“Bəzi siyasi təşkilatlar qərəzli maraqlı güc mərkəzlərinin dəyirmanına su tökürlər” AÇIQLAMA

“Ölkədə iqtidarın yüksək ranqlı məmurunun müxalifət partiyaların liderləri ilə davamlı olaraq keçirdiyi görüşlər və bu görüşlərdə ölkənin ictimai siyasi, sosial iqtisadi məzmun daşıyan problemləri ətrafında aparılan müzakirələr siyasi sistemin təkmilləşdirilməsi, iqtidar və müxalifət arasında münasibətlərin sivil çərçivədə inkişaf etdirilməsi, konstruktivizmin təmin edilməsi baxımından ciddi əhəmiyyət kəsb edir”. Bunu “Səs” qəzetinə açıqlamasında MDHP sədr müavini, politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, ölkənin mövcud problemləri, onları doğuran səbəblər, cəmiyyətdəki sosial kataklizmlərlə bağlı məsələlərə fərqli baxış və mövqelərin olmasına baxmayaraq aparılan dialoq ölkədə siyasi sabitliyin təmin olunmasında, fərqli siyasi, ideoloji konsepsiyalara malik olan siyasi partiyalar arasında münasibətlərin əsassız ittiham, radikalizmə deyil, konstruktiv əməkdaşlıq mühitində inkişafına əlverişli və münbit şərait yaradır: “Konstruktiv dialoq demokratiyanın təməl prinsiplərinə sayğı və ehtiramın nümayiş etdirilməsi ilə çoxluğun iradəsinin gözlənilməsi, azlığın isə konstitusion hüquqlarına hörmətin saxlanılması baxımından da hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunda müstəsna əhəmiyyətə malik arqumentlərdir. Sosial, iqtisadi, hüquqi və siyasi sistemdə islahatlara olan ehtiyacın meyarı məhz bu səpkili danışıqlar dönəmində müəyyən edilir”.

E.Manafov onu da bildirdi ki, cəmiyyətdə milli birlik və vəhdətin bərqərar olmasında, siyasi baxışlarından asılı olmayaraq vətəndaşların azərbaycabçılığın məfkurə dəyərləri ətrafında toparlanmasında aparılan dialoq siyasətinin özüməxsus rolu var: “Əslində, Ermənistana qarşı apardığımız müharibədə cəmiyyətdəki konsolidasiya, milli birlik və vəhdətin əldə edilməsi 44 günlük savaşda əldə etdiyimiz qələbənin mühüm səbəblərindən olmuşdur. Sağ müxalifəti təmsil edən məlum siyasi partiyanın iqtidarın dialoq təkliflərinə olan fərqli münasibət və mövqeyi isə onların iqtidarın daxili və xarici siyasəti ilə bağlı məsələlərə fərqli mövqe və baxışlarından irəli gəlir, ümummilli səciyyə təşkil edən problemlərə müxalifətin radikal kəsimini təşkil edən bu partiyaların mövqeyi əlbəttə korporativ mahiyyət kəsb edir və sırf fərqə maraqlarından irəli gəlir. İqtidarla münasibətləri sağlam məntiq, konstruktiv tənqid və təkliflər üzərində qura bilməyən bu siyasi təşkilatlar təəssüf ki, bununla dolayısı yolla da olsa ölkəmizdə qərəzli maraqları olan məlum güc mərkəzlərinin dəyirmanına su tökür, bununla da “5-ci kolonun” təmsilçiləri statusunda ölkədə ictimai rəyə təsir göstərmək, onu məlum hədəflərə kökləmək, bağlamaq istəyirlər, hərçənd məlum təşkilatların fəaliyyətində bu tendensiyaların olub olmaması ilə bağlı məsələlərə dövlətin xüsusi xidmət orqanları aydınlıq gətirməlidirlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...