Haradan haraya: Türkiyə-Azərbaycan qardaşlığı və iki liderin ən çətin anların sınağından çıxan tarixi zəfəri TƏHLİL

AZƏRBAYCAN PREZİDENTİ: “Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir"

TÜRKİYƏ PREZİDENTİ: “Azərbaycan yalqız deyil, Türkiyə Azərbaycanın yanındadır”

Bəli, bu dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət» tezisinə əsaslanan reallığın təcəssümü, “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimiz” – deyən böyük Mustafa Kamal Atatürkün sözlərinin sübutu, böyük türk qardaşlığının təntənəsi idi. Sözsüz ki, bu, danılmaz faktordur ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr. Ən əsas amil isə ən çətin anlarda bir-birinin yanında olmaq. Qeyd edək ki, Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Belə ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır". Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstərmişlər.

Tarixi dostluq, qarşılıqlı etimad və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri gündən-günə möhkəmlənir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”. Bəli, bu gün Türkiyə-Azərbaycan münasibətləri öz tarixinin ən yüksək zirvəsindədir. Tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bir birinə bu qədər yaxın olmayıblar. Vaxtilə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilmədi. Amma indi Türkiyə tam şəkildə Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı tamamilə realizə olunur. Bu gün tarixi, mədəniyyət və digər əsaslarla yanaşı, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın yürütdükləri siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir. Bu gün Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sayəsində bütün istiqamətlərdə müstəqil qərar verən, milli maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran güclü dövlətlərdir. Qardaş Türkiyə torpaqlarımızı geri almaqda Azərbaycanla birlikdə mübarizə apardı. Dünyada heç bir belə iki dövlət tapılmaz ki, bir-birinə bu cür dəstək versin. “Bir millət, iki dövlət” meydanda da özünü açıq şəkildə göstərdi və göstərməkdədir. Türkiyə İkinci Qarabağ müharibəsinin ilk günündən sonuna qədər “Dost və qardaş Azərbaycanın yanındayıq, yanında olmağa davam edəcəyik” dedi. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, düşünülmüş diplomatik gedişləri, xüsusən “... Əgər bu münaqişədə qırmızı xəttimiz keçilərsə, inciməsinlər, babamızın oğlu da olsa, gözümüz görməz” ifadələri Azərbaycanın işğalda olan ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlarına böyük təsir göstərdi.

2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması bunun əyani təsdiqidir. Qarabağın tacı Şuşa şəhərində iki dost arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. İki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Azərbaycan və Türkiyənin liderliyi ilə yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcı kimi dəyərləndirilir. 44 günlük Vətən müharibəsinin uğurlu davamı olan Şuşa Bəyannaməsi, həmçinin ermənilərə və onların havadarlarına da tutarlı bir cavab oldu. Bununla da Qarabağ məsələsinin başa çatdığı, münaqişənin tamamilə həll olunduğu qətiləşdirildi. Bu tarixi sənədin imzalanması bir daha təsdiq etdi ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri gündən-günə möhkəmlənir. Bütün bunlar hamımızı qürurlandırır…Bu gün iki qardaş ölkənin sarsılmaz, möhkəm bağlılıqları bütün sahələri əhatə etməsi ilə yanaşı, qlobal dünyaya yeni çağırışlar sərgiləməkdədir.

BİNƏLİ YILDIRIM BU GÜN TÜRKİYƏ –AZƏRBAYCAN BİRLİYİNİN, QARDAŞLIĞININ HEÇ VAXT BİR-BİRİNƏ BU QƏDƏR YAXIN OLMADIĞI MESAJI BÜTÜN DÜNYAYA GÖNDƏRƏ BİLDİ

Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın Türkiyə ilə Azərbaycan arasında olan müttəfiqlik münasibətlərinin bu qədər yaxın olmadığı mesajını dünyaya çatdıra bildi. “Vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Preizdent Ərdoğan bildirir ki, “Qarabağ sizin haqq işinizdir”, deyə xatırladan Binəli Yıldırım həm də bir mühüm amili diqqətə çatdırmaq istəyib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir və tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər bir-birinə yaxın olmayıblar. Eyni zamanda, vaxtilə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilməmişdi. Amma indi Türkiyə tam şəkildə və birmənalı olaraq Azərbaycanın yanındadır, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir!

"BİR MİLLƏT, İKİ DÖVLƏTİN" REALLAŞAN QARDAŞLIĞIN

Türkiyə də 90-cı illərin Türkiyəsi deyil. Heç Azərbaycan da o Azərbaycan deyil. Hər iki dövlət öz müstəqil inkişaf yolunu tutub, möhkəmlənib. Öz ayaqlarının üzərində dayanıb. Türkiyə öz bölgəsini də aşaraq dünya gücünə çevrilmək yolunda irəliləyib. Azərbaycan Qarabağda qələbələr qazanaraq qalib ölkə kimi başqa xalqlara da ümid, ruh verib. Azərbaycan və Türkiyə indi daha fərqli birgəlik dövrü yaşayır. “Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rizə-Artvin Hava Limanının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Prezident vurğulayıb ki, biz hər zaman bir yerdəyik - xoş günlərdə də, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərib: “İlk saatlardan savaşın son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi. İkinci Qarabağ savaşı bizim müştərək, şanlı tariximizdir, 30 illik işğala son qoyduq. Savaşın ilk günündə hörmətli Prezident, qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalqız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxu üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər, Şuşa şəhərində Azərbaycanın bayrağı ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi. Azərbaycan xalqı bu qardaşlığı heç vaxt unutmayacaq”. Bəli, bu faktlar bir daha onu göstərir ki, bu gün trixi köklərə bağlanan qardaşlıq birliyi bundan sonra da daha da möhkəmlənəcək. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Qırx dörd günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun - Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi. Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq". Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbaycanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Göründüyü kimi, bütün bunlar bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir. Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Tezliklə, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Dövlət başçımızın dediyi kimi: "Bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq".

GÜCLƏNƏN BİR AZƏRBAYCAN, GÜCLƏNƏN BİR TÜRKİYƏ VARDIR

Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq. Çünki bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir və bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Bütün bunların fonunda Prezident İlham Əliyevin bu gün Türkiyə üçün önəmli bir gündə qardaş ölkədə olması olduqca əlamətdar bir hadisədir. Bir sözlə, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir.

Bir sözlə, iki güclü ölkənin liderləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin dəmir siyasəti daha da möhkəmlənəcək, tarixi köklərə malik olan bu birlik, həmrəylik, sarsılmaz qardaşlıq münasibətləri bundan sonra da daha da inkişaf edərək dünyaya nümunə olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə