YouTube, yoxsa sosial şəbəkələrə transformasiya olunan terror təhlükəsi? TƏNQİD RUHU+AKTUAL

YouTube, yoxsa sosial şəbəkələrə transformasiya olunan terror təhlükəsi? TƏNQİD RUHU+AKTUAL

Reket sosial medialar bu dəfə öz kirli əməllərini sosial şəbəkələr vasitəsi ilə cəmiyyətə sırıyırlar

Özünü jurnalist kimi görən, yaxud təqdim edən şəxsin ilk məsuliyyət hissi məhz qeyd edilən bu əsas amilə söykənməlidir – dövlətçilik maraqlarının qorunması! Əbəs deyil ki, dördüncü hakimiyyət adlandırılan media sahəsi həm də aparıcı peşələr siyahısında ən həssas məqamlardan biri kimi qeyd olunur. Yazılan hər yazı, edilən hər tənqid, irəli sürülən hər iddia, yayılan informasiyalar yüz ölçülüb-bir biçilməli, dövlətin maraqlarına xələl vurmamalı, auditoriyanı çaşqınlığa, fikir haçalığına salmamalıdır. Daha dəqiq desək, bu məsələdə yalnız dövlətçilik maraqları deyil, bütövlükdə cəmiyyətin maraqları da diqqətə alınmalı, həmçinin, sonrakı mərhələlərdə etik cəhət də nəzərə alınmaqla önəmli faktor kimi dərk edilməlidir.

Təəssüf ki, müasir dünyamızda, yəni informasiya sektorunun sürətlə sosial şəbəkələrə transformasiya olunduğu bir zamanda biz həmin faktorları nəinki müşahidə etmirik, əksinə, bir sıra xələllər gətirən arzuolunmaz faktlar qarşısında qalırıq. Buna isə media və ya sosial media adını vermək ümumiyyətlə mümkün deyil, bu bütövlükdə raketçilik ambisiyalarının sosial şəbəkələrə transformasiya olunması ilə yanaşı qeyri-rəsmi şəkildə “leqallaşması”, ictimai rəyə sırınması kimi də qiymətləndirilə bilər. Halbuki KİV haqqında qanunumuz mövcuddur və bu qanun kor-kor, gör-gör pozulur. Çünki həmin sferada fəaliyyət göstərən şəxslərin əksəriyyəti (yəni qeyri-peşəkar və dırnaqrarası “jurnalistlər” istisna olunmaqla-R.R.) məhz qəzetçilikdən, sayt rəhbərliklərindən gələnlərdən ibarətdirlər. Bu haqda fikirlərimi çatdırarkən ayrı-ayrılıqda adlar çəkməyə də lüzum görmədim. Sadəcə, dəlil və isbat budur ki, şəxsi mənfəətləri naminə dövlətilik maraqlarını əleyhimizə işləyən xarici qüvvələrə peşkəş edən həmin fərdlər nə qədər böyük səhvlərə yol verdiklərinin ya fərqinə varmırlar, ya da elə qəsdən həmin fəaliyyətlərini davam etdirirlər.

İctimai rəyə yalan informasiyalar sızdırıb bundan para qazananlar da, məhz həmin “cameəyə” aid olan kəslərdir!

Təbii ki, bu kimi məsələlərdə bir az da necə deyərlər, artistizm amili öz sözünü deyir. YouTube, Facebook, İnstagram, Tik-Tok və s. sosial şəbəkə platformalarında hay-haraylarla, səs-küylərlə, isterik çağırışlarla və qəsdən (!) minlərlə izləyiciləri aldadan, dövlətin maraqlarına qarşı çıxaran, ən kiçik məişət hadisəsini şişirdərək onu siyasiləşdirən bu vasitələrlə ikibaşlı oyunlar oynayan, maddi imkanlarını artıran sözdə “jurnalistlər” artıq peşəkarlıq cildlərini tərk etməklə birbaşa raketçilik “zirehini” əyinlərinə keçiriblər və bundan əsla utanmırlar. Əksinə, o da əbəs deyil ki, bir neçə gün bundan əvvəl saxta qazi məsələləri, habelə qazi adından sui-istifadələr ətrafında sosial şəbəkələrdə ictimai rəyə yalan informasiyalar sızdırıb bundan para qazananlar da, məhz həmin “cameəyə” aid olan kəslərdir!

Haqlı olaraq sual edilə bilər ki, əcəba, əgər belə hallar mövcuddursa, onların qarşısı nəyə görə zamanında alınmırdı? Haqlı sualdır, amma bu sualın da cavabı var. Azərbaycanda digər qanunlarla yanaşı, media, söz və ifadə azadlığı birbaşa demokratik prinsiplərə söykənir. Siyasi mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq istənilən şəxslər, o cümlədən, jurnalistika ilə məşğul olan adamlar da daxil sosial şəbəkələrdə, saytlarda azad fəaliyyətlərini qura bilərlər, amma bu vasitədən sui-istifadə etmək artıq qırmızı xətti keçmək anlamını daşıyır.

Bu gün jurnalistlər arasında belə bir deyim heç də elə-belə yaranmayıb – heyf, jurnalistikanın adını batırdılar, jurnalist peşəsi indi olub heç nə və s...

Əgər bir jurnalist təmsil olunduğu cameəyə hörmət bəsləmirsə, el dili ilə desək, yediyi qazana tüpürürsə, halal yollarla yaşayan, qanun çərçivəsində çalışan həmkarlarını da ictimai rəy qarşısında kölgədə qoyursa, artıq bu faktın özü qətiyyən heç bir çərçivəyə sığmır. Bu gün jurnalistlər arasında belə bir deyim heç də elə-belə yaranmayıb – heyf, jurnalistikanın adını batırdılar, jurnalist peşəsi indi olub heç nə və s...

Təbii ki, bütün bunların arxasında dayanan əsas arzuolunmaz reallıq yuxarıda qeyd edilənlərdir! Şantajçılıq, qərəz, təhqir, böhtan, qeyri-faktçılıq acı gerçəkliyi dünya-aləmi götürüb başına. İndi hər kəs məhz həmin reket jurnalistlərdən örnək götürmklə əllərində olan smartfonların videodüyməsini basır və dönür olur “bloger”. Daha haqqında bəhs edilən mövzunun səhihliyi, informasiyanın dəqiqliyi barədə heç kim düşünmür və beləcə yaşı az qala bir əsr yarıma çatan milli mətbuatımız dəhşətli girdaba doğru istiqamət alır və artıq SOS siqnalının verilməsinin tam zamanıdır. Ölkə mətbuatı belə parazitlərdən təmizlənməli, qanunlar sırf demokratik tələblər çərçivəsində bir az da sərtləşdirilməlidir, əks halda bizlər daha betər hadisələrin şahidlərinə çevrilməli olacağıq. Reket media mətbuat sahəsindən çıxaraq ictimai sahəyə sürətlə transformasiya olunub və bu, təəssüf ki, başlanğıcdır, amma atalarımızın bir misalı da var – dəmiri isti-isti döyərlər...

Hər kəs istədiyi vaxt istədiyi adda “TV kanalı” açıb sonra da istədiyi şəxslərə qarşı qərəz, şər-böhtan kampaniyaları apara bilər və onlara kimsə güldən ağır söz də deyə bilməz (?!-R.R.)

Belə bir mühitin daha çox YouTube sosial şəbəkəsində yaranması isə belə bir təəssürat yaradır – hər kəs istədiyi vaxt istədiyi adda “TV kanalı” açıb sonra da istədiyi şəxslərə qarşı qərəz, şər-böhtan kampaniyaları apara bilər və onlara kimsə güldən ağır söz də deyə bilməz (?!-R.R.)

Misal üçün, şirkətləri, iş adamlarını, sahibkarları hədəfə alanlar sonradan müəyyən etdikləri qanunsuz qazanc məbləğlərini tələb etməklə birbaşa cinayətkar əməllərə yol verirlər. Əgər bu gün YouTube-də isterika xarakterli hay-harayları vasitəsi ilə “sözünü deyən adamlar” varsa, həqiqətdə həmin adamların əksəriyyətini nə xalq, nə də millət qətiyyən maraqlandırmır. Onlar sadəcə sözügedən vasitələrlə xalqın, auditoriyanın “rəğbətini” qazanır və həmin “rəğbətlər” hesabına Türkiyədə, digər ölkələrdə ev-mülk, külli miqdarda vəsait sahiblərinə, “iş adamlarına” çevrilirlər.

Sarı mətbuatdan sarı monitora...

Bu məqamda biz üstəlik, daha bir təəssüfedici məqama da toxuna bilərik. Bu gün sosial şəbəkələrə çökmüş cəmiyyətin bir qismində ucuz xarakterli, söyüşlü, təhqirli məlumatlar daha çox izlənilir. Habelə, sosial şəbəkə “fenomenləri” də günün “əsas mövzularına” çevrilir.

Təkcə bir fakta diqqət yetirək. Bu günlərdə saytların bir çoxu “Tosu Zəngilanlı vəfat etdi” başlıqlı yazı ilə reytinq qırdılar və bu reytinqin nə cəmiyyətə, nə milli maraqlara nə bütövlükdə digər dəyərlərimizə heç bir aidiyyatı yoxdur, ola da bilməz. Təəssüfedici isə budur ki, xalq hazırda belə məntiqsiz informasiyalarla “qidalandırılır” (?!).

Beləliklə, bu kimi çoxsaylı halları təhlil elədikcə biz növbəti məsələləri də agah etmiş oluruq. Misal üçün, bir müddət əvvəl, elə indi də Avropada oturub “söyüş müxalifəti” ilə məşğul olanlar var idisə, indi həmin söyüş və təhqirlər ölkəmizin daxilində də yer alır. Bir sözlə, raketçilik, dələduzluq, şantajçılıq və qərəzçilik ayaq açıb yürümür, sürətlə qaçır və virus kimi cəmiyyətin alt şüuruna yayılır.

Erməni lobbisi söyüş müxalifətindən necə bəhrələnir?

Söz yox ki, istər qərəzli siyasi məqsədlər güdən, söyüşlərə söykənən, istərsə də qazanc mənbəyinə hesablanmış şər-böhtan vasitələri dərhal Azərbaycan əleyhinə fəaliyyət göstərən xarici qüvvələrin əlində “silaha” çevrilir. Və burada erməni lobbisinin də maraqları təmin edilir.

Belə olan halda həm reketçiliklə, həm də dövlət əleyhinə fəaliyyət göstərməklə YouTube və s. sosial şəbəkə kanallarında var-gəl edənlərə qarşı mütləq və təcili ölçülərin götürülməsinin vaxtı çatıb. Ümid edirik ki, müvafiq hüquq-mühafizə strukturlarımız da hərəkətə keçməklə artıq cəmiyyətimizin sağlam düşüncəsini zədələyən, korlayan, xalqımıza, milli mənəvi dəyərlərimizə zidd olan bu kimi acınacaqlı halların qarşısını operativ qaydada alacaqlar. Əks halda, bu problemlər ciddi mənəvi terror təhlükəsi kimi daha ağır fəsadlara yol aça bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə