-cı ilin 25-28 aprel tarixlərində AVŞ-a səfəri müasibətlərin inkişafına təkan oldu.
Ölkələr tərəfindən Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və sərmayələri genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq üçün birlikdə tədbirlər həyata keçirilib. Birləşmiş Ştatlar Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə təkan olmuşdur.

AZƏRBAYCANIN İŞTİRAK ETDİYİ BÜTÜN LAYİHƏLƏR DÜNYA İQTİSADİYYATININ SABİTLƏŞMƏSİNDƏ BÖYÜK ROL OYNAYIR

Bu gün bildiyimiz kimi, Azərbaycanın paytaxtı Bakı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi edir. ABŞ Prezidenti Co Bayden dövlətimizin başçısına ünvanladığı məktubunda Azərbaycanın enerji sahəsində gördüyü işləri yüksək qiymətləndirib. Həmçinin bu gün Avropanın enerji təhlükəsizliyində ölkəmizin böyük rolu olduğunu qeyd edib. Etiraf edək ki, Bakı region üçün əhəmiyyəti artmaqda olan tədbirlərin keçirildiyi mərkəzdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qazla təmin olunmasının şaxələndirilməsində rolu müstəsnadır. Bakıda ənənəvi keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin önəmi energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfədir. "Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir", - məktubda qeyd olunur. Qeyd edək ki, Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir. Qlobal enerji layihələrinin həyata keçirilməsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasında ABŞ hökumətinin Azərbaycana verdiyi daimi dəstək təqdirəlayiqdir. Azərbaycanın iştirak etdiyi bütün layihələr nəinki ölkəmiz üçün, həm də dünya iqtisadiyyatının sabitləşməsində böyük rol oynayır. Məktubda qeyd olunur ki, bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik: "Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir".

AZƏRBAYCAN AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏ HƏLLEDİCİ ROL OYNAYIR

Bütün bunlarla yanaşı, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Cənab İlham Əliyevə ünvanladığı məktubda qeyd olunur ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır. Bildiyimiz kimi, MDB məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən biri Ukraynadır. İki ölkə arasındakı strateji müttəfiqlik münasibətləri durmadan möhkəmlənir və genişlənir. İnkişaf edən qarşılıqlı münasibətlər nəticəsində Ukrayna Azərbaycanın strateji tərəfdaşına çevrilib. Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri və tibbi sərf, eləcə də ərzaq və qida məhsullarından ibarət yardımın edilməsi dövlətlərarası mövcud münasibətlərə söykənir. Azərbaycanla Ukrayna arasındakı sıx dostluq münasibətləri intensiv olaraq inkişaf edir. Bu münasibətlər təkcə strateji siyasi və iqtisadi tərəfdaşlıqla deyil, eyni zamanda, zəngin tarixi köklərlə də bağlıdır.

XƏZƏR DƏNİZİNİN KARBOHİDROGEN EHTİYATLARININ DÜNYA BAZARINA SƏRBƏST ÇIXIŞI TƏMİN EDİLİB

İki ölkə arasındakı iqtisadi əlaqələr, ABŞ-ın Xəzər bölgəsi və Cənubi Qafqazda Azərbaycanın həyata keçirdiyi transmilli layihələrdə iştirakı intensiv xarakter daşımışdır. Bu istiqamətdə Amerikanın bir tərəfdən öz şirkətləri vasitəsilə Xəzər dənizinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və istehsalı, digər tərəfdən bu ehtiyatların dünya bazarına sərbəst çıxışını təmin etmək məqsədilə Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin çəkilməsindəki xüsusi rolunu qeyd etmək lazımdır. Bundan başqa, ABŞ Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizininin (TRASEKA layihəsi) reallaşmasında, Azərbaycanda struktur islahatlarının və iqtisadi liberallaşmanın həyata keçirilməsində də Avropa Birliyi ilə çiyin-çiyinə çalışmışdır. Cənab Prezidentə ünvanlanan məktubda belə deyilir: "Mən Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarınızı alqışlayıram".
Dünya siyasətinin aparıcı dövlətlərindən olan ABŞ-la 30 il ərzində Azərbaycanın qurduğu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa söykənib ki, bu da ölkəmizin diplomatiya sahəsindəki uğurudur. Məktubda mövcud vəziyyəti nəzərə alan C.Bayden gələcəkdə də davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiqliyini bildirib. İki ölkə arasındakı ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq, transmilli layihələrin reallaşması münasibətlərin davamlı olmasına dəlalət edir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə