Prezidentin Qarabağa hər səfəri Böyük Qayıdışı sürətləndirən addımlarla yadda qalır TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Böyük Qayıdış”ın birinci kiçik addımı bu gün atılır”

Prezident İlham Əliyevin işğaldan əzad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna gəliblər. Dövlətimizin başçısı və birinci xanım Zəngilan Beynəlxalq Hava Limanının və “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Daha sonra Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olunub. Birinci vitse-prezident Mehriban Əliyeva səfərlə bağlı paylaşım edib.

“HƏR KƏS BİLİR Kİ, AZƏRBAYCANLA HESABLAŞMAQ LAZIMDIR”

“Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir”. Bu fikirləri Prezident İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən deyib. Azərbaycanın iqtisadi cəhətdən müstəqil ölkə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərir. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir. Bu haqda Azərbaycan xalqı müntəzəm olaraq məlumatlandırılır”.

“BİZ GÜCLÜ OLMASAQ, İSTƏDİYİMİZ KİMİ YAŞAYA BİLMƏRİK”

Dövlət başçısı Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşdəki çıxışında dünyada güc amilinin ön planda olması və ölkəmizin öz gücünü artırmasının zəruriliyi məsələsinə də toxunub. Dövlət başçısı çıxışında bu barədə deyib: "Bu gün güc amili ön plandadır. Mən bu haqda hələ on il bundan əvvəl demişdim. Mənim çıxışlarımın hamısı mətbuatda var. Dedim ki, beynəlxalq hüquq işləmir. Biz özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Lazım olarsa düşməni güc yolu ilə torpağımızdan qovmalıyıq. Bunu demişəm də, bunu etmişəm də”.

Güc amilinin bundan sonra da dünyada hakim olacağını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Bunu indi yaxın tarix də göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki, dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd apara bilər. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur”.

“ƏSL MÜSTƏQİLLİK HƏYATIMIZ XALQ ULU ÖNDƏRƏ MÜRACİƏT EDİB ONU HAKİMİYYƏTƏ DƏVƏT EDƏNDƏN SONRA BAŞLAYIB”

Dövlət başçısı bildirib ki, ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşamışdır: “Düzdür, bir çox önəmli addımlar atılmışdır və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq. Ancaq, eyni zamanda, onu da bilməliyik ki, müstəqillik cəmi iki il çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, müstəqilliyi qoruya bilmədi və Azərbaycan xalqı azadlıqdan məhrum edildi. Bununla bərabər, hamımız yaxşı bilirik ki, o vaxt Ermənistan millətçiləri xalqımıza və gənc Xalq Cümhuriyyətinə qarşı təcavüzə başlamışdılar və bunun nəticəsində Azərbaycan xalqı böyük əzablar yaşamışdır”. Azərbaycan Prezidenti 1993-cü ildən başlayaraq xalqın Ulu Öndərə müraciət etdiyini və bundan sonra əsl müstəqillik həyatının başlandığını deyib: “1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Bu gün burada olmağımız, Ağalı kəndinin açılışında iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır”. “Nə XX əsrin əvvəllərində, nə də sonlarında müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. Ovaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Ancaq bu gün müstəqilliyimiz möhkəmdir və bunun nəticəsində biz İkinci Qarabağ müharibəsində Qələbə qazandıq, tarixi Qələbə qazandıq. Bunun nəticəsində düşməni diz çökdürdük və bunun nəticəsində bu gün biz buradayıq”, - deyə Prezident vurğulayıb.

“Siyasi və iqtisadi müstəqillik imkan verdi ki, biz öz həyatımızı bildiyimiz kimi quraq, Azərbaycan xalqının qədim ənənələri, dəyərləri əsasında dövlət quraq və bu dövlətdə rahat yaşayaq”, deyən dövlət başçısı bu gün dünyada gedən proseslərə toxunaraq deyib: “Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır, deyə bilərəm ki, adasıdır. Bunu artıq bütün dünya görür və bilir. Əlbəttə, biz müstəqil olmasaydıq, yəni, sözün əsl mənasında, müstəqil olmasaydıq, erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən hansı amillər olub, əlbəttə ki, xarici amillər”.

“BU GÜN GÖZƏL ZƏNGİLAN TORPAĞINDA HƏYAT QURURUQ”

“Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm milli ləyaqətimizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq»,-deyən Azərbaycan Prezidenti Zəngilana, başqa yerlərə, Şuşaya həyatın qayıtdığını deyib: «İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək”. Dövlət başçısı Zəngilanda böyük aqropark salındığını və bu il ilk məhsul götürüləcəyini də dedi: «Biz isə bundan sonra müzəffər xalq kimi yaşayacağıq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq. Bax, həyat qayıdır - Zəngilana, başqa yerlərə, Şuşaya. Yaxşı bilirsiniz ki, bu bölgənin inkişafı üçün nə qədər böyük işlər görülür. İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək”. Prezident bildirib ki, dünən Zəngilan şəhərinin Baş planı ilə tanış olub: “Hesab edirəm ki, ən gözəl variantı seçdik. Bu sahədə təcrübəsi olan beynəlxalq şirkət Baş planı təqdim etdi və mən dedim ki, Zəngilan şəhəri park şəhərinə çevrilməlidir. Yəni, Zəngilanın təbiəti o qədər gözəldir ki, biz təbiətə bir zərrə ziyan vurmamalıyıq, əksinə, təbiəti daha da zənginləşdirməliyik, xüsusilə nəzərə alsaq ki, ermənilər Bəsitçay təbii qoruğunu da məhv etmişlər. O məşhur palıd ağaclarını da kəsmişlər, Oxçuçayı da zəhərləmişlər. Vejnəlidə də bizim qızıl yataqlarımızı istismar edərkən heç bir ekoloji normaya riayət etməmişlər. Biz təbiəti qorumalıyıq və Zəngilan şəhərinin artıq dünən Baş planı təsdiq olunandan sonra inşaat işləri başlanacaq”. “Biz birinci layihəni icra etdik, bunu təqdim etdik, həm Ağalı kəndinin sakinlərinə, həm də bütün Azərbaycana. Bizim gələcək planlarımız da belədir”. Bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib. Dövlətimizin başçısı deyib ki, birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib və ilk növbədə, orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, əlbəttə ki, bütün qalan yerləri də bərpa edəcəyik. “Bu il də investisiya proqramı təsdiq olunub və proqrama əlavələr də ediləcək. Mən bu gün bunu bəyan etmək istəyirəm. Biz dövlət büdcəsinə əlavələr etməliyik, çünki iqtisadi göstəricilər daha yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha çoxdur. Ona görə biz bu əlavə gəlirləri və iqtisadi imkanlarımızı səfərbər etməliyik ki, vaxt itirmədən azad edilmiş torpaqlarda daha böyük həcmdə iş görək”, - deyə Prezident vurğulayıb.

“BÖYÜK QAYIDIŞ”IN BİRİNCİ KİÇİK ADDIMI BU GÜN ATILIR”

Azərbaycan Prezidenti qardaş ölkənin - Türkiyənin Prezidenti Azərbaycana gələcəyini və Müstəqillik Gününü bərabər qeyd edəcəklərini deyib: “Sabah qardaş ölkənin - Türkiyənin Prezidenti Azərbaycana gələcək və biz Müstəqillik Gününü bərabər qeyd edəcəyik. Ona görə mən bir gün əvvəl gəldim, amma yenə də Müstəqillik Günü ərəfəsində. Çünki bunun böyük rəmzi mənası var, budur müstəqillik, budur azadlıq”. “Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük Qayıdış” dediyimiz prosesə start verildi. “Böyük Qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

“BÜTÜN DÜNYA, APARICI ÖLKƏLƏR VƏ APARICI BEYNƏLXALQ TƏŞKİLATLAR YENİ REALLIQLARI QƏBUL EDİBLƏR”

Azərbaycan Prezidenti, həmçinin onu da bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub və indi postmünaqişə dövrüdür. Dövlətimizin başçısı deyib ki, postmünaqişə dövründə də biz gündəliyi diktə edirik və müharibədən keçən ilyarım ərzində nəyi istəmişiksə ona nail olmuşuq: “Nəyi demişəmsə buna biz nail olmuşuq, ya da ki, nail oluruq. Birincisi, bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Bu, çox vacib idi, çünki başqa cür də ola bilərdi. Bu, bizim çox böyük siyasi uğurumuzdur. İkincisi, bizim gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür”.

“BİZ QALİB DÖVLƏTİK, ERMƏNİSTAN MƏĞLUB EDİLMİŞ DÖVLƏTDİR, BU REALLIĞI HƏR KƏS QƏBUL ETMƏLİDİR VƏ EDİR”

“Biz demişdik ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan bundan boyun qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Amma nəticə etibarilə biz buna da nail olduq və artıq Azərbaycan öz işçi qrupunu müəyyən edib”. Bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib. Dövlətimizin başçısı deyib ki, daha bir vacib məsələ, Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına baxın, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Yəni, biz buna da nail oluruq: «Yəni, biz gündəliyi diktə edirik. Nəyin hesabına? Əlbəttə ki, müharibənin nəticələrinin hesabına. Çünki biz qalib dövlətik, Ermənistan məğlub edilmiş dövlətdir. Bu reallığı hər kəs qəbul etməlidir və edir. Əlbəttə ki, bu amil Azərbaycan-Ermənistan təmasları əsnasında ön plandadır».

“ERMƏNİSTAN NƏ HƏRBİ, NƏ SİYASİ, NƏ İQTİSADİ CƏHƏTDƏN, HƏTTA ORTA SƏVİYYƏLİ DÖVLƏT SAYILA BİLMƏZ”

“Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir»,- deyən Prezident İlham Əliyev vurğulayıb ki, biz iqtisadi cəhətdən müstəqilik: «Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərib. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir. Bu haqda Azərbaycan xalqı müntəzəm olaraq məlumatlandırılır”. Prezident İlham Əliyev bildirib ki, siyasi və iqtisadi müstəqillik imkan verdi ki, biz öz həyatımızı bildiyimiz kimi quraq, Azərbaycan xalqının qədim ənənələri, dəyərləri əsasında dövlət quraq və bu dövlətdə rahat yaşayaq: “Bu gün dünyada gedən proseslər hər birimizin gözü önündədir. Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır, deyə bilərəm ki, adasıdır. Bunu artıq bütün dünya görür və bilir. Əlbəttə, biz müstəqil olmasaydıq, yəni, sözün əsl mənasında, müstəqil olmasaydıq, erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən hansı amillər olub, əlbəttə ki, xarici amillər. Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz. İndi Ermənistandakı vəziyyət göz qabağındadır. Əlbəttə, biz bu xarici amilləri nəzərə almalıyıq. Amma, eyni zamanda, bu, bizi dayandıra bilməzdi. Müharibənin ilk günlərindən son gününə qədər mən demişdim ki, heç kim və heç nə bizi dayandıra bilməz. Ancaq Ermənistan rəhbərliyi bizə tarix verməlidir, nə vaxt bizim torpağımızdan rədd olur, onda biz dayanmağa hazırıq və sözümüzə də əməl etdik. Ona görə əgər müstəqil siyasət aparmasaydıq, ola bilər ki, bu xarici amillər, Ermənistanın xarici havadarları, onların bəzilərinin bizə hədə-qorxu gəlməsi bizi bu işdən çəkindirə bilərdi. Ancaq çəkindirmədi. Çünki güclü iradə göstərdik, xalqımız birləşdi və bunun da təməlində, əlbəttə ki, həmrəylik, milli qürur, ləyaqət və güc dayanır”.

“ERMƏNİLƏRİN İSTƏR QARABAĞDA, İSTƏR BAŞQA YERLƏRDƏ YAŞAMASINDA HEÇ BİR PROBLEM YOXDUR”

“Əlbəttə, bu gün postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu söz həlledicidir. Amma bununla bərabər, biz heç bir qeyri-real tələb də irəli sürmürük. Biz deyirik ki, ərazi bütövlüyümüzü tanıyın, gəlin sərhədləri müəyyən edək, hərə öz ölkəsində yaşasın, bir-birinin işinə qarışmasın”, - deyən dövlət başçısı bildirib ki, sülh müqaviləsinə əməl olunmalıdır: “Biz bunu deyirik və mənim tərəfimdən irəli sürülmüş sülh müqaviləsi üçün 5 əsas prinsipin mahiyyəti də budur. O cümlədən bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır və Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib. İndi nə isə əlavə etmək istəyir, amma əsas fundamental prinsiplər budur. O ki qaldı, ermənilərin Azərbaycanda yaşamasına - istər Qarabağ bölgəsində, istər başqa yerlərdə bu məsələdə heç bir problem yoxdur”.

“MÜHARİBƏDƏN SONRA YENİ SİLAHLI BİRLƏŞMƏLƏR YARADILIR, YENİ TEXNİKA ALINIR”

“Bu gün güc amili ön plandadır. Mən bu haqda hələ on il bundan əvvəl demişdim. Mənim çıxışlarımın hamısı mətbuatda var. Dedim ki, beynəlxalq hüquq işləmir. Biz özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Lazım olarsa, düşməni güc yolu ilə torpağımızdan qovmalıyıq”. Bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib. Dövlət başçısı bir daha işğalçı dövlətə və onlara dəstək olanlara növbəti mesajını verdi: «Bunu demişəm də, bunu etmişəm də. Bundan sonra da güc amili dünyada hakim olacaq. Bunu indi yaxın tarix də göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki, dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılır, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd aparır. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur».

“POSTMÜNAQİŞƏ GÜNDƏLİYİNİN FORMALAŞMASINDA AZƏRBAYCAN ÖZ SÖZÜNÜ DEYİR VƏ BU SÖZ HƏLLEDİCİDİR”

Dövlət başçısı, həmçinin bildirib ki, bu gün postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu söz həlledicidir. Amma bununla bərabər, biz heç bir qeyri-real tələb də irəli sürmürük: «Biz deyirik ki, ərazi bütövlüyümüzü tanıyın, gəlin sərhədləri müəyyən edək, hərə öz ölkəsində yaşasın, bir-birinin işinə qarışmasın. Biz bunu deyirik və mənim tərəfimdən irəli sürülmüş sülh müqaviləsi üçün 5 əsas prinsipin mahiyyəti də budur. O cümlədən bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır və Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib. İndi nə isə əlavə etmək istəyir, amma əsas fundamental prinsiplər budur».

Ermənilərin Azərbaycanda, o cümlədən Qarabağ bölgəsində yaşaması məsələsinə toxunan Prezident İlham Əliyev deyib ki, burada heç bir problem yoxdur: «Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Burada hansısa xüsusi imtiyazdan söhbət gedə bilməz».

“ƏGƏR İSTƏMİRLƏRSƏ Kİ, ONLARIN BAŞI BİR DAHA ƏZİLSİN, OTURSUNLAR VƏ BU TƏRƏFƏ HEÇ BAXMASINLAR”

“Mən nə üçün bunu deyirəm, çünki Ermənistanda faşistlər hələ, necə deyərlər, baş qaldırmağa cəhd göstərirlər və onlara elə gəlir ki, əgər onlar hakimiyyətdə olsaydılar müharibənin nəticələri başqa cür ola bilərdi. Qətiyyən yox!”. Bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ctimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib. Dövlət başçısı deyib ki, onlara elə gəlir ki, əgər onlar hakimiyyətə gəlsələr, nə isə əldə edə bilərlər: “Qətiyyən yox! Əksinə, əgər istəmirlərsə ki, onların başı bir daha əzilsin, otursunlar və bu tərəfə heç baxmasınlar. Biz hələ ki, səbirlə bu mənzərəni izləyirik. Amma bunu Ermənistan faşistləri - bizə hürməyə çalışan faşistlər bilsinlər ki, hər an onların dərsini verməyə bir daha hazırıq, necə ki, İkinci Qarabağ müharibəsi zamanı. İndi kimdir Ermənistanda meydan sulayan? İkinci Qarabağ müharibəsi zamanı Qarabağdan dovşan kimi qaçan Sarkisyan-Koçaryan cütlüyü. Əgər onlar belə qəhrəman idilərsə, niyə qaçmışdılar? Oturardılar, vuruşardılar. Hər ikisi Xankəndidə idi, o cümlədən onların keçmiş müdafiə naziri. İndi bizi hədələməyə çalışırlar. Niyə qaçmısınız dovşan kimi? Axı, gərək bunu unutmasınlar. Bizim gücümüzü hər an görüb buna adekvat addım atsınlar”.

“BRÜSSEL GÖRÜŞÜNÜN RƏSMİ AÇIQLAMASINDA DƏMİR VƏ AVTOMOBİL YOLLARININ MEHRİDƏN, ZƏNGƏZURDAN KEÇMƏSİ MÜƏYYƏN OLUNUB”

Prezident İlham Əliyev bildirib ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır, Ermənistan bundan boyun qaçırmağa can atırdı: “Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Amma nəticə etibarilə biz buna da nail olduq və artıq Azərbaycan öz işçi qrupunu müəyyən edib. Daha bir vacib məsələ, Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına baxın, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Yəni, biz buna da nail oluruq və mən demişdim ki, nail olacağıq. Yəni, biz gündəliyi diktə edirik. Nəyin hesabına? Əlbəttə ki, müharibənin nəticələrinin hesabına. Çünki biz qalib dövlətik, Ermənistan məğlub edilmiş dövlətdir. Bu reallığı hər kəs qəbul etməlidir və edir. Əlbəttə ki, bu amil Azərbaycan-Ermənistan təmasları əsnasında ön plandadır.

Digər səbəb nədir? Bizim gücümüz. Ermənistan xarici dəstək olmadan ayaqda dura bilməz. Bunu onlar da yaxşı bilirlər. Amma biz? Biz müharibəni bütün təzyiqlərə, hədə-qorxulara rəğmən elə aparmışıq və istədiyimizə nail olmuşuq. “Öldü var, döndü yoxdur” demişik, buna əməl etmişik və indi qalib xalq kimi üzümüz ağ, alnımız açıq yaşayırıq”. “Mən Prezident kimi hər dəfə bu cəhdləri dəf edəndə xalqa arxalanıram, dövlətimizin gücünə arxalanıram, o cümlədən hərbi, iqtisadi və siyasi gücünə. 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi”,- deyən Azərbaycan Prezidenti vurğulayıb ki, biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə aparmamışıq: “Biz ermənilərdən fərqli olaraq etnik təmizləmə aparmamışıq. Biz Ermənistandan fərqli olaraq şəhər və kəndləri yerlə-yeksan etməmişik. Biz azərbaycanlıyıq, bu, bizə yaraşmaz. Bizim təfəkkürümüz, bizim adət-ənənələrimiz və dədə-babalardan qalan miras bunu qoymaz. Bütün dünya bunu gördü ki, azərbaycanlılar necə məharətlə, peşəkarlıqla, fədakarlıqla və ləyaqətlə vuruşdular, öz vəzifə borclarını yerinə yetirdilər və Qarabağ münaqişəsini müharibədən sonra siyasi yollarla həll etdilər. Biz bu məsələni həll etmişik, Ermənistan istəsə də, istəməsə də bunu bütün dünya qəbul edir. Biz Dağlıq Qarabağ münaqişəsini həll etmişik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Qaldı ki, Dağlıq Qarabağ inzibati ərazisinə, bu ərazi Azərbaycan ərazisində yoxdur. Ona görə beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ sözü yoxdur və son Brüssel görüşü bunu bir daha göstərdi. Düzdür, Ermənistanda indi bu məsələ ilə bağlı yenə də hay-haray qaldırıblar və necə deyərlər, başlarını divara vururlar, amma bu, reallıqdır və onlar bu reallıqla barışmağa məcburdurlar”.

“AZAD EDİLMİŞ ƏRAZİLƏRİN MİQYASI DÖRD LÜKSEMBURQ QƏDƏRDİR, BİR LİVANA BƏRABƏRDİR”

“Ancaq hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur”. Bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib. Dövlət başçısı vurğulayıb ki, onu da hamımız bilməliyik ki, minatəmizləmə işi hələ də davam edir və əlbəttə ki, burada hər şey, bütün ərazilər minalardan təmizlənib: “Əlbəttə, burada yaşayacaq insanlar bunu nəzərə almalıdırlar ki, ancaq minalardan təmizlənmiş ərazilərə gedə bilərlər. Çünki bu təhlükə hələ də var, ermənilər həm işğal zamanı, həm də müharibədən sonra torpağımızdan çıxmaq üçün onlara vaxt verildiyi zaman yenə də bu çirkin əməllərə əl ataraq bir çox minalar basdırmışlar”.

“AĞALI KƏNDİNİN GENİŞLƏNDİRİLMƏSİ VƏ ƏLAVƏ 150 EVİN İNŞA EDİLMƏSİ NƏZƏRDƏ TUTULUR”

Azərbaycan Prezidenti işğaldan azad olunmuş torpaqlarda pilot layihə ilə bağlı məlumat verib. Bildirib ki, əlbəttə ki, bunu artıq bilməyən yoxdur, birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində: «İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Bu gün bu kəndlə tanış olarkən, - bilirsiniz, mən dəfələrlə burada olmuşam, - görürəm ki, doğrudan da böyük, necə deyərlər, mütərəqqi bir addım atmışıq. Bilirəm ki, Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Ona görə yeni layihə təqdim edildi. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək, hər şey burada var. Bir o qalıb ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq. Bundan sonra həm Zəngilan rayonunda, həm digər rayonlarda, indi Baş planları təsdiq edilmiş rayonlarda inşaat işləri daha sürətlə gedəcək". Bir sözlə, dövlət başçımızın işğaldan azad edilmiş ərazilərə səfərləri və səfərlər zamanı ən qısa zamanda görülən işlər və bu istiqamətdə gedən bütün işlərə birbaşa Azərbaycan Prezidenti tərəfindən ciddi şəkildə nəzarət olunması, Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək. Dövlət başçımızın dediyi kimi: «Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük Qayıdış” dediyimiz prosesə start verildi. “Böyük Qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır».

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...