Bakıda VII Beynəlxalq Sosial Elmlər Konqresi keçirilib - YENİLƏNİB - FOTOLAR

Bakıda VII Beynəlxalq Sosial Elmlər Konqresi keçirilib - YENİLƏNİB - FOTOLAR

Bakıda 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikasının Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə keçirilir. Əvvəlcə tədbirdə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət Himnləri səsləndirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, bugünkü konqres ADA Universitetində keçirilir: “Burada maraqlı və məhsuldar müzakirələr keçiriləcək. Bugünədək 6 forum olub. Onlar İspaniya, Ruminiya, Türkiyə, Makedoniya və Özbəkistanda keçirilib. 7-ci konfrans isə Bakıda keçirilir. Bu toplantı akademik əlaqələrimizi genişləndirəcək”.

Hafiz Paşyev sözlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan torpaqlarının 30 ildən sonra azad olunması ümumi tariximizə xüsusi əhəmiyyət və dəyər daşıyır.

Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan və Türkiyə parlamentlərinin himayəsi altında keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi akademik dairələrimizin birgə fəaliyyətinin daha da gücləndirilməsi baxımından çox önəmli tədbirdir: "Bununla əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri, professor, doktor hörmətli Mustafa Şentopa bu möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi ideyasını irəli sürməsinə və verdiyi böyük dəstəyə görə təşəkkürümü bildirirəm. Həmçinin Konqresin təşkilinə göstərdikləri köməyə, ev sahibliyinə görə hörmətli rektor, professor, doktor Hafiz Paşayevə və ADA Universitetinin bütün kollektivinə minnətdarlığımı bildirirəm. Beynəlxalq Balkan Universitetinin rektoru, professor, doktor Mehmet Dursun Erdemə də konqresin təşkilində göstərdiyi səylərə görə təşəkkür edirəm. Hesab edirəm ki, bu cür elmi tədbirlərin keçirilməsi universitetlərimiz, elmi dairələrimiz arasında əməkdaşlığın inkişafı baxımından olduqca zəruridir. Azərbaycan Respublikasının təhsil naziri cənab Emin Əmrullayevin Konqresdə iştirakı bunu bir daha təsdiq edir. Və onu da qeyd edim ki, Azərbaycanın ən qabaqcıl təhsil ocaqlarından biri olan ADA Universitetinin zəngin beynəlxalq və elmi təcrübəsi bu tədbirin ən yüksək səviyyədə keçiriləcəyini deməyə əsas verir".

Sahibə Qafarova fikirlərinə davam edərək həmçinin 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin Qarabağa həsr olunması çox mühümdür və təqdirəlayiqdir: "Çünki Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi olduqca vacibdir. Konqresin bir mühüm tərəfi də qardaş ölkələrimiz arasında münasibətlərin siyasi, tarixi, sosioloji və mədəni əsaslarının, inkişaf perspektivlərinin nəzərdən keçirilməsi, prosesə töhfə verəcək yeni ideyaların, təşəbbüslərin işlənib hazırlanmasıdır. Konqresin ayrı-ayrı panelləri üzrə seçilmiş mövzular da əslində elə bu niyyəti və əzmi nümayiş etdirir. Bildiyiniz kimi, bu il yanvarın 14-də biz Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd etdik. Müstəqil Azərbaycanın tarixində qardaş Türkiyə diplomatik əlaqələr yaratdığımız ilk dövlətdir. Türkiyə də Azərbaycan Respublikasının müstəqilliyini birinci olaraq tanımaqla öz qardaş dəstəyini ilk gündən göstərmişdir. Dövlətlərimiz arasında rəsmi münasibətlər 30 ili əhatə etsə də, xalqlarımızın ortaq tarix, dil, mənəvi-mədəni dəyərlərə əsaslanan birliyi və həmrəyliyi əsrlərdir davam edir. Azərbaycan–Türkiyə əlaqələrinin bugünkü səviyyəsi isə birlik və həmrəyliyimizin yeni bir təzahürüdür. Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin dəfələrlə təkrarladığı bir kəlamı sizə xatırlatmaq istərdim: “Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, hər zaman bir-birini dəstəkləyən ölkələr tapmaq mümkün deyil”. Həqiqətən, ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələr məhz dostluq və qardaşlıq məcrasında sürətlə inkişaf edərək, bütün sahələri əhatə etmişdir. Azərbaycan və Türkiyənin ortaq təşəbbüslərinin nəticəsi olan irimiqyaslı birgə layihələr ölkələrimizin maraqlarına xidmət etməklə yanaşı, daha geniş regionda sabitliyə, əməkdaşlığa və rifaha töhfə vermişdir. Etiraf etmək lazımdır ki, müasir dövrümüzün təəssüf doğuran reallıqları var. Onlardan biri də budur ki, məhz öz xalqlarının maraqlarına xidmət edən, sülhə və əməkdaşlığa yönələn müstəqil daxili və xarici siyasət apardıqlarına görə Azərbaycan və Türkiyə dəfələrlə ikili standartlarla, qeyri-obyektiv münasibətlə üzləşmişlər, və ayrı-ayrı dövrlərdə nələrin baş verdiyini biz hamımız yaxşı bilirik. Sevindirici məqam isə odur ki, Azərbaycan–Türkiyə birliyi hər zaman bu ikili standartlara qarşı sipər rolunu oynamış, ölkələrimizə qarşı yönəlmiş gizli niyyət və qəsdləri dəf etməyi bacarmışdır. 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana birmənalı siyasi və mənəvi dəstəyi, şübhəsiz ki, bu birlik və həmrəyliyimizin ən parlaq nümunəsidir.

Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində Ermənistan silahlı qüvvələri bütün kənd və şəhərlərimizi yerlə bir etmiş, tarixi, mədəni, dini abidələrimizi dağıtmış və ya təhqir etmişlər. Aparılmış etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Erməni şovinistləri 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla, yüzlərcə günahsız dinc sakini vəhşicəsinə qətlə yetirmişlər. Təəssüf ki, bütün bu illər ərzində beynəlxalq birlik Azərbaycan torpaqlarının işğalına biganə yanaşırdı. Lakin biz torpaqlarımızın azad olunması uğrunda apardığımız mübarizədə qardaş Türkiyənin bütün istiqamətlərdə güclü dəstəyini hər zaman hiss edirdik. Elə müharibənin ilk günündən Türkiyə Respublikasının hörmətli Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövləti özünün qəti və birmənalı mövqeyini ortaya qoydu. Türkiyə Böyük Millət Məclisinin sədri hörmətli Mustafa Şentop və digər parlament üzvləri öz bəyanatları ilə Azərbaycanın yanında olduqlarını nümayiş etdirdilər. Türkiyə xalqı Azərbaycanın tarixi zəfərinə öz zəfəri qədər sevindi, qələbəni bizimlə birgə bayram etdi. Azərbaycan torpaqlarının işğaldan azad olunması və ondan sonra baş verən proseslər göstərdi ki, Azərbaycan–Türkiyə birliyi və həmrəyliyi regionumuzda sülhü, təhlükəsizliyi, əməkdaşlığı və rifahı təmin edən başlıca amildir. Bu birlik bütün qardaş türk dövlətlərinin maraqlarına da cavab verir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması türk dünyasının birlik və bərabərliyinin möhkəmlənməsi üçün də yeni imkanlar yaratmışdır.

Bir neçə gündən sonra – iyunun 15-də biz Azərbaycan–Türkiyə əlaqələrində daha bir əlamətdar hadisəni, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd edəcəyik. Dövlət başçılarımızın güclü qətiyyəti və iradəsi sayəsində ən yüksək zirvəyə çatmış Azərbaycan–Türkiyə müttəfiqlik münasibətləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi ilə möhürlənmişdir. Bu sənəd ölkələrimiz arasında dostluq və qardaşlığın mahiyyətini əks etdirməklə yanaşı, onların qarşısında dayanan yeni hədəfləri və məqsədləri müəyyən edir. Xalqlarımızın təmsilçiləri olan parlamentlərimiz də dövlət başçılarının siyasi iradəsini yekdilliklə təsdiqləmişlər. Bu gün Azərbaycan–Türkiyə əlaqələrində sadəcə bir reallıq var. Bu da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” reallığıdır. Heç şübhəsiz, Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı daim inkişaf edəcək və daha da möhkəmlənəcəkdir. İnanıram ki, 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi çərçivəsində aparılacaq müzakirələr elmi dairələrimizin birgə fəaliyyətinin gücləndirilməsi, ölkələrimiz və xalqlarımız üçün mühüm mövzuların nəzərdən keçirilməsi baxımından faydalı olacaq, sosial elmlər sahəsində gələcəkdə təşkil olunacaq müzakirələrə dəyərli töhfə verəcəkdir".

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib ki, Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır: "Bu da bizi çox sevindirir. Azərbaycan-Türkiyə Universitetinin yaradılması istiqamətində intensiv şəkildə işləyirik. Bu da ölkələrimiz arasında təhsil sahəsinin ən sıx pilləsi olacaq. Bu il ərzində Türkiyədə dövlət hesabına təhsil alacaq tələbələri görməkdən məmnun olacağıq. İki ölkə arasında əməkdaşlığın tarixi əhəmiyyəti var. Prezident İlham Əliyevin imzaladığı sərəncamla xaricdə təhsillə bağlı dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin Türkiyə universitetlərində təhsil alması dəstəklənəcək".

Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bildirib ki, Türkiyə-Azərbaycan birliyinin sevincini yaşayırıq və bu birliyin daha da möhkəmlənməsini arzulayırıq: "Bizim arzumuz Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə də eşidilməsidir. Bugünkü konqres Qarabağ məsələsinin də dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında faydalı olacaq. Burada 100-dən çox alim iştirak edir. Türkiyə rəsmiləri ilk ziyarətlərini Azərbaycana, Azərbaycan rəsmiləri isə Türkiyəyə edirlər. Bu, çox önəmli məsələdir.

Bizim parlamentlərimiz Şuşa Bəyannaməsini də təsdiq edib. Həmin sənəddə ölkələrimizin daha da yaxınlaşmağına şərait yaradacaq məqamlar var. Azərbaycan-Türkiyə Universitetinin yaradılmasını önəmli hesab edirəm. Hətta gələn tədris ilindən bu təhsil müəssisəsinin fəaliyyətə başlamasını arzu edirəm. Mən ilk dəfə Şuşa və Füzuliyə gedəndə oralarla bağlı nələrisə bildiyimi düşünürdüm. Şuşadan qayıdanda bir yerdə dayandıq. Orada sual etdim ki, Füzuli haradadır? Dedilər ki, bura Füzulidir. Gördüm ki, orada bir şəhər yoxdur, hər yer xarabalığa çevrilib. Bunu edənlərin nə qədər mədəniyyət düşməni, qəddar olduğunu göstərmək lazımdır. Biz hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Hesab edirəm ki, bu tədbir çərçivəsində təxminən 30 davam edən işğal, verilən şəhidlər, ürək parçalayan Xocalı qətliamına alimlər tərəfindən diqqət çəkiləcək. Azərbaycan xalqı Qarabağ yaralarını yeni-yeni sarımağa başlayıb. Tarixçilərə, ədəbiyyatçılara, psixoloqlara, bu işğalın vurduğu ziyanı bizə anladacaq iqtisadçılara ehtiyacımız var".

Daha sonra isə Azərbaycan və Türkiyə arasındakı qardaşlığa həsr olunmuş videoklip nümayiş etdirilib.

Sonda isə xatirə fotosu çəkilib.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə