Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır. Təsadüfi deyil ki, müasir dövrümüzdə bir çox dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub və bu proses sürətlə davam edir. Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb. Azərbaycan Prezidentinin rəhbərliyi və təşəbbüsü ilə 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzlərinin yaradılması bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında inqilabi dəyişikliyə səbəb oldu. Bu gün ölkəmizin bir çox yerlərində Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Salyan və digər ərazilərdə "ASAN xidmət" mərkəzləri istifadəyə verilib. Bu günədək "ASAN xidmət" mərkəzlərinə 8 milyon 88 mindən çox vətəndaşın 52 milyondan çox müraciəti daxil olub. Regionlarda 10 səyyar "ASAN xidmət" avtobusu və səyyar "ASAN qatar" vasitəsilə də vətəndaşlara xidmətlər göstərilir. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.
BAKIDA 7 SAYLI "ASAN XİDMƏT" MƏRKƏZİNİN VƏ "BİLİM BAKI" MƏRKƏZİNİN AÇILIŞI GÖRÜLƏN İŞLƏRİN DAVAMIDIR
Ölkəmizdə xoşbəxt gələcəyimizə hesablanılan iri layihələr sırasında "ASAN xidmət"in özünəməxsus yeri var. Əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq olan "ASAN xidmət" mərkəzləri öz fəaliyyətini yüksək standartlar çərçivəsində qurur və inkişaf etdirir. Məhz bunun nəticəsidir ki, "ASAN xidmət" təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir. İndiyədək Dövlət Agentliyi və tabeliyindəki qurumlar öz fəaliyyətləri çərçivəsində 15 ölkə və 2 beynəlxalq təşkilatla müqavilələr imzalayıblar. Bu günlərdə Bakıda 7 saylı "ASAN xidmət" mərkəzinin və "Bilim Bakı" mərkəzinin açılışı görülən işlərin davamıdır. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər. Əlbəttə ki, bu dövlət başçılarının birliyinin və həmrəyliyinin daha bir nümunəsidir. Paytaxtda tikilmiş yeni "ASAN Həyat" Kompleksi üç hissədən ibarətdir. Kompleksdə 7 saylı Bakı "ASAN xidmət" mərkəzi və "INNOLAND", "Bilim Bakı" mərkəzi və ASAN İnnovativ İnkişaf Mərkəzi, həmçinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının yeni inzibati binası yerləşir.
Tikintisinə 2019-cu ildə başlanılan kompleksin iki hissəsi artıq istifadəyə verildi və üçüncü hissə isə cari ilin sonunadək hazır olacaq. Kompleksdə yerləşən "ASAN xidmət" mərkəzi Bakıda yeddinci, ümumilikdə ölkə üzrə 23-cü mərkəzdir. Mərkəz Bakıda xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq inşa edilib və ərazi məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərəcək. Ümumilikdə 288 əməkdaşın və 50 könüllünün çalışacağı mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 325-dən çox xidmət həyata keçiriləcək. Mərkəzdə "ABAD" publik hüquqi şəxsin sayca 11-ci etnobutiki, habelə 2-ci "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti də nəzərdə tutulur. "INNOLAND" Türkiyə, Macarıstan, Makedoniya, Koreya Respublikası, ABŞ, Almaniya, Litva və Estoniya kimi ölkələrdən olan təşkilatlarla beynəlxalq əməkdaşlıq qurub. Qeyd edək ki, "Bilim Bakı" mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə təsisçisi Selçuk Bayraktar olan Türkiyə Texnologiya Komandası Vəqfi arasında imzalanmış əməkdaşlıq barədə protokola əsasən yaradılıb. Mərkəzin fəaliyyəti ümumtəhsil mərkəzlərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönəlib, elmi biliklərin təcrübədə necə tətbiq olunduğunu müşahidə etmək imkanı yaradır. Mərkəzdə hər biri 20 şagird yerlik 6 laboratoriya fəaliyyət göstərəcək. Bunlar təbiət elmləri, texnologiya, riyaziyyat, astronomiya, kosmos və aviasiya, dizayn və sahibkarlıq laboratoriyalarıdır. "Bilim Bakı" mərkəzində perspektiv ehtiyacları nəzərə alan, layihə əsaslı, gündəlik həyat problemlərinin həllinə yönələn və şagirdlərə XXI əsrin bacarıqlarına yiyələnmək imkanı verən "Deneyap Texnologiya" proqramı həyata keçiriləcək. Xatırladaq ki, kompleksdə ASAN İnnovativ İnkişaf Mərkəzi də fəaliyyət göstərəcək. Bu mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət orqanlarında vətəndaşlara xidmət sahəsində kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə töhfə vermək, bilik və bacarıqların artırılması istiqamətində təlimlər həyata keçirməkdir.
"AZƏRBAYCAN İNDİ İNTELLEKTUAL MƏHSULLARI HƏM YARADIR, HƏM DƏ İXRAC EDİR"
"ASAN xidmət"in təkcə Azərbaycanda deyil, digər ölkələrdə də tətbiqi genişlənir. Bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldıran "ASAN xidmət" dövlət başçısının çıxışlarının birində bildirdiyi kimi, doğrudan da, ictimai xidmətlər, ümumiyyətlə, ictimai əlaqələr sahəsində bir inqilab olub: "Bu gün dünyanın aparıcı maliyyə qurumları bizim təcrübəmizi çox yüksək qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm yaradır, həm də ixrac edir. Bu, doğrudan da, çox böyük hadisədir". Azərbaycanın bu modelindən artıq dünya ölkələri bəhrələnir. Bir sıra beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığı qeyd olunmalıdır. Beynəlxalq qabaqcıl təcrübə kimi, bu gün "ASAN Xidmət"in fəaliyyəti Avropa Parlamenti, Böyük Britaniya parlamenti, Fransa, Almaniya və digər ölkələrdə yüksək dəyərləndirilir. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə də əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Dünyaya nümunə olan "ASAN Xidmət" modeli dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub. Bu gün ölkəmizdə mərkəzlərin sayı artmaqdadır. Qeyd edək ki, hazırda Azərbaycanda 22 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir, 5-nin isə inşası davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzlərinin yaradılması bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında təqdirəlayiqdir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB